Fəallar İrandakı milli hərəkatla bağlı Bakıda toplaşdılar- FOTOLAR

"2006-cı ildə baş verən hadisələr Güney Azərbaycanda milli hərəkatın yeni mərhələsi oldu, hərəkat uğurla yekunlaşacaq”
Bütöv Azərbaycan Ocaqları mayın 21-də paytaxt Bakıda dəyirmi masa keçirib. Tədbirin keçirilməsində məqsəd on il əvvəl İranda baş verən olayların ildönümünü qeyd etmək olub. Musavat.com xəbər verir ki, tədbirdə tanınmış ictimai-siyasi simalar, partiya sədrləri, milli fəallar, gənclər, ziyalılar iştirak ediblər. Onlar İranda 2006-cı ildə dövlət qəzetində türklərin təhqir olunmasına və bundan sonra baş verən proseslərə bir daha diqqət çəkiblər. Həmçinin beynəlxalq birliyə İrandakı Azərbaycan türklərinin durumunun çatdırılması da əsas məqsəd olub.
Çıxış edən BAO üzvü Elvin Abdullayev bildirib ki, İrandakı Azərbaycan türkləri elementar hüququ olan ana dilində təhsildən məhrum edilib: “Soydaşlarımız öz hüquqları uğrunda dəfələrlə səslərini ucaltmışdılar. 2006-cı ildə İran qəzetində türklər hamam böcəyinə bənzədilmişdi, nəticədə 4 milyona yaxın insan buna etiraz etdi. On yeddi min insan həbs edildi. Beş yüz nəfərə bir ildən beş ilə qədər həbs kəsildi. Minlərlə insan isə rejim zindanlarında iş kəsilmədən aylarla saxlanıldı. Bu hadisələr Güney Azərbaycanda milli hərəkatın yeni mərhələsi oldu”. Güney Azərbaycanda milli hərəkatın davam etdiyini vurğulayan E.Abdulayev əlavə edib ki, hərəkat uğurla yekunlaşacaq.
AMEA-nın üzvü Yasəman Qaraqoyunlu isə deyib ki, türk millətinin təhqir olunmasının tarixi təkcə on il əvvəl may hadisələrində olmayıb: “Bu cür təhqirlər dəfələrlə baş verib. Fars ideologiyası daim türkləri təhqir edən bir ideologiyadır. Hesab edirəm ki, BAO olaraq, bütöv Azərbaycan uğrunda mübarizə aparanlar olaraq Azərbaycan Milli Qurultayının keçirilməsinə çalışmaq lazımdır”.