Erməniyə qalib gələn güləşçimiz olimpiadaya lisenziya qazanıb

Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Həsənov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. "Report"un məlumatına görə, 74 kq çəki dərəcəsində yer alan 26 yaşlı pəhləvan bu nailiyyətə Serbiyanın Zrenyanin şəhərində keçirilən Avropa Təsnifat Turnirində imza atıb.
Həsənov mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, ilk görüşündə Aleksandru Burkanı (Moldova) - 10:0 hesabı ilə yenib. Ardından Kristian Brzozovskini (Polşa) də eyni hesabla yenən azərbaycanlı güləşçi yarımfinalda Suren Xaçatryanla (Ermənistan) qarşılaşıb. Bu dəfə təcrübəli güləşçi 51 saniyəyə rəqibini tam üstünlüklə məğlub edib.
Beləliklə, finala yüksələn Həsənov, reqlamentə əsasən, olimpiadaya vəsiqəyə sahib çıxıb.
Qeyd edək ki, bu, Azərbaycan güləşçilərinin üst-üstə 12-ci lisenziyası olub.