Ermənistan rəhbərliyindəki mənbə Putinin Qarabağ planı haqda: ”İki saata bizi devirərlər”

Azərbaycan prezidentinin Administrasiyası tezliklə Dağlıq Qarabağ münaqişəsnə dair intensiv danışıqların başlayacağını bəyan edib. Hələlik danışıqların tezliklə başlayacağını, prezidentlərin görüşünün baş tuta biləcəyini İrəvanda təsdiq etmirlər.
Bununla belə “Kommersant” qəzeti yazır ki, Kreml doğrudan da mümkün qədər qısa zamanda tərəfləri danışıqlar masası arxasına oturtmağa çalışır və Qarabağ münaqişəsinin nizamlanmasına “olduqca mühüm” əhəmiyyət verir.
Virtualaz.org xəbər verir ki, qəzet Rusiya prezidenti Vladimir Putinin tərəfləri hərbi əməliyyatların dayandırılmasına inandırdıqdan sonra postsovet məkanının bu ən mürəkkəb münaqişəsinin uzunmüddətli həllinin tapılması üçün sülh prosesini bərpa etmək fikrində qətidir.
Kremldəki yüksək rütbəli mənbə qəzetə bildirib: “Moskvada Qarabağ münaqişəsinin nizamlanmasına fövqəladə mühüm əhəmiyyət verirlər. Biz bütün zəruri diplomatik mexanizmləri işə salmışıq ki, tərəfləri ən yaxın zamanda danışıqlar masası arxasına keçməyə razı salaq”.
Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan isə deyib ki, əgər danışıqlar başlayacaqsa ancaq 2011-ci ildə təqdim edilmiş Kazan sənədi əsasında başlaya bilər. Söhbət münaqişənin nizamlanması üçün prezidentlərə təqdim edilən “yol xəritəsindən” gedir.

“Həmin sənədə əsasən Dağlıq Qarabağ ətrafındakı rayonlardan Qubadlı, Zəngilan, Cəbrayıl, Kəlbəcər rayonlarının, qismən Füzuli və Ağdam rayonlarının, üstəgəl Laçın rayonunun 13 kəndinin boşaldılmasından, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizin yaradılmasından gedir. Planın əsas məhək daşı isə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyən edilməsidir. Bir şərtlə ki, qaçqınların qayıtması problemi həllini tapsın. Lakin 2011-ci ildə Azərbaycan və Ermənistan liderləri son anda bu planı razılaşdıra bilmədilər”-qəzet yazır.
Ermənistan hökumətindəki yüksək rütbəli mənbə isə “Kommersant”ı əmin edib ki, Dağlıq Qarabağın müstəqilliyi tələbindən geri çəkilsələr onları dərhal devirəcəklər.
“Erməni tərəfi əvvəl Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş razılaşmaların müzakirəsinə geri qayıtmağa hazırdır. Qarabağ ətrafındakı rayonlar erməni qüvvələri tərəfindən ona görə zəbt edilib ki, sonra onları Dağlıq Qarabağın tanınmasının və fikizi təhlükəsizlik təminatının əvəzində geri qaytaraq. İndiki şərtlərdə rayonları qaytarsaq onlar Qarabağ əhalisini öldürəcəklər. Heç bir hakimiyyət, nə burada, nə Qarabağda başqa cür hərəkət edə bilməz. Ultimatumdan imtina edən kimi onu iki saata devirəcəklər. Biz heç vaxt əsas tələbdən-Qarabağın müstəqilliyinin tanınmasından imtina etməyəcəyik”.
Moskvadakı Karnergi fondunun eksperti Aleksey Malaşenko isə hesab edir ki, Moskvanın Qarabağ məsələsində fəallaşması yeni geosiyasi dividendlər əldə etmək məqsədi daşımır, sadəcə olaraq göstərdiyi vasitəçilik səylərinin iflasa uğramasından və  son hərbi əməliyyatlara qəfil yaxalanandan sonra sifətini qoruyub saxlamaq istəyir. Onun fikrincə Putini fəal hərəkətlərə keçməyə məcbur edən Azərbaycan və Ermənistanla eyni vaxtda mürəkkəb münasibətlərdir.
“Rusiyanın məqsədi Ermənistanda imicini qorumaq, Azərbaycanın isə əldən çıxıb Qərbin təsiri altına düşməsinə imkan verməməkdir”-ekspert deyir.
Beləliklə, görünən odur ki, Putinin vasitəçiliyi ilə danışıqlar başlasa belə Ermənistandakı rejim öz maksimalist tələbindən-Dağlıq Qarabağın müstəqilliyi şərtindən geri çəkilmək niyyəti ortaya qoymayacaq. Nəticədə danışıqların nəticəsiz qalacağı bəribaşdan aydındır. Ən uzağı bu danışıqlar münaqişə ətrafında gərginliyin müvəqqəti olaraq səngiməsinə səbəb olacaq...