Ermənistanda itirilmiş 800 hektar mübahisələri: “Tərtəri, Gəncəni tutarıq...”

Ermənistanda prezident Serj Sərkisyanın apreldəki 4 günlük müharibə zamanı 800 hektar ərazinin Azərbaycanın nəzarətinə keçdiyi haqda açıqlamalarından sonra mübahisələr səngimir.
Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, hakim Respublikaçılar partiyasının parlament fraksiyasının rəhbəri Vəhram Baqdasaryan jurnalistlər qarşısında əvvəlcə həmin 800 hektar ərazinin “səhralıqdan ibarət olduğunu və heç nəyə yaramadığını” deyib.
Lakin onun sözləri kəskin reaksiyalarla qarşılaşandan sonra deputat sözlərini başqa səmtə yozub. Deyib ki, həmin ərazilərin “səhralıq və heç nə yaramayan” olduğunu deməklə Azərbaycanın əldə etdiyi nəticələrlə qürrələnməməsinə çalışırdı.

Ermənistan Milli Məclisinin rəhbəri Qalust  Saakyan isə deyib ki, jurnalistlər Baghdasaryanın sözlərini yanlış anlayıblar. "Düşünürəm ki, onun sözləri səhb anlaşılıb. Təbii ki, bizim üçün torpaq itirmək ağırdır və Baghdasaryan məhz bu aspektdə danışıb," deyə Saakyan bildirib.
Bundan əvvəl Ermənistan prezidenti Serj Sərkisyan  Vyana görüşündən qayıdarkən təyyarədə jurnalistlərə müsahibə verərkən Erməistan tərəfinin itirdiyi 800 hektar ərazidən danışarkən belə demişdi: "Bu 800 hektara görə daha 35-40, yaxud 80 vətənpərvər oğlanı qurban verməyə dəyərdimi? Onlar hələ bizə lazım olacaqlar"
Həmin müsahibədən sonra fraksiya sədri Vahram Baqdasaryan bu mövqeyi müdafiə edərək bildirmişdi ki, əhəmiyyətsiz ərazilərə görə yeni qurbanlar verməyə dəyməz. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi aprel döyüşləri zamanı işğaldan azad edilən ərazilərin heç də 800 hektar  deyil, 2000 hektar olduğunu açıqlayıb.
Hakim Respublika partiyasından olan deputat Arakel Movsisyan isə deyir ki, bir metr də olsun torpaq itirilməli deyildi. Keçmiş səhra komandiri olan Movsisyan aprelin 2-də döyüşlər başlayanda öz dəstəsi ilə birlikdə Qarabağa yollanıb, təxminən ay yarım orada qaldıqdan sonra İrəvana dönüb. “Gözəl günlərin birində bu ərazilər geri qaytarılacaq”-Movsisyan itirilmiş ərazilərin qəfil əks-hücumla geri alınmasına eyhamla bildirib.
“Prezident hər şeyi açıq danışmalı deyil. Siz günlərin birində görəcəksiniz ki, həmin ərazilər, itirilmiş mövqelər qaytarılıb. Bir metr də olsun torpaq itirilməyəcək, nəzarətimizdəki ərazilər artacaq ki, azalmayacaq”-deputat deyib.

Arakel Movsisyana görə əgər Azərbaycan tərəfi apreldə nə baş verdiyi haqda danışmağı dayandırmasa erməni tərəfi dayanmayacaq, döyüş əməliyyatları ancaq itirilmiş ərazilər geri qaytarılandan sonra başa çatacaq. “Allah eləmiş bu dəfə ya Tərtərdə, ya Horadizdə, ya Beyləqanda, yaxud Kirovabadda (Gəncə) qələbəni qeyd edəcəyik”-Movsisyan deyib.

“Firəvan Ermənistan” partiyasından deputat, aprel döyüşləri zamanı Qarabağa yollanan və təzə geri qayıdan Rüstəm Qasparyan da itirilmiş ərazilərin “gec-tez geri qaytarılacağını” deyib. 90-cı illərdə gedən müharibənin iştirakçısı olan Qasparyan  bununla belə əlavə edib ki, həmin ərazilər həlledici rol oynamır. “800 hektar bir kəndin yarısıdır. Qarabağ yeddi rayonla birlikdə alınıb. Fakt budur ki, hazırda bir neçə mövqelər onların əlindədir və mənim fikrimcə bu müvəqqətidir”-Qasparyan bildirib.
Keçmiş səhra komandirləri və Qarabağ döyüşlərində iştirak edən keçmiş hərbçilər də bir ağızdan bağırır ki, itirilmiş əraziləri geri qaytarmaq lazımdır. Məsələn, kəşfiyyatçı Vova Vardanov Azərbaycanın əlində olan mövqelərin taktiki üstünlüyü haqda danışaraq deyib ki, həmin mövqelərdən Talış kəndini nəzarətdə saxlamaq olur. “Onlar bu mövqelərdən bizim onlarla hərbçimizi məhv edə bilərlər”-Vova deyib.
General Arkadi Ter-Tadevosyan da itirilmiş əraziləri geri almaq üçün hücum əməliyyatına başlamağa çağırıb. O, təsdiq edir ki, həmin ərazilər taktiki əhəmiyyətə malikdir.
Ermənistanda 800 hektar ətrafında gedən bu polemikalardan ortaya çıxan nəticə nədir? Nəticə budur ki,  heç ərazilərinin 20 faizi işğal altında olan ölkədə itirilmiş torpaqların geri qaytarılması tələbləri ictimaiyyət nümayəndələri, siyasətçilər və keçmiş hərbçilər tərəfindən bu cür kəskin polemika mövzusu deyil, Ermənistanda isə işğal edilmiş ərazilərin 800 hektarının itirilməsi siyasi zəlzələ effekti yaradıb. Göründüyü kimi Vyanada münaqişə ətrafında gərginliyin azaldılmasına dair əldə edilmiş razılaşmalar da Ermənistan hakimiyyətinin Azərbaycana qarşı müharibə və yeni ərazilər işğal etmək çağırışlarını səngitməyib. Hakim partiyanın deputatı Movsisyan isə daha həyasız bəyanat verərək Tərtəri, Gəncəni tutmaq çağırışları səsləndirir. Görünür bu çağırışlara və düşmənin təmas xəttində apardığı hazırlıqlara sərt cavab verməyin vaxtı çatıb...
Movsisyan və digərləri hələ 90-cı illərin eyforiyası altındadır və aprel döyüşləri onları möhkəm pərt edib, ancaq belə görünür ki, bu eyforiyanı soyutmaq üçün kifayət etməyib.