Etimad Əsədov: Cənnət yolçuları...

Könüllü müdafiə batalyonu komandiri, Qazi, I qrup müharibə əlili, 25 ilin yataq xəstəsi, şəhid atası və nəhayət ŞƏHİD…
Xoş o insana ki, alnında belə yazılıb yazı!..
«Göydən nə çıxar? Göy ya böyükmüş, ya deyilmiş.
Sən alnını göstər, nə qədər yüksələ bilmiş».
Təmiz bir vicdan daşıyan alnı və oradakı şərəfli bir tale yazısı ilə bu dünyadan köç etdi Əbdül Məmmədov...
«Alnını göstər» dedikdə, düşmənə qarşı silah tutmuş əzmli əlini alnına qürurla çəkə biləcək kişilərdən idi Əbdül Məmmədov. Göndərişlə deyil, könüllü qatılmışdı Vətən savaşına. Şəhidliyi seçmişdi, qazi oldu. Çünki «ulu babam söyləmiş, ya şəhid, ya qazi ol. Şəhidlik məramıdır qaziliyə gedən yol». Şəhidliklə qazilik qoşadır. Vətən uğrunda savaşı, alın yazının üstünə yazmağa yollanırsansa, demək şəhidliyi artıq qəbul etmisən. Şəhid olub-olmayacağın Tanrıya bağlı. Tanrı da sənə şəhidliyi diriykən yaşadır. Sənə qazilik - canı üstündə şəhid statusu verir. Nə qədər ki, canı Sahibinə tapşırmamısan, qazisən. Can boğazdan çıxdımı Şəhid oğlu Şəhidsən!.. Əbdül Məmmədov məhz belə bir şərəfli ömür yaşadı. Qazi də oldu, şəhid də. Bu iki uca adı ləyaqəti, dəyanəti, qüruru ilə qazandı. 25 il yataq xəstəsi oldu. Səbr etməyin ali məqamını göstərdi. Qazilikdən usanmadı, xəstəlikdən bezmədi. Dağ gövdəli kişi hərəkət məhdudiyyətindən şikayət etmədi. Çünki güclü iman sahibiydi. Yerə, göyə sığmayan Allah onun qəlbinə sığmışdı. Oğlu Rasimin şəhid olduğunu biləndə başsağlığı vermək üçün ona zəng etdim. Telefonda gümrah bir səs eşidəndə, zənn etdim ki, yəqin, şəhid atası telefonuna cavab verməyi qohumlardan kiməsə tapşırıb. Əbdüllə danışmaq istədiyimi bildirdim. «Əbdüldü, Etimad…» dedi. Bir anlıq heyrətdən dondum sanki!.. Övladını yenicə itirmiş bir atadan belə gümrah səs?!. Başsağlığı verdim. O da cavabında «Mənim oğlum şəhid olmayıb kim olasıdı ki?!» dedi. Onun bu cavabı Vətənini necə sevdiyini, yurduna necə bağlı olduğunu bir daha sübut edirdi. Mən Əbdülün necə dəyanətli bir insan olduğunu bir neçə il öncə Əlillərin Bərpa Mərkəzində müalicə aldığı vaxtlarda da görmüşdüm. Bu insanın sarsılmaz iradəsinə və imanına şahid olmuşdum.

Uca Allah belə bəndəsini sevməzmi? Ona şərəf-şan, ən gözəl nemət ehsan etməzmi?! Edər, əlbəttə!.. Əbdül Məmmədovun şəhid-qazi taleyi ona Rəbbin sonsuz nemətidir. Sonsuzdur ona görə ki, şəhidlər ölmür. Bunu Allah (ə.c) insanlığa əta etdiyi kitabında hökm etmiş: «Allah yolunda öldürülənlərə «öldü» deməyin. Onlar şəhiddirlər - diridirlər». Allah-təala şəhidliyi ən uca məqam qərar verib. Şəhidlər Cənnətin sorğu-sualsız sakinləridir. Və onlara hətta şəfaət etmək haqqı da verilir.
Eynən xatəmül-ənbiya - Muhəmməd-Mustafa (s.ə.s) kimi. Demək şəhidlər peyğəmbərlə bir sırada dayanacaq. Xoş o kəslərin halına ki, bunu diriykən dərk edir və fani dünyanı verib əvəzində baqi olanı - axirəti qazanır. Və yazıq o kəslərə ki, əbədi dünyanı faniyə dəyişirlər. Nə ziyanlı bir bazarlıq!.. Hər insana da nəsib olmur seçmək imkanı. Gərək hesabını doğru aparasan. Əbdül Məmmədov bu hesabdan da alnı açıq çıxdı. Min cür vasitə ilə övladını hərbi xidmətdən yayındıranlardan olmadı. Ola da bilməzdi. Mümkünsüzdü. Çünki şəhidlik şərbətinin dadını bilirdi. Qazi ömrü yaşaya-yaşaya oğluna da şəhidliyi sevdirdi. Oğlu Rasim Məmmədov Qarabağ üçün yeni əsrdə apardığımız ilk böyük savaşda - 02 aprel 2016-cı il tarixində Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid oldu. Zabit idi Rasim. Mayor rütbəsi daşıyırdı. Tabeliyində olan əsgərlərin önündə girib döyüşə. Budu, sinəsiylə sipər olan, igid əsgər! Məqamın mübarək, Şəhid oğlu Şəhid!..
 
