"Fakt öz təsdiqini tapsa, Ermənistana qarşı fərqli bir davranışın şahidi olacağıq”

 
 
Elman Nəsirov: “Ermənistanda atom bombasının mövcudluğu bu ölkəyə qarşı ciddi ittihamdır”
 
Mediada yer alan məlumata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Ermənistanda atom bombası istehsal olunduğu, bu bombaların saxlandığı 6 bunkerin mövcudluğu ilə bağlı informasiya yayıb. Maraqlıdır, əgər Erənistanda atom bombasının mövcudluğu ilə bağlı deyilənlər doğrudursa, bu, Azərbaycanın işğaldakı torpaqlarını hərb yolu ilə azad etməsini əngəlləyə bilərmi?
 
 
 
Moderator.az -a açıqlama verən millət vəkili Elman Nəsirov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
 
“Ermənistanın atom bombasına malik olması MKİ tərəfindən təsdiqlənirsə, bu, özlüyündə Ermənistana qarşı çox ciddi bir ittihamdır. Belə olan təqdirdə Ermənistanla bağlı MAQATE səviyyəsində yoxlamalar başlamalıdır. Ermənistana qarşı kəskin sanksiyalar tətbiq edilməlidir. Çünki Ermənistan nüvə silahının yayılmamasına dair müqaviləyə imza atan dövlətdir.
 
Əgər Ermənistan həqiqətən də atom silahına malik olsa belə, onun tətbiqi qeyri-realdır. Çünki atom elə bir silahdır ki, onun tətbiqi Azərbaycan-Ermənistan münasibətlərindən çox kənara çıxır və qlobal fəlakətə səbəb ola bilər. Bu silahın tətbiqi bütün region üçün ciddi təhlükə deməkdir.
MKİ Ermənistanın atom silahına malik olmasını təsdiqləyirsə, o özü Ermənistana qarşı ciddi tədbirlərin görülməsi məsələsində bayraqdar olmalıdır. Çünki bu, beynəlxalq təhlükəsizlik üçün ciddi təhlükə mənbəyidir. Ermənistan terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran ölkə olduğundan bu məlumat terrorçuların əlinə nüvə silahının düşməsi anlamını daşıyır. Əgər bu fakt öz təsdiqini tapsa, düşünürəm ki, Ermənistana qarşı beynəlxalq səviyyədə fərqli bir davranışın şahidi olacayıq”.

Загрузка...
Загрузка...