Ermənistanın sabiq baş bankiri: “Ermənilər indiki kimi heç vaxt səfalət içində olmayıblar”

Ermənistanın sabiq baş bankiri, iqtisadçı Baqrat Asatryan 4 günlük aprel müharibəsindən sonra ölkədəki ağır ictimai-siyasi və sosial-iqtisadi durumu təhlil edib. Musavat.com-un məlumatına görə, 1 in.am portalına müsahibəsində o, mövcud durumun əsas səbəbi kimi, Ermənistandakı korrupsioner-kriminal rejimin varlığını göstərib.
4 günlük savaşın dərslərindən söz açan ekspert öncə prezident Serj Sərkisyanın generalları işdən azad eləməsinə münasibət bildirib: “Bu, günah keçisi axtarmağa bənzəyir. Çünki ölkədəki problemlər sistemli xarakter daşıyır. Bu sistem isə artıq köhnəlib, işləmir. Mən hərbi strukturlarla az təmasda oluram, ancaq hər dəfə tox generalların simasını görürəm. Buna dözmək artıq mümkün deyil. Biz hamımız yaxşı bilirik ki, əsgərin çörəyi, təhlükəsizliyi simvolikdir, hamımız bilirik ki, bütün bizim sistemimiz kimi hamı korrupsiyalaşıb”.
Onun sözlərinə görə, bu üzdən Ermənistanda ilk növbədə siyasi sistem dəyişməlidir: “İqtisadiyyat haqda deyilənlərin hamısı siyasi həyata da aiddir. Bu sahədə də mütləq monopoliya mövcuddur: hakimiyyəti qəsb edən qüvvə yaxına heç kimi buraxmır. Bilirik ki, ölkədə seçkilər zoraqkılığın, gücün, “məhəllə uşaqlarının”, pulun hesabına keçirilir. Yəni siyasi mühitdə rəqabətlilik istisnadır. Ən böyük rüsvayçılıq isə bizim parlamentdir. Belə prinsiplərlə formalaşan parlament lazım deyil. Onun əsasında da korrupsiya, pul dayanır. Əks halda başa düşmək olmur ki, heç bir iş görməyən, heç nə etməyən konkret adamlar orada necə peyda olub. Ölkədə piramida sistemi qurulub. Bu sistemdə də yalnız bir nəfər fikirləşə bilər, qalanlarının düşünmək hüququ yoxdur. Bizim problemimiz var, lakin birinci şəxs onlar haqda danışmasa, başqalarının danışması məqbul sayılmır”.
Sabiq baş bankir daha sonra deyib: “Biz indi başa düşmüşük ki, Ermənistan Respublikasının adını gözdən salmışıq. Biz hətta aşkar hallarda öz səsimizi də itirmişik. Hətta 4 günlük aprel müharibəsindən sonra da hakimiyyətin problemlərə münasibəti dəyişməyib. Ona görə ki, hakimiyyətin özü dəyişməyib. Yadıma gəlmir ki, o günlərdə hansısa məmur əsaslı və dəqiq bir bəyanat versin. Onların hamısı gözləyirdi ki, görək birinci şəxs nə deyəcək. Halbuki, bizim parlamentimiz, hökumətimiz var, onların hər biri müdaxilə eləməli idi. Ancaq cınqırları da çıxmadı”.
“Ceep” generalları təcili getməlidir. Prioritet bu olmalıdır. Biz addımbaaddım bu qənaətə gəlirik ki, bizdə ən zəif yer “baş”dır. Mövcud siyasi sistemin “başını” əməliyyat və amputasiya eləmək lazımdır”, - deyə Asatryan vurğulayıb.
Onun sözlərinə görə, 4 günlük aprel olayları erməni cəmiyyəti üçün dərs olmalıdır: “Cəmiyyət tələb qoymalı və dəyişikliyə getməlidir. İndiki sistem əhalinin yalnız 2%-nə xidmət edir. Bu sistem sadə vətəndaşlar üçün deyil. Öz gündəlik qayğıları ilə yaşayan sadə vətəndaşlar özləri öz problemlərinin həllini tapmağa çalışırlar. Əsas həll yolu da - emiqrasiyadır. İstənilən vətəndaşdan soruşun, deyəcək ki, vəziyyət pisdir. Ermənilər indiki kimi heç vaxt kasıb olmayıblar”.
“Bizim iqtisadiyyat çox zəifdir. Kobud müqayisə aparacağam:  deyirlər ölən adamın bədən temperaturu dəyişmir. Biz məhz belə bir mühitə uyğun gəlirik, çünki bizim iqtisadi vəziyyətimiz elədir ki, heç bir dəyişikliyi büruzə vermir. Əgər hansısa ölkədə bizdəki kimi təlatümlər olsaydı, mütləq iqtisadiyyatda nəticələri olardı. Bizim iqtisadiyyat isə o dərəcədə daralıb, rəqabət üçün, liberal imkanlar üçün o dərəcədə imkansız hala gəlib ki, belə dəyişikliklər baş vermir. Ermənistana yalnız balaca bazar qanunları işləyir. Bu qanunlar isə bazar qanunlarından ciddi şəkildə fərqlənir” – sonda iqtisadçı əlavə edib.