''Eurovision''da Qarabağ haqqında mahnı oxusaydı, qalib gələrdimi

"Eurovision - 2016" 5 gündür bitib, amma söhbəti davam edir. Məlum olduğu kimi, Azərbaycan bu müsabiqədə 117 xalla 17-ci sırada qərarlaşıb. Ölkəmizin 50-yə yaxın Avropa dövləti arasında 17-ci olmasına, daha ön yerlərdə olmamasına görə bir çox tanınmış musiqi tənqidçiləri, sənətçilər qeyd edirlər ki, beynəlxalq müsabiqədə təmsil olunan mahnıda milli Azərbaycan musiqisinin elementləri, çalarları olmadığından gözlənilən uğurlu nəticə mümkün olmayıb.
Qeyd edək ki, artıq bir neçə ildir, beynəlxalq yarışmada təmsil olunan mahnılar üçün xarici bəstəkarlara müraciət edilir. Bu il Azərbaycanı təmsil edən “Miracle” mahnısının müəllifi isə isveçli bəstəkar Amir Ali olduğu bildirilir. Məlumata görə, adı çəkilən bəstəkar “Eurovision”da iştirak edən Aleksandr Ribak, yunanıstanlı Helena Paparizu və digərlərinə qələbə qazandıran musiqilərin də müəllifidir. Bununla bağlı tanınmış bəstəkarlarımız öz haqlı iradlarını bildirirək qeyd edirlər ki, beynəlxalq yarışmalarda təmsilçilik üçün mahnı yazmağa kifayət qədər ölkəmizdə peşəkar bəstəkar olduğu halda onlara müraciət edilmir və bu da nəticələrin uğursuz olmasına sirayət edir.
Bəzi iddialara görə, “Eurovision-2016”nın qalibi olan Camalə məhz Krım tatarlarının deportasiyasına həsr edilmiş mahnı oxuduğu üçün qalib olub və Azərbaycan da Qarabağ haqqında mahnı təqdim etsəydi, dünyanın marağını özünə cəlb edər, ən azı ön sıralarda yer alardı.
“Azərbaycan Qarabağ haqqında mahnı oxusaydı qalib gələrdimi?” Bu sualla bir neçə tanınmış musiqiçiyə müraciət etdik.
Əməkdar artist, "Eurovision” mahnı musabiqəsində Azərbaycanı ilk təmsil edən mahnının müəllifi Gövhər Həsənzadə məsələyə bu cür mövqe bildirdi:
“Ümumiyyətlə, istəməzdim ki, hansısa yarışmada, müsabiqədə, şouda öz haqlı məsələlərimizi kiməsə sübut edək. Onsuz da bütün dünya bizim haqlı, Qarabağın bizim  olduğumuzu bilir. Bununla siyasətçilərimiz də məşğuldur, yəni hər kəs bunun təbliğatını lazımi səviyyədə aparır, hər addımımız Qarabağ mövzusudur...
Azərbaycanın sonuncu "Eurovision” mahnı musabiqələrində yaxşı yer tutmaması onu göstərir ki, təkilati komitənin mövqeyi düzgün deyil və artıq öz aktuallığını itirib. Dönə-dönə  bir daha sübut olunacaq ki, avropalı bir bəstəkarın kommersiya məqsədi ilə yazdığı mahnıların heç biri uğur qazanmır. Keçən il 12-ci yer, 2014-cü ildə 22-ci yer, bu il isə 17-ci yer. Bəs necə olur ki, Azərbaycanı ilk dəfə səhnədə olanda 8-ci yeri qazanmışdı? Azərbaycan məhsulu ən uğurlu nömrə olmuşdu. Onda təmsil olunan mahnının musiqisi, ifaçısı, oranjimanı bizimki idi. Lakin get-gedə xarici bəstəkarlara, mütəxəsislərə müraicət edirlər. 3 ildir ki, Azərbaycan 10-luğa düşə bilmir. Yaradıcı heyətdə milli qürur, mənafeyi, verdiyi marağı, prinsipi olmalıdır ki, biz orda ən güclü olaq.
Baxın görün bu il musabiqəyə  gedən heyətin içərisində nə qədər azərbaycanlı var idi? Nə qədər maraq var idi ki, mahnı Qarabağdan bəhs olunsun? Kim yazacaq, İsveçli Qarabağ haqqında mahnı yazacaq? Onu maraqlandırır ki, bu mövzu nədir? Bunu biz fikirləşməliyik. Azərbaycanın hər potensialı ola-ola niyə xaricilərə müraciət edilir?
Bizə toxunan odur ki, efirdən deyirlər ki, “biz heç bir bəstəkara müraciət etməməliyik, özləri gəzməlidirlər”. Kim özbaşına durub mahnı verəcək?
Belə bir mövzu tapıb haqq qazandırmağa çalışırlar ki, guya ki, bu isveçlilər dünyanın ən böyük ulduzları ilə işləyiblər, dünyaya böyük layihələr veriblər... Mənə nə? Versinlər də Azərbaycan üçün. Kim nə bildi ki, o məhsul Azərbaycanındır?”.
İki dəfə “Eurovision ” təmsilçiliyi üçün milli seçim turunun iştirakçısı olmuş,  “Mister Happy” ləqəbli tanınmış gənc müğənni Səid İsmayılzadə də mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Gənc müğənni hər bir müsabiqənin öz tələbləri olduğunu deyib:
“Bu il təmsil olunan mahnı çox yaxşı, tam Avropasayağı, formata uyğun gələn mahnı idi. Amma  bizim mahnımız olmadığına görə, bəstəkarı İsveçli olduğu üçün burda millikdən danışmaq uzaq olardı.
Lakin hər bir müsabiqənin öz meyarları, tələbləri var. Mütləq demək olmaz ki, orda hansısa elementlər olsaydı uğur qazana bilərdik. Yarışmada sonuncu yerlərdə qərarlaşmağımız isə aydın məsələdir ki, burda bir neçə amil, o cümlədən siyasi məqamlar var”.
Xatırladaq ki, Azərbaycan artıq 9-cu dəfədir ki, beynəlxalq yarışma olan “Eurovision ”da iştirak edir. İlk dəfə 2008-ci ildə qatıldığı yarışmada ölkəmiz elə həmin il uğurlu nəticə əldə edib. Belə ki, musiqisi bəstəkar Gövhər Həsənzadə, sözləri isə Zəhra Bədəlbəyliyə məxsus olan “Day After Day” mahnısının ifaçıları Elnur Hüseynov və Samir Cavadzadə ölkəmizə yarışmada 8-ci yeri qazandırmışdı. Bundan sonra isə yarışmada təmsil olunan mahnı və ifaçıları təqdim edirik:
2009 - Aysel Teymurzadə və Araş dueti - “Always” - 3-cü yer
2010 - Safurə Əlizadə - “Drip Drop” - 5-ci yer
2011 - Eldar Qasımov və  Nigar Camal dueti  - “Rumning Scared” -  1-ci yer
2012 - Səbinə Babayeva - “When The Music Dies” - 4-cü yer
2013 - Fərid Məmmədov - “Hold Me” - 2-ci yer
2014 - Dilarə Kazımova - “Start a Fire” - 22 - ci yer
2015 - Elnur Hüseynov - “Hour Of The Wolf” - 12 - ci yer
2016 -  Səmra Rəhimli - “Miracle” – 17-ci yer.