EVLƏNMƏK DƏ PULLUDUR: Kreditlə toy dövrü bitir

 
 
Ağasəlim Həsənov: “Dəbdəbəli toylarla mafiozların cibini doldururuq”
 
Toy bazarında vəziyyət heç də ürəkaçan deyil. Ölkədə böyük dövriyyəsi olan toy biznesində durğunluq yaranıb. Son bahalaşma toy mərasimlərinə də təsirsiz ötüşməyib. Restoranlara, şadlıq evlərinə toy sifarişləri kəskin şəkildə azalıb. Bəzi restoranlar güzəştli xidmətlərdən imtina edərək, masa xərclərinin qiymətini kəskin artırıb. Bu da son vaxtlar ölkədə yaranan bahalaşma və kommunal xidmətlərin qiymətlərinin qalxması ilə bağlıdır. Artıq restoran sahibləri müştəri yiğmaqda çətinlik çəkirlər. Restoran qiymətlərinin bahalaşması isə toy etmək istəyənlərin bu arzusunu keçilməz edib.
 
Vəziyyət restoran sahiblərini ciddi narahat etməyə başlasa da, bu məsələdə mümkün variantların olmadığı qənaətindədirlər. İnsanlar isə konkret olaraq dəbdəbəli toy etmək imkanında deyil. Ekspertlər Azərbaycanda toy adət və formalarının həddindən artıq təmtəraqlı və israfçılıqla əhatələndiyindən gileylənirlər. Bildirirlər ki, toy biznesi ilə məşğul olanlar toy məsələsində həddindən artıq ağır şərtlərlə irəliləyirlər ki, bu da aztəminatlı, imkansız ailələrin müflis olmasına xidmət edir. Bir dəfə toy edən ailə bir elin yükünü üzərinə çəkmiş olur. Toy mərasimlərində israfçılığın və həddindən artıq təmtərağın aradan götürülməsi üçün toy formalarının dəyişdirilməsini təklif edirlər. Bu gün toylar insanların büdcəsinə əməlli-başlı ziyan vurmaqdadır.
 
Hər kəs bilir ki, restoranlarda bir nəfərlik menyunun qiyməti 40 manatdan başlayaraq 500, hətta 1000 manata qədər dəyişir. Hər kəs öz imkanına görə menyu seçsə də dəbdəbəli toy axtarışındadır. Qonşudan dala qalma prinsipi ilə hərəkət edən insanlar nəticədə bir toyu başa çatdırmaq üçün əməlli-başlı ziyana düşür. Hətta bunun üçün illərlə banklara borclanmış olur. Ekspertlərin fikrincə, hazırkı vəziyyətin və durumun getdikçə ağırlaşacağını nəzərə alaraq insanlar toy mərasimlərinin qurulmasını restoranlarda deyil, palatkalarda təşkil etməyə meyllənəcəklər. Digər təklif isə ondan ibarətdir ki, toy mərasimlərinin təşkili və reallaşması Avropa modelinin təcrübəsinə söykənməlidir. Belə olarsa, həddən artıq israfçılığın aradan qaldırılması və ailələlərin öz büdcəsinə qənaət etmələri təmin olunacaq.
 
“Toy mərasimlərini 30 nəfərlə keçirə bilərik”
 
Sosioloq Ağasəlim Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda yaranmış sosial-iqtisadi böhranın bir çox sahələrə fəsadlarını görməkdəyik. Eyni zamanda yaranmış olan bu böhranlı vəziyyət toy biznesi sahəsinə də təsirlərini göstərir: “Fəlsəfi düşünsək, hər bir ziddiyyətin, tənəzzülün içərisindən bir inkişaf çıxır. Yəni fəlsəfi yanaşsaq belə bu tənəzüllər özü inkişaf doğuran səbəblər kimi nəzərdən keçirilir. Bu günki gündə toy biznesində yeniliklərdən, iqtisadi böhrandan olan mənfi təsirlərindən danışırıqsa, bu mənfi təsirlər nəhayət ki, Azərbaycan toplumunun şuurunda tarixən formalaşmış toy adətlərinə baxış formalaşdıracaq. Hansı ki, bu baxış daha pozitiv bir istiqamətə gedə bilər.
 
