​Ermənistan işğal altındakı rayonları qaytarır? – Şərhlər

 
Dünən Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyan 6-cı ümumerməni “Ermənistan-Dispora” forumunun iştirakçılarının suallarını cavablandırarkən sensasiya ilə qarşılanmış bəyanatla çıxış edib.
 
Edvard Nalbandyan Qarabağ probleminin tənzimlənməsi çərçivəsində işğal altında olan ərazilərin Azərbaycana qaytarılmasından danışıb. Nazir deyib ki, söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik, nə də inkişaf nöqteyi-nəzərindən təhlükə yaradır.
 
Ermənistanın baş diplomatının son bəyanatını politoloqlar Teleqraf.com-a şərh ediblər.
 
Millət vəkili Rasim Musabəyov hesab edir ki, Nalbandyanın bu bəyanatı toy-bayram etmək üçün əsas yaratmır. Onun sözlərinə görə, erməni nazirin fikirləri qəfildən deyilməyib:
 
“Bunu əvvəl Prezident Sərkisyan da deyirdi. Ümumiyyətlə, nizamlanma layihələrində ermənilərin işğal edilən ərazilərdən çıxması nəzərdə tutulub. Sadəcə, onlar işğal edilən ərazilər deyərkən Laçın və Kəlbəcəri çıxmaq şərti ilə digər ərazilərdən geri çəkilməyə razılıq verirlər. Anlayırlar ki, bu qaçılmazdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri qüvvədədir və onlardan boyun qaçırmaq qeyri-mümkündür”.
 
Musabəyov qeyd edib ki, danışıqlar prosesində rəsmi Bakının tələbi ermənilərin işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasıdır: “Erməni tərəfi isə şərt kimi Dağlıq Qarabağı Azərbaycandan qoparmaq, üstəlik Laçın və Kəlbəcəri özündə saxlamaq niyyəti güdür. Təbii ki, Azərbaycan bu cür razılaşmaya heç vaxt gedəsi deyil.
 
Nalbandyan Dağlıq Qarabağın inkişafına və təhlükəsizliyinə mane olmayan ərazilər dedikdə də Laçın və Kəlbəcəri nəzərdə tutur. Nəzərə alın ki, layihələrdə də 5+2 rayon qeyd edilir”.
 
Millət vəkili əlavə edib ki, hazırda bu istiqamətdə danışıqlar prosesi getmir:
 
“Vasitəçilətr hər iki ölkəyə gedib tərəflərin mövqeyi ilə tanış olur və hansısa təkliflər verirlər. Demək olar ki, Kazan görüşündən sonra tərəflər qarşı-qarşıya əyləşib danışıqlar aparmırlar. Hazırda danışıqların bərpa edilməsi məsələsi gündəlikdədir”.
 
Politoloq Elxan Şahinoğlu da bildirib ki, Edvard Nalbandyan yeni heç nə deməyib:
 
“Görürəm ki, bəziləri bu xəbərdən sensasiya düzəldir. Yenə cəmiyyətimizi yalandan ümidləndirməyək. Onsuz da ermənilər danışıqların ilkin mərhələsində 5 rayonu boşaltmalıdırlar və bunu özləri də qəbul edirlər. Nalbandyan həmin cümləsində “Dağlıq Qarabağa təhlükə yaratmayan ərazilərin boşaldılması” ifadəsini işlədib.
 
Bu o deməkdir ki, İrəvan Şuşa, Laçın və Kəlbəcəri boşaltmağı düşünmür. Digər tərəfdən, İrəvan boşaltmaq istədiyi rayonların əvəzində nə istəyir? Bu da bəllidir. 5 rayonu o şərtlə boşaltmağa hazırdırlar ki, sülh sazişində referendumun keçiriləcəyi tarix göstərilsin. Yəni 5 rayonun əvəzində müstəqilliklərini legitimləşdirmək istəyirlər. Bunun nəyi bizim xeyrimizədir?
 
5 rayonun boşaldılması əvəzinə Dağlıq Qarabağın tamamını itirə bilərik. Yenilik sadəcə budur: Nalbandyan cəmiyyətinə eşitdirib ki, münaqişənin həllinin ilkin mərhələsində Dağlıq Qarabağ ətrafındakı hansısa rayonları boşaldacaqlar. Əslində, açıqlamanın bu hissəsində də xüsusi yenilik yoxdur. Ermənistan prezidenti Serj Sərkisyan da müxtəlif vaxtlarda bu cümləni dilə gətirib”.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...