"Ermənistan Rusiya və Qərb arasında manevr etməyə çalışır" — Politoloq

Aprel ayının əvvəlində baş verən döyüşlər nəticəsində Azərbaycan Talış yüksəkliyini, Lələ Təpəni işğaldan azad etdi.
Bundan sonra Rusiyanın təkidi ilə Azərbaycan və Ermənistan arasında sülh danışıqları yenidən başladı. Rusiyanın for-postu sayılan Ermənistanda isə müharibə çağırışları səngimir. Keçmiş Qarabağ müharibəsi iştirakçıları olan erməni terrorçuları müharibə etmək istədiklərini, işğaldan azad etdiyimiz torpaqları geri qaytarmaq istədiklərini bildirirlər.
Rusiyanın sülh istədiyi bir zamanda Moskvanın faktiki vassalı olan ermənilərin bu cür addım atması çox qəribə gəlir.
Bununla bağlı politoloq Elşən Manafov Ölkə.Az-a danışıb:
"Ermənistan tərəfindən səsləndirilən bəyanatlar ilk baxşda belə bir təəssürat yarada bilər ki, Ermənistan bölgədə Rusiyanın for-post dövləti deyil, özünün dövləti maraqlarından çıxış edərək, Qarabağ probleminin çözülməsi ilə bağlı məsələlərə yanaşır. Əslində isə belə deyil. Ermənistanın indiki siyasi hakim elitası məhz Rusiyanın xeyir-duası ilə və siyasi dəstəyi şəraitində hakimiyyətə gəlib. Ermənistandakı hakim siyasi elita əslində erməni seçicilərinin böyük əksəriyyətinin rəğbətini qazanmayıb. Bu siyasi elita Qarabağ dalğası üzərində hakimiyyətə gəlmiş, Azərbaycan soylu ermənilərdir. Onlar keçmiş Qarabağlılardır. İndiki hakim elitaya Ermənistan seçicilərinin münasibəti birmənalı deyil. Bunla belə, bu siyasi hakimiyyət yayımladığı bəyanatla ilk baxışda beynəlxalq aləmdə belə bir mövqe aşılamağa çalışır ki, Ermənistanın kifayət qədər səlis, düşünülmüş, məqsədyönlü şəkildə həyata keçirilən siyasəti var. Eyni zamanda bu kimi bəyanatlar Qərbin müəyyən dairələrində bu və ya digər formada maraq doğurmaq üçün həyata keçirilən siyasətin reallıqlarından da irəli gələ bilər.
Baxmayaraq ki, Ermənistanın siyasi elitası tam mənada Rusiyadan asılıdır, Ermənistanın siyasi elitası zaman-zaman Rusiya və Qərb arasında manevr etməyə çalışır. Ermənistanın iqtisadiyyatı, kənd təsərüfatı, bütövlükdə erməni dövləti rəsmi Moskvadan asılıdır.
Qərbin müəyyən dairələrindən, erməni lobbisindən lazım olan maddi dəstəyi almaq üçün ilk baxışda formal müstəqilliyin mövcud olması ilə bağlı siyasətin həyata keçirilməsi indiki hakimiyyətin korporativ maraqlarına cavab verir. Digər tərəfdən Qərb nəyin bahasına olursa-olsun Ermənistanı zaman-zaman Rusiyanın təsir dairəsindən çıxararaq, yönləndirilmiş siyasətin tərəfdarı olub. Xatırladaq ki, zamanında Qərbin təzyiqi ilə Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin bərpasını, sərhədlərin açılmasını nəzərdə tutan sülh protokolu da buna görə gündəmə gəlmişdi. Ermənistan iqtidarının ilk baxışda müstəqil siyasət yeritməklə bağlı ortalığa qoyduğu onun daha çox korporativ maraqlarından irəli gəlir. Lazım olanda manevr etmək, Qərbin bu və ya digər siyasi dairələri ilə münasibətlərində Rusiya iqtidarından özünü qorumaq və sığortalamaq üçün müəyyən dəstək almaqdır.
Ermənistan iqtidarının həyata keçirdiyi siyasət və verdiyi bəyanatlarda gerçəkdən bu iqtidarın müstəqil olması, Rusiyadan asılı olmadan, Kremllə razılaşdırmadan yeritməsi ilə bağlı məsələlər seçicilər üçün düşünülmüş bir addımdır. Görünən kəndə bələdçi lazım olmadığı kimi, Ermənistanın indiki iqtidarının da Rusiyanın dəstəyi şəraitində hakimiyyətdə qalması gün kimi aydındır. Bu iqtidar başa düşür ki, Ermənistanın əvvəlki iqtidarı beynəlxalq birliyin dəstəyi şəraitində Azərbaycanla danışıqlara gedib problemin çözülməsi üçün addımlar atan kimi Ermənistan parlamenti gülləbaran edildi. Ermənistandakı siyasi elita devrildi. Bu isə Rusiyanın dəstəyi altında olan bütün siyasi qüvvələr üçün bir ismarıcdır".