“Eynulla Fətullayev cinayət məsuliyyətinə cəlb edilməlidir” - Sərdar Cəlaloğlu: “Bu, Heydər Əliyevin özünün şəxsiyyətinin əleyhinə aparılan bir kampaniyadır”

 “Belə görsənir ki, Eynulla Fətullayev Azərbaycanda həyata keçirilən siyasi cinayətlərin əksəriyyətində iştirakçı, yəni bu və ya başqa şəkildə həmin hadisələrin şahidi olub”
 
“Niyə hüquq mühafizə orqanları bu sualın cavabını Eynulladan almırlar ki, “Quska” sənə Sərdar Cəlaloğlunu öldürtmək istədiyini, silahlı dəstəyə hücum göstərişi verdiyini və s. etiraf etmişdisə, nəyə görə, sən bunları bu gün – sənin maraqlarına toxunanda aşkarlayırsan, amma dövlətin, cəmiyyətin marağına toxunanda sən susmusan?!”
 
Tanınmış jurnalist Eynulla Fətullayev rəhbərlik etdiyi saytlarda keçmiş deputat “Quska” ləqəbli Hüseyn Abdullayevin “silsilə cinayətlərini” açıqlamaqdadır. O iddia edir ki, “Quska” vaxtilə ona ADP sədri Sərdar Cəlaloğluna qarşı sui-qəsd hadisəsini onun adamları tərəfindən həyata keçirildiyini etiraf edib: "Bir gün Nardaran tərəfə gedərkən, (Hüseyn Abdullayev) yol üstü mənə bir hadisəni nəql etdi: "Bilirsənmi, mənim bu hakimiyyət qarşısında böyük xidmətlərim var. 1998-ci ildə Sərdar Cəlaloğlu mətbuatda rəhmətlik Heydər Əliyevi bərk təhqir edirdi. Bu hamıya pis təsir edirdi. Və mən uşaqlara göstəriş verdim ki, evə qayıdan zaman, yaşadığı evin blokunda Sərdar Cəlaloğluna basqın etsinlər. Uşaqlar, gecə vaxtı, evə qayıdan Cəlaloğlunun başına vedrə salıb, taxta ilə o qədər başına vurdular ki... Yaxşı ki, ölmədi"...".
 
Maraqlıdır, E.Fətullayevin açıqladığı bu “fakt” nə dərəcədə doğrudur? 1998-ci ildə ADP sədri həqiqətən də “Quska”nın adamları tərəfindən döyülüb? Bu və digər suallara ADP sədri Sərdar Cəlaloğlu ilə müsahibəmizdə cavab tapmağa çalışdıq.
 
- Sərdar bəy, yəqin ki, Eynulla Fətullayevin açıqlamaları ilə tanışsınız. Sizə qarşı sui-qəsd hadisəsinin “Quska”nın adamları tərəfindən həyata keçirildiyi haqda məlumat nə dərəcədə doğrudur?
 
- Mən istəyirəm ki, əvvəlcə bir şeyə diqqət edək. Eynulla Fətullayev “Quska” deyilən adamın çox ciddi, ağır dövləti cinayətlər etməsi ilə bağlı iddialar açıqlayıb. Məsələn, məni öldürməyə cəhd, ayrı-ayrı biznes strukturlarına hücumlar... Yazılardan görsənir ki, bu faktlar davam edəcək. Əslində, bu hadisələr göstərir ki, Eynulla Fətullayev bu məsələlərin hamısını vaxtında bilib. İkincisi, bütün bu hadisələr Heydər Əliyevin vaxtında baş verib və onun hakimiyyəti illərində günün günorta çağı siyasi liderlərin öldürülməsi, həyatına qəsdlə bağlı əməliyyatlar həyata keçirilib, o cümlədən ayrı-ayrı biznes strukturlarına hücumlar, çoxsaylı soyğunçuluqlar olub. Mən məsələnin bu tərəfinə baxıram. Üstəlik, bu faktların heç bir o vaxt hüquq mühafizə orqanları tərəfindən araşdırılmayıb, heç bir hadisə ilə bağlı cinayət işi qaldırılmayıb, “Quska”ya qarşı hər hansı bir addım atılmayıb. Həmin adamlar bu gün də vəzifədədir...
 
- Demək istəyirsiniz ki, həmin vaxt bu hadisələrdən ölkə rəhbərliyinin məlumatı olub?
 
