Etibar Pirverdiyev həbs olunacaq? - təfsilat

Ləğv edilən «Azərenerji»nin sabiq rəhbəri üçün çətin dönəm başlayıb; Yüz milyonluq yeyintilərdə adı çəkilən keçmiş məmurun bütün əmlakı müsadirə edilə bilər
Prezident İlham Əliyev 2011-ci il 28 iyun tarixli 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)”nda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılması və onun fəaliyyətinin təşkili ilə əlaqədar qərara alıram: Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli 1578 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 554; 2012, № 6, maddə 571; 2013, № 11, maddə 1452; 2014, № 2, maddə 112, № 5, maddə 477; 2015, № 4, maddə 437) ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)”nda aşağıdakı dəyişikliklər edilsin: 1. 1.5.8-ci və 2.3.3.1-ci yarımbəndlərin "İcraçı orqanlar” sütunundan "Azərenerji” ASC,” sözləri çıxarılsın və həmin sütunda "Bakıelektrikşəbəkə” sözü "Azərişıq” sözü ilə əvəz edilsin. 2. 2.3.3.3-cü yarımbənddə "Azərenerji” sözü "Azərişıq” sözü ilə əvəz edilsin", - sərəncamda deyilir.
Ölkə başçısının bu sərəncamı ilə Etibar Pirverdiyevin rəhbərlik etdiyi «Azərenerji» Açıq Səhmdar Cəmiyyəti ləğv edildi. Etibar Pirverdiyev həbs olunacaq? Maraqlıdır, Etibar Pirverdiyevin bundan sonrakı aqibəti necə olacaq? Bu sual ətrafında Politika.Az olaraq apardığımız araşdırmalar nəticəsində belə qənaətə gəlmək olar ki, bir müddət əvvəl ASC-nin külli miqdarda borcunun olması barədə məlumatların yayılması Pirverdiyevin karyerasına mənfi təsirini göstərib.
Dövlətdən dotasiya alan, dövlət zəmanəti ilə kredit götürə bilən “Azərenerji”nin külli miqdarda borcunun olması bir sıra suallar yaradır. Özü də onu qeyd etmək də yerinə düşər ki, Azərbaycanda elektrik enerjisi qonşu ölkələrlə müqayisədə ucuz da deyil. Yəni ödənilən məbləğ enerjinin maye dəyərindən artıqdır. Debitor borclar hesabına isə bu həcmdə borc yarana bilməz. Çünki borcu olan abonentə enerji verilməsi xəbərdarlıq edildikdən sonra dərhal dayandırılır. 2015-ci ildə “Azərenerji” ASC üzrə vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə ödənilən vəsaitin həcmi 2013-cü il ilə müqayisədə 222 mln. 803,8 min manat və 2014-cü il ilə müqayisədə 201 mln. 796,3 min manat artaraq 348 mln. 665 min manatadək yüksəlib.
Bu barədə məlumat Hesablama Palatasının “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəydə qeyd olunub. Rəydə bildirilib ki, hesabat dövründə cəmiyyət üzrə dövlət büdcəsinə olan borcların həcmi 223 mln. 673 min manat azalaraq 799 mln. 795,9 min manat, artıq ödəmənin həcmi isə 92,9 min manat artaraq 1 mln. 824,2 min manat təşkil edib. Uzunmüddətli aşağı faizli borc vəsaitlərini 2014-cü il ilə müqayisədə 2015-ci ildə “Azərenerji” üzrə büdcə ödənişlərinin əhəmiyyətli artmasında əsas mənbə kimi qiymətləndirmək olar. Bununla yanaşı, nəzərə alınmalıdır ki, hesabat dövründə cəmiyyət üzrə dövlət büdcəsinə olan borcların həcminin azalmasına baxmayaraq 01.01.2016-cı il tarixə olan borcun məbləği 799 mln. 795,9 min manat və ya dövlət mülkiyyətində olan vergi ödəyicilərinin ümumilikdə borclarının 68,2 faizini təşkil etməklə yüksək olaraq qalmaqdadır.
Ekspertlərin Politika.Az-a bildirdiyinə görə, “Azərenerji”yə ayrılan maliyyənin şəffaflığı təmin edilməyib, milyonlarla insanın enerji ilə təchizatı baş verməyib. Bütün bunlar şirkətin maliyyə durumuna təsir edən faktorlar sırasındadır: “Azərenerji” bütün borcları dövlət təminatı ilə cəlb edib. Yəni bütün vəsaitlər razılaşdırılıb. Amma təəssüf ki, bu vəsaitlər səmərəsiz istifadə olunub. Heç bir şəffaflıq, hesabatlılıq olmayıb. Ona görə də bu vəsaitlərin nə dərəcədə təyinatı üzrə xərclənməsi sual altındadır. Ümumiyyətlə, bu vəsaitlərin götürülməsinə ehtiyac var idimi? Nə qədər ki şəffaflıq yoxdur, bu suallara cavab tapmaq çətindir». Özəl mənbələrin gundelik-baku.com-a verdiyi məlumata görə, vəzifəsini və bütün səlahiyyətlərini itirən Etibar Pirverdiyev üçün heç də xoş olmayan dönəm başlayıb.
İddialara görə, aidiyyəti dövlət qurumlarının nümayəndələri bu şəxsin «Azərenerji»yə rəhbərlik etdiyi dövrü araşdırmağa başlayıblar və quruma ayrılan milyonların izinə düşüblər. Mənbəmiz bildirir ki, bu yoxlamaların sonunda Etibar Pirverdiyevin barəsində cinayət işi açıla, həbs-qətimkan tədbiri seçilə bilər. Hələ bu da hamısı deyil. Əgər ASC sədrinin yeyinti faktları sübuta yetirilsə, onun bütün əmlakı müasadirə oluna bilər.