Bu böhrandan əvvəl toy biznesi ilə məşğul olanların bu sahəni yaratması öz işində, bəs insanlarımız necə, bu qədər israfa dəyərdimi? Kasıb ailə sonuncu qəpiklərini toplayıb hansısa restorana və ya şadlıq evinə gedərək böyük toy mərasimlərini düzənləyir. Nəticədə banklara nə qədər borclu qalan, kifayət qədər kredit çəkərək toy edənlərin necə ağır duruma düşdüklərini də gördük. Hesab edirəm ki, bu yaranmış vəziyyət o ziddiyyətin içərisindən bir inkişaf ortaya çıxarır ki, o da bizim toplumun toy adətlərinə yenidən baxması və necə qiymətləndirməsidir. Ailələr daha az məsrəf və vaxt sərf etməklə bu toyları həyata keçirə bilərlər. Digər tərəfdən restoranlarda, şadlıq evlərində toy təşkil etməyin alternativ vasitələrinə də qarşıyam. Eyni zamanda restoranlarda təmtəraqlı toy keçirmənin əleyhinəyəm. Üzümüzü döndərib Avropa modellərinə nəzər salaq. Bu ölkələrdə nə qədər sadə toy mərasimləri həyata keçirilir.
 
Məgər iki gəncin ailə həyatı qurması üçün 500-600 nəfərin və daha çox insanların bir araya gəlməsinə ehtiyac varmı? Nə gərəkdir? O qədər insanın toyda iştirakı üçün nə qədər iqtisadi xərclər, maliyyə hesabı tələb olunur? Toy mərasimlərimizi uzağı 30 nəfərin ətrafında bir yığıncaq zalında çay süfrəsi arxasında keçirə bilərik. Bu yaxşıdır, yoxsa dəbdəbəli, hay-küylü proseslərlə, hansısa biznes şəbəkəsinə qoşularaq mafiozların ciblərini doldurmaq? Şuurumuzu dəyişərək əsrlər boyu formalaşmış reformalara ehtiyacı olan adətlərimizə yenidən baxacağıqmı? Baxmadıqca ictimi həyat hər dəfə təkrar olunursa bu nə deməkdir? Yəni babam nə etdisə mən də onu edəcəm... Bu şuuru qarşılayacaq Azərbaycan cəmiyyətində neqativ məqamlar var ki, biz onu açıq şəkildə etiraf etməliyik”.
 
“Restoran biznesi çöksə...”
 
Ekspert qeyd edib ki, bir müddət əvvəl Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yas mərasimləri ilə bağlı müəyyən islahatlar aparmaqla hərəkətə keçdi: “Yas mərasimlərindəki israfçılıq və bu kimi məsələlər ortaya atıldı. Amma qarşılığında Azərbaycanda bu bizneslə məşğul olan konkret dairələr o zaman işə qarışdılar və bu addımların qarşısını almalı oldular. Hətta Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi geri çəkilərək yerində oturdu və bu məsələyə bir daha toxunmadı. Adını isə qoydular ki, guya toplum olaraq camaat bu məsələyə qarşı çıxdı. Faktiki olaraq isə sosial sifariş idi.
 
Əgər sabah toy mərasimləri ilə bağlı da həm dövlət səviyyəsində, həm də toplum olaraq dəyişikliklər müşahidə olunduqda, hansısa reklamlar və qarşılayıcı tədbirlər hesabına həmin bizneslə məşğul olan şəbəkə, hətta deyərdim ki, mafiya buna qarşı çıxacaq və müəyyən səbəblər gündəmə gətirəcəklər. Müəyyən formada bu prosesə təsir edəcəklər. Əslində restoran biznesinin çökməsindən toplum olaraq fayda götürə bilərik. İnanın ki, o restoranın yerində bir məktəb, bağça və ya sağlam fəaliyyət göstərən bir ocaq olsa, xalq üçün daha faydalıdır. Millət ondan daha çox xeyir götürə bilər”.

Загрузка...
Загрузка...