- İstər-istəməz sual doğür ki, Heydər Əliyevin dövründə cinayətkarlığın bu cür aşkar şəkildə həyata keçirilməsi və o cinayətkarlığa qarşı hüquq mühafizə orqanlarının hər hansı bir addım atmamasının arxasında nə durur? Deməli, ya ölkə başçısının tapşırığı ilə olan cinayətlər olub, ona görə hüquq mühafizə orqanları işə qarışmayıb, ya da Azərbaycanda hüquq mühafizə orqanları ümumiyyətlə cinayətkarlığa qarşı mübarizə aparmır.
 
İkinci məsələ ondan ibarətdir ki, düz və yalan deməsindən asılı olamayaraq, Eynulla Fətullayev vaxtında bu cinayətləri bilibsə, hökumətə, hüquq mühafizə orqanlarına xəbər verməyibsə, Cinayət Prosessual Məcəlləsi onun çox ağır məsuliyyətə cəlb olunmasını tələb edir. Özü də çox ciddi ittihamlardan söhbət gedir, məsələn, quldurluq, adam öldürmək, bunlar elə-belə cinayətlər deyil. Amma çox maraqlıdır ki, Eynulla Fətullayev neçə gündür bu cür bəyanatlarla çıxış edir, Respublika Prokurorluğu hələ də onu istintaqa çağırmayıb. Soruşan yoxdur ki, nəyə görə bu faktları məhz indi - “Quska” onun şəxsi həyatını alçaldandan sonra aşkarlamağa başlayıb və vaxtında deməyib. Bilirsiniz ki, o vaxt Elmar Hüseynovun ölümündə də bəzi epizodlarda Eynulla Fətullayevin adı hallanmışdı. Bu günə qədər Elmar Hüseynovun da ölümünün üstü açılmayıb. Buradan belə görsənir ki, Eynulla Fətullayev Azərbaycanda həyata keçirilən siyasi cinayətlərin əksəriyyətində iştirakçı olub, yəni bu və ya başqa şəkildə həmin hadisələrin şahidi olub. Bu nə deməkdir? Niyə hüquq mühafizə orqanları bu suala cavabı Eynulla Fətullayevdən almırlar ki, “Quska” sənə Sərdar Cəlaloğlunu öldürtmək istədiyini, silahlı dəstəyə hücum göstərişi verdiyini və s. etiraf etmişdisə, nəyə görə, sən bunları bu gün – sənin maraqlarına toxunanda aşkarlayırsan, amma dövlətin, cəmiyyətin marağına toxunanda sən susmusan?! Çünki o vaxt “Quska”nın cinayətkarlığı, deyilən kimi, açıq şəkildə inkişaf edirdisə, cəmiyyəti, insanları təhdid edirdisə, cəmiyyətin marağı naminə sən bunu hüquq mühafizə orqanlarına deməliydin. Məsələn, mənim həyatıma qəsdlə bağlı o vaxt cinayət işi açıldı, qəzetlər, səfirliklər bununla maraqlandı, bəyanatlar verildi və s. Eynulla bunu bilirdisə, nə üçün gedib prokurorluğa məlumat vermədi ki, “Quska” mənə deyir ki, o adamı mən öldürtmək istəyirdim...
 
- Bəs nə üçün hesab edirsiniz ki, “Quska”nın cinayət əməllərindən ölkə başçısının məlumatı olub?
 
