Faşizmdən də qorxulu...

Rusiya həmişə güclə hesablaşıb geri çəkilən dövlət, imperiya olub. Bunu indi təkcə biz demirik.
 “Güc” dedikdə öncəliklə hərbi qüdrət nəzərdə tutulur şübhəsiz - necə ki, Kreml “Su 24” insidentindən sonra Türkiyənin hərbi gücü ilə hesablaşıb geri verdi. Ona kimi hətta NATO-nun bir çox dövlətləri Moskvadan “tük tökürdülər”. Türkiyə isə Rusiyanın aqressiv qürurunu sındırıb Avropaya mənəvi rahatlıq bəxş elədi, onun qaçan “yuxusunu” qaytardı.    
Belə bir dövlətə qonşu olmaq bişəkk, ikiqat təhlükəlidir. Üstəlik, nəzərə alanda ki, Rusiya imzaladığı iki və ya çoxtərəfli beynəlxalq sazişlərə də yeri gələndə asanca tüpürə bilir, o zaman vəziyyət daha da tündləşir – Rusiya ilə həmsərhəd ölkələr üçün.
İkicə fakt: biri odur ki, Moskva 1995-ci ildə ABŞ, Böyük Britaniya və Ukrayna ilə birgə imzaladığı, Ukraynanın nüvə silahından imtina qarşılığında onun ərazi bütövlüyü və suverenliyini tanıyan Budapeşt sənədini 19 il sonra - 2014-cü ilin martında Krımı ilhaq eləməklə sıfırladı. Digər fakt 2008-ci ildə qonşu Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin de-fakto işğalı idi.
Rusiya tarixi boyu beləcə müttəfiqlik, dostluq məsələlərinə barmaqarası baxıb, daha doğrusu, öz maraqlarını və imperiyanı qorumaq naminə dost-düşmənlərin yerini asanca dəyişib.
Ötən il Rusiya Dövlət Dumasının qəbul elədiyi bir qərar bu xüsusda unikallığı ilə fərqlənirdi və “şedevr” sayıla bilər. Qərara görə, beynəlxalq qanunlar Rusiya qanunları və Konstitusiyası ilə ziddiyyət təşkil elədikdə Rusiya qanunları üstün sayılacaq. Buna kimi isə hər bir normal ölkədə olduğu kimi, əksinə idi.
Nə demək idi bu? O deməkdi ki, “Krımı düz edib işğal eləmişik, heç kim bizə buna görə irad tuta bilməz, çünki beynəlxalq qanunu pozmamışıq”. O deməkdir ki, “sabah Dağlıq Qarabağı da beynəlxalq hüquqa zidd olaraq işğal edəndə, Rusiyanın tərkibinə qatanda haqlı olacağıq, çünki Rusiya qanunvericiliyi buna imkan verir”.
Anlaşıldımı indi Azərbaycan nə cür məkrli bir dövlətlə dinc-yanaşı yaşamağa məhkumdur?!    
Ancaq ən qorxulusu heç bu da deyil. Əfsanəvi çeçen lideri və generalı, öz xalqının milli-azadlıq hərəkatının başçısı, ruslar tərəfindən xaincəsinə aradan götürülən Cövhər Dudayevin 21 il öncə haqqında xəbərdarlıq elədiyi rusizm bəlasıdır.
Dudayev demişdi: “Rusizm faşizmdən daha qorxuludur. Faşizm Avropa və dünyaya yayılandan sonra Rusiyanın quyruğunu tapdalayanda, o, hamıdan qabaq səsləndi ki, bütün dünyanı xilas edin. Nəticədə bütün dünya yardıma qaçdı. Hətta almanların özləri belə köməyə gəldilər. İndi rusizm Yer üzündən ən köməksiz qurbanları seçir. Rusiya bütün tarixi boyunca ən köməksiz qurbanlarını seçib... Kreml bütün tarixi boyunca özünə ağır olanda heç vaxt əməl etmədiyi müqavilələri imzalamağa qaçıb. O, heç vaxt bu müqavilələrə əməl etməyəcək. Güclənən kimi yenidən ən zəifi seçib, ona rişxənd etməyə başlayır. Rusiya həmişə şər imperiya olub, indi də qalmaqda davam edir”.
Keçən 21 il Dudayevin peyğəmbərcəsinə söylədiyi bu fikirləri dönə-dönə təsdiqlədi. Xüsusən də Vladimir Putinin hakimiyyətə gəlişindən sonra Rusiyanın azadlıq istəyən İçkeriyanı qan gölündə boğması, çeçen xalqının ən yaxşı oğullarını və qaymağını məhv eləməsi, az sonra Gürcüstanın və Ukraynanın bir parçasını işğal eləməsi həmin fikirlərə, rusizmin nə dərəcədə qorxulu virus olmasına şəkk-şübhə saxlamadı.
Ən təzadlısı və absurdu isə çeçenləri “separatçılıqla mübarizə” adı altında repressiya edən Rusiyanın Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə və Krımda separatçılığı dövlət səviyyəsində dəstəkləməsi idi. Çünki bu Rusiyadır – “gözün üstündə qaşın var” deməyi xoşlamayan Rusiya...
Doğrudan da rusizm bu dəqiqə dünya üçün atom silahından da betər bəla olaraq qalır. İndi rusizmin öhdəsində nüvə silahı da varsa, əlavə şərhə ehtiyac qalmır...