“Faşist” Tramp, 5 il sonra “öləcək” Nazarbayev, Putinə “hədiyyə”... – GÜNÜN SİYASİ XÜLASƏSİ

 
 
ABŞ-da demokratlar və respublikaçıların prezidentliyə namizədlərinin rəsmiləşmə isə seçkiqabağı kampaniya həlledici mərhələyə daxil oldu. Qarşılıqlı ittihamlar, seçiçilərə verilən vədlər bir-birini əvəz edir. Respublikaçı namizəd Donald Trampın Krım vədi gündəmdə yer tutdu. Ermənistanda isə vəziyyət gərgin olaraq qalır.
 
Trampdan ŞOK VƏD: “Krımın ilhaqını tanıyacağam”
 
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qələbə qazanacağı halda Krımın Rusiyanın tərkib hissəsi kimi tanınması haqqında məsələyə baxmağa hazırdır.
 
Milyarder bu haqda Florida ştatında keçirdiyi mətbuat konfransında deyib. O, həmçinin sanksiyaların ləğvi məsələsinə baxmağa hazır olduğunu bildirib. Bundan başqa, Tramp qeyd edib ki, əgər dövlət başçısı seçilərsə, Vaşinqton və Moskvanın münasibətləri yaxşılaşacaq.
 
Obama Trampı FAŞİST və KOMMUNİST adlandırdı
 
ABŞ prezidenti Barak Obama Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd, milyarder Donald Trampın ünvanına ağır ifadələr səsləndirib.
 
Obama ABŞ-ın potensial prezidentini faşistlər, kommunistlər və terrorçularla müqayisə edib. “Bizim dəyərlərimizi hədələyən faşistlər, kommunistlər, cihadın tərəfdarları və ya yerli demaqoqlar sonda həmişə məğlub olurlar”, - Obama Filadelfiyada Demokratlar Partiyasının qurultayının nümayəndələri qarşısında çıxış edərkən deyib.
 
Obama 45 dəqiqəlik nitqində amerikalıları Hillari Klintona səs verməyə çağırıb. O, keçmiş dövlət katibini sərt və ağıllı lider, Ali Baş Komandan postuna layiqli namizəd adlandırıb.
 
Qiyamçılar tələblərini AÇIQLADI: “Prezident istefa verənə qədər...”
 
Ermənistanda prezident Serj Sarkisyanın istefa verməsi ilə bağlı səslər artır.
 
Etiraz aksiyasında iştirak edən fəallardan biri “RİA Novosti”yə deyib ki, onlar Sarkisyanın istefasına qədər meydanlardan çəkilməyəcəklər. “Hakimiyyət həbs etdiklərinin hamısını azad etməli və Serj Sarkisyan prezident postundan istefa verməlidir. O, istefa verənə qədər biz davam edəcəyik”, - deyə o bildirib.
 
Ermənistan polisi silahlı qrupun tutduğu post-patrul alayının binası ətrafında yük maşınlarından sərhəd yaradıb. Məlumatlara görə, nümayişçilər bəzi ərazilərdə barrikadalar qurub.
 
Beş il sonra Nazarbayev ölür, Rusiya Qazaxıstanı işğal edir
 
Almaniyanın Elm və Siyasət Fondunun (SWP) analitiklərinin Qazaxıstanda baş verəcək hazırladığı ssenari də maraqla qarşıalndı.
 
Alman analitiklərinin ssenarisi Qazaxıstan lideri Nursultan Nazarbayevin ölümündən sonrakı dövrü əhatə edir. “Nazarbayev vəfat edəndən sonra nələr olacaq?”. Ssenaridə bu suala cavablar verilir.( http://publika.az/p/144794)
 
Suriya ordusu Hələbi tam mühasirəyə aldı
 
Suriya ordusu Hələbin strateji Bəni Zeyd bölgəsini terrorçulardan azad edib. Bölgənin azad olunması ilə Hələbin mühasirəsi tamamlanıb.
 
Suriya Prezidenti Bəşər Əsəd müxaliflərə təslim olmaq üçün 3 ay vaxt verib. Təslim olanlar əfv ediləcək. Rusiya isə Hələbin mərkəzindəki dinc vətəndaşlar üçün dəhliz açacağını açıqlayıb.
 
Putin Ukraynadakı səfirini istefaya göndərdi
 
Vladimir Putin Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabovu vəzifəsindən azad edib. Sergey Toropov Rusiyanın Ukraynada müvəqqəti işlər vəkili təyin edilib.