Qibtə olunası bilirsiz bir də nədi? Ata və oğulun şəhidlik məqamının eyni zamanda gerçəkləşməsi. Oğulun şəhidliyinin üstündən heç 40 gün keçməmiş ata Haqqa qovuşdu. Bu dünyada eyni yolun yolçuları olduğu kimi, axirətə də birgə yollandılar. Belə olurmuş Cənnət yolçuluğu…
Bir ailədən iki şəhid. Ata və oğul!
Önündə əyilməyə dəyər bu ailənin! Müqəddəs dövlət himnimiz sanki bu insanların şücaətindən ilhamlanaraq ərsəyə gəlib: «Səndən ötrü qan tökməyə cümlə hazırız, səndən ötrü can verməyə cümlə qadiriz. …Minlərlə can qurban oldu, sinən hərbə meydan oldu. Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu. Sən olasan gülüstan, sənə hər an can qurban…» Himn bütövlükdə sanki Məmmədovlar ailəsinin adına yazılıb. Bir ailədən iki şəhid! Hər kəsə nəsib olmaz bu nemət! Allah (ə.c) verdi sizin mükafatınızı. Ata və oğul - Şəhid və Qazi. Bundan ötəsi yoxdur artıq. Verilən və verilməyən mükafatlar… hamısı bu dünya üçündür də, fəqət əsgərə, Vətən uğrunda döyüşənə, ya qazi, ya şəhid olana dövlətin qayğı və diqqətinin göstəricisi sayılır. Yəni, bütün təltiflər şəhidin yox, dövlətin məqamını ifadə edər. Şəhidin məqamını Allah qərar vermiş zatən. Onu diri - ölməz adlandırmış. «Şəhidlər ölməz, Vətən bölünməz» deyirik axı. Söz xətrinə deyilmir ki! Altında dərin məna yatır. Odur ki; Ya şəhid, ya qazi olanlar! Sahib olduğunuz da sizə yetər. Əbdül Məmmədov heç nə istəmədi, kimsəyə ağız açmadı. Mərd gəldi, mərd yaşadı, mərd də dünyadan köç etdi. Şəhid oğlu Rasim də həmçinin. Şanınız o qədər yüksək ki, dar məzara sığarsınız, fəqət tarixə yox.
«Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər,
Sənə ağuşunu açmış duruyor, peyğəmbər»
Bu kiçik yazını Əbdül və Rasim Məmmədovların xatirəsinə ithaf etməyi özümə sadəcə, bir döyüşçü borcu bildim. Deməsəydim, rahatlıq tapmayacaqdım. Vətən sizin kimilərin çiynində ucalır.
Cənnət yolçuluğunuz mübarək olsun, Ata və Oğul!
Vətən sağ olsun.
Şəhid ruhunuza dərin hörmətlə, Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov

ADP-nin sədri Sərdar Cəlaloğlu ailələri adından Etimad bəyə təşəkkür edir. Təşəkküründə deyilir- Etimad bəy, salam!
Bu yazıya görə ailəmiz adından və şəxsən öz adımdan sizə təşəkkür edirəm.
Arxa-arxaya iki hüzür düşdüyünə görə mətbuatı izlmək imkanım olmayıb. Buna görə, vaxtında bu yazını oxumamışam. Sizin bu yazınız mənim hər iki əzizim üçün deyilmiş ən gözəl sözlərdəndir. Doğrudan da şəhidlik bizim milli və dini qürur mənbəyimizdir. Vətən yolunda "uf" demədən canını verənlər millətin övladı adına layiqdir. Sən də belə övladlardansan. Hələ bu millətin nə qədər diri şəhidləri vardir. Vaxt gələndə, vətən tələb edəndə, onlarda Rasimin və Əbdülün yolunu tutacaqlar. Şəhidlik qatarına qoşulacaqlar. Axı "Bayrağları bayraq edən üstündəki qandır!". Şəhid damarlarından topraga tökülən və bayarağa rəng verən də, məhz şəhid qanıdır. Çox şükürlər olsun ki, üç rəngli bayragımızın qırmızı rəngində bizim ailənində qanı, öz izini qoydu. Kədərliyik, amma fəxr edirik.
İki igid oğul itirdik, lakin bütün bir millət qazandıq. Vətən sağ olsun! Sizin kimi igid oğullar sağ olsun! Bayrağimız ucalsın!