- Bütün bunların hamısı göstərir ki, əslində “Quska”nın cinayəti yalnız onun öz cinayət deyil, bu rejimin cinayətidir. Əgər rejim susubsa, bu cinayətlərin nə o vaxt, nə də indi üstünə getmirsə, demək, bu tək bir adamın işi deyil. Və bu qədər biabırçı faktlar ortalığa çıxır, bütün dünya da görürsə ki, Azərbaycanda bunların milli lider dedikləri Heydər Əliyevin dövründə nələ baş verib və həmin dövrdə hakimiyyət cinayətkarlığa qarşı necə bir müşahidəçi mövqeyi tutub, bu, Azərbaycan dövlətini, Heydər Əliyevin özünü nüfuzdan salmaqdır. Bu, Heydər Əliyevin özünün şəxsiyyətinin əleyhinə aparılan bir kampaniyadır. Ola bilsin ki, Yeni Azərbaycan Partiyasının yeni orden, medal alanları bunun mahiyyətini anlaya bilmirlər, amma mən bir siyasi lider kimi başa düşürəm ki, Heydər Əliyevin vaxtında bu cür şəxsiyyət, mülkiyyət, dövlət əleyhinə ayrı-ayrı cinayətlər olubsa, bu cinayətlər də açıq-aşkar şəkildə o vaxt hakimiyyətə yaxınlığı ilə bilinən bir adam tərəfindən həyata keçirilibsə və bunun nəticəsi olaraq adam Azərbaycan parlamentinə deputat mandatı alıbsa, bilirsiniz ki, mandatı Azərbaycan hökuməti verir, burdan çıxan nəticə odur ki, bu cinayətlərin hamısı bilavasitə hökumətin rəhbərliyi altında həyata keçirilib. Çünki “Quska” məhz o əməllərindən sonra deputat olub. Hətta deputat olandan sonra da onun fəaliyyəti davam edib, yəni bu dəfə də həmin əməllərini mandatlı şəkildə davam etdirib. Və bunu da Eynulla Fətullayev bilib, ancaq dövlət orqanlarına heç bir məlumat verməyib. Bu nə deməkdir? Respublika Prokurorluğu hara baxır? Respublika Prokurorluğu Eynullanı Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq, cinayəti bilib, xəbər vermədiyinə görə məsuliyyətə cəlb etməlidir. Məsələn, indi prokurorluq mənimlə bağlı cinayət işini qaldırmalıdır, əgər bunu “Quska” törədibsə, ona qarşı cinayət işi açmalıdır, Eynulla Fətullayevi də o işə qoşmalıdır. Çünki bu adam deyir ki, Sərdar Cəlaloğluna qarşı sui-qəsdi mən təşkil etmişəm. Odur ki, mənim həyatıma qəsddə kimlər iştirak edib, bu, araşdırılmalıdır. Yaxşı, “Quska” çıxıb gedib xaricə, mənə hücum edən adamlar ki, burdadır. O adamlar kimdir, bunlar araşdırılmalı və onlar cəzalandırılmalıdır. Amma prokurorluq bu faklatla bağlı hələ bir kəlmə də olsun danışmayıb. Yəni bir jurnalist keçmiş Milli Məclis üzvünün - Heydər Əliyevə ən yaxın olan bir adamın ağır dövləti cinayətlər etməsi ilə bağlı artıq seriya faktlar araşdırıb, Respublika Prokurorluğu adi bir vətəndaşı kimi bu məsələyə laqeyd yanaşır.
 
- Sizin sözlərinizdən belə anlaşılır ki, Eynulla Fətullayevin bu yazılarında təkcə “Quska” deyil, o cümlədən mərhum Heydər Əliyev də hədəfə alınıb...
 
- Bilirsiniz, Heydər Əliyevin idarəçiliyində açıq-aşkar bu cür cinayətlərin baş verməsi ilə bəyanatlar verilir, amma İlham Əliyev ən azı öz atasının ruhu xatirinə bir məsələ qaldırıb demir ki, bəs mənim atam hara baxırdı ki, prezident olanda adamları öldürürdülər, hücum edirdilər, mülkiyyəti dağıdırdılar və s.. Onda belə çıxır ki, Heydər Əliyev dövləti idarə edə bilməyib, onun vaxtında “bespredel” olub. Yəni bu cür bəyanatlarla çıxış edəndə, bundan çıxan nəticələr barədə bu adamlar düşünməlidir. İndi “Quska” prezidentliyə namizədliyini vermək istəyir, amma o, hakimiyyətə qarşı radikal mövqedə olduğundan, bunlar da ona qarşı kontur təbliğat aparırlar. Bu zaman da “qaş düzəltdikləri yerdə vurub göz çıxarırlar”. Yəni “Quska”ya qarşı elə kontur təbliğat aparırlar ki, bu təbliğat özlərinin “qara piyar”ına çevrilir ki, baxın, bizim hakimiyyətimizin dövründə adamları öldürüblər, həyatına qəsd təşkil ediblər, mülkiyyəti mənimsəmək üçün qoşun yığıb, gedib kimisə güllə-baran ediblər, qeyri-qanuni silahlanma olub və s.

 
- Maraqlıdır, zaman-zaman bəzi məmurlar Elçibəyi ittiham edir ki, onun hakimiyyəti dönəmində qeyri-qanuni silahlı dəstələr vardı...
 
