Fazil Mustafa: “İraqda ikinci İran dövləti yaranıb”

 
Türk İslam Araşdırmalar Mərkəzi "Tarixdən günümüzə Mosul-Kərkük" adlı elmi konfrans keçirib. 
 
Tədbirdə Milli Məclisin deputatı Fazil Mustafa, tarixçi alim Əkbər Nəcəf və digərləri iştirak edib.
 
Tarixçi alim Telman Nüsrətoğlu tədbiri giriş sözü ilə açaraq keçirilən konfransın əsas məqsədi barədə iştirakçılara məlumat verib:
 
"Bu gün Türkiyə Cumhuriyyətinin qurulmasının 93-cü ildönümüdür. Eyni zamanda Zəngilan rayonunun işğalı günüdür. Məhz bu gün görüşməyimizdə əsas məqsəd bir araya gəlib milli məsələləri müzakirə etməkdir. Bu gün ümumi türk dünyasında ciddi proseslər cərəyan edir. Tarixdən ibrət almasaq tarix bizim yaxamızdan əl çəkməyəcək. Bu mənada tarixdən dərs almaq çox önəmlidir".
 
Daha sonra çıxış edən deputat Fazil Mustafa Mosul ətrafında yaranmış siyasi proseslərə toxunub:
 
"Türkmən faktoru bu gün Azərbaycan üçün 2-ci bir faktora çevrilib. Bu da səbəbsiz deyil. Bu, siyasi coğrafiyanın yaratdığı bir məsələdir. Siyasi coğrafiyadan başqa həm də arada inteqrasiyanın kifayət qədər olmaması, dövlətlər arasında siyasi münasibətlər çərçivəsində bir irəliləyiş yaranmamasıdır.
 
Dövlətlər arasında yaxınlaşma olmalı və bu da mütləq cəmiyyətdə öz əksini tapmalıdır. Amma bütövlükdə mənəvi duyğular var və bu duyğulardan irəli gələrək bizim hansısa ərazidə yaşayan insanlara ayrıca bir simpatiyamız olmalıdır. İstər türkçülük, istərsə də İslam duyğusundan. Məsələyə də elə əsasən bu kontesktdən yanaşmalıyıq. Bizim bu bölgəyə hər hansı bir şəkildə ayrıca müdaxilə etmək, kömək göstərmək imkanlarımız demək olar ki, yox səviyyəsindədir. Amma yenə də dediyim kimi biz mənəvi duyğularımızla, Türkiyə üzərindən nələrinsə edilməsi baxımından fikirlərimizi səsləndirə bilərik.
 
Hələ 25 il bundan əvvəl Türkiyədə belə bir fikir formalaşmışdı ki, o bölgəyə dəstək olmasa məhv olacaq və bu gün artıq bu nəticə ortadadır. Bəzən fikirlər səslənir ki, Türkiyənin bölgəyə müdaxiləsi səhv addımdır. Əslində diqqətlə yanaşsaq görəik ki, səhv addım deyilən bir şey yoxdur. Zamanında siyasi proseslər nəticəsində Amerika Briləşmiş Ştatları bütövlükdə bu bölgəni öz istədiyi istiqamətdə formalaşdıraraq, məsələnin həllini tamamilə öz üzərinə götürüb Türkiyəni kənarda saxlamışdı. Beləliklə ABŞ müttəfiqliq əxlaqına, prinsipinə əməl etməyib. Müttəfiqliq əxlaqının pozulması Türkiyəni yeni axtarışlar riskinə getməsinə səbəb olub.
 
Bir çox hallarda bizim də cəmiyyətimizin içində sanki Türkiyənin orda əzilməyini istəyən, bu əhval-ruhiyyədə olanlar var. Bu, çox təhlükəlidir. Bizim üçün bu gün türkmən məsələsinə baxış İran üzərindən olmamalıdır.
Biz Türkiyə siyasəti üzərindən baxış ilə türkmənlərin xilas olması üçün nəsə edə bilərik. Bu gün bir reallığı bilmək lazımdır ki, İraqda bu gün  ikinci İran dövləti yaranıb. Bu bizim üçün də eləcə də türk dünyası üçün təhlükəlidir. Ona görə də Azərbaycan bununla bağlı müstəqil siyasət yürütməlidir”.
 
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) əməkdaşı Nazim Cəfərsoy, tarixçi alim Əkbər Nəcəf də mövzu ilə əlaqədar çıxışlar ediblər.
 
Tarxiçi alim Əkbər Nəcəf qeyd edib ki, Mosul ətrafında yaranmış proseslər təkcə həmin bölgənin deyil, həm də tarixi əhəmiyyətli mədəniyyət nümunələrinin məhv olmasına gətirib çıxarır:
 
“Bu bölgənin tarixi əhəmiyyəti çox böyükdür. Bu gün Hələb kimi gözəl bir şəhər demək olar ki, yox olub. Bununla yanaşı həm də gözəl, tarixi əhəmiyyətli mədəniyyət nümunələri də məhv edilir”.
 
Milli Elmlər Akademiyasının əməkdaşı Yasəmən Qaraqoyunlu da Yaxın Şərqdə baş verənləri təhlil edib:
“Bu günün əsas sualı, hədəfi Yaxın Şərqdə yaranacaq yeni formasiyada Türkiyə və türk mərkəzində yeni Yaxın Şərq siyasətinin formalaşması ilə bağlıdır. Ancaq bununla bərabər Türkiyənin özünün dövlət bütövlüyünü qoruyub saxlaya bilməsi sual altındadır. Türkiyə Anadolu bölgəsinə sıxışdırıldıqdan sonra təxminən Yaxın Şərqdən 80-90 il uzaqlaşdırıldı və Türkiyənin bununla bağlı yeni siyasəti uzun müddət ortada görünmədi. Türkiyənin Yaxın Şərqdəki məğlubiyyəti SSRİ-nin Əfqanıstan müharibəsində daha da aydın oldu. Diqqət edin, Türkiyə İraqda, Suriyada məğlub olanda İran qalib gəlir. Orta Doğuda İranın bir siyasəti var və proseslərin arxasında İran həm qalib, həm də söz sahibi kimi çıxır. Bu isə həm Azərbaycan, həm Türkiyə, həm də Güney Azərbaycanı təhdid altına alır”.
 
Tədbir geniş müzakirələrlə davam edib.