- Eynulla Fətullayevin verdiyi məlumatdan görsənir ki, əslində, Heydər Əliyevin vaxtında qeyri-qanuni silahlı dəstələr olub, sadəcə, bunlar hakimiyyətə qarşı yox, hakimiyyətin rəqiblərinə və yaxud adi vətəndaşlara qarşı istifadə olunub. Bunların hamısına çox ciddi şəkildə qiymət verilməlidir və Eynulla Fətullayevin də məsuliyyəti məsələsi araşdırılmalıdır.
 
- Bəs, sizə qarşı sui-qəsd cəhdi necə baş verdi?
 
- Öncə onu deyim ki, bir neçə gün bundan qabaq məndən zəng edib soruşdular ki, sizin həyatınıza neçənci ildə qəsd olunub. Mən dedim ki, 1998-ci ildə. Təsəvvür edin ki, bu adam mənim həyatıma neçənci ildə qəsd olunduğunu bilmirdi, məndən öyrənəndən sonra götürüb həmin məlumatı verib ki, guya “Quska” belə deyib... Əvvəla, o, vaxtını bilmirdi, məndən soruşub, demişəm ki, 1998-ci ildə. Yerini bilmir, çünki mənim evimin “podezd”i olmayıb, mən həyət evində yaşamışam. Üstəlik, o hadisə mənim evimin ətrafında baş verməyib.
 
- Harda baş verib?
 
- O hadisə Əbü Bəkr məscidinin qarşısındakı küçədə baş verib. Yəni bu adam o dərəcədə yalan danışır ki, nə hadisənin vaxtını, nə yerini, nə necə baş verdiyini, nə də necə və kimlər tərəfindən icra olunduğunu bilir. Ona görə də Eynulla Fətullayevin bu məsələ ilə bağlı dediklərinin hamısı yalandır. Mənim başıma gələn hadisə necə olub? Heydər Əliyevin vaxtında Dövlət Təhlükəsizlik Komitəsi (DTK) bizim partiyanın bir neçə üzvünü əməkdaşlığa cəlb etmişdi. Məsələn, bizdə Camallədin vardı, ona təklif etmişdilər ki, Sərdar bəy Amerikaya gedir, sən də onunla get, orda Rəsul Quliyevin barmaq izləri olan bir silah əldə elə, bir şey al gətir bura, guya Heydər Əliyevə terror təşkil etmək adı altında Rəsulu biz alaq, sənə də nə desən verək. O da gəlib bu məsələni mənə danışdı. Biz də o vaxt bəyanat verdik ki, DTK belə bir əməliyyat hazırlayıb, siyasi partiyanı belə işə qoşmaq düz deyil və s. Sonrdan Qurban Məmmədov bir vəkil kimi bu işin dərinliyinə getdi, o məsələni təklif edən adamların görüntülərini əldə etdi və Heydər Əliyevi daha cidd fakt qarşısında qoydu. Amma nəticədə, dövlətə yalan məlumat vermə adı ilə Qurban bəyin özü həbs olundu. O cümlədən, Camallədin və ona həmin təklifi edən adam da həbs olundu.
 
Mən də Amerikadan gələndən sonra, bu məsələnin hökumət tərəfindən təşkil olunduğu bəlli olduğundan, Qurban bəyin haqsız həbs olunması və Azərbaycan Demokrat Partiyasının ətrafında belə bir çirkli əmıliyyat hazırladıqları ilə bağlı çox kəskin mövqe ortaya qoyduq. O mövqeni də açıq şəkildə ifadə etdik ki, Heydər Əliyev istefa verməlidir, dövlətin başçısı ölkədə siyasi partiyaların normal fəaliyyət göstərməsinə şərait yaratmaq, ölkədə terrorizmə qarşı mübarizə aparmaq əvəzinə, ADP ilə bağlı DTK belə bir oyun qurur, ADP funkisonerləri qeyri-qanuni həbs olunur, dövlət başçısı da buna münasibət bildirmir. Biz birbaşa Heydər Əliyevin özünü ittiham edirdik ki, onun tapşırığı olmasa DTK belə şeylər edə bilməz. Təbii ki, bu da Heydər Əliyevin və onun ətrafındakıların çox ciddi narazılığına səbəb olmuşdu. Həmin il də prezident seçkiləri ili idi. Məlumat almışdım ki, onlar mənim həyatıma sui-qəsd təşkil etməklə bağlı qərar qəbul ediblər...
 
- Bəs, bu hadisə necə baş verdi?
 
(Ardı var)
 
Ayxan İLDIRIMTÜRK, Hurriyyet.org

Загрузка...
Загрузка...