"Ermənistan ağasız yaşaya bilməz" — Millət vəkili

 
İrəvanı mitinqlər dalğası bürüyür. Ermənilər Sarkisyanı istefaya səsləyirlər.
 
Ermənistan parlamentinin deputatı Nikol Paşinyan Ermənistan prezidenti Serj Sarkisyanın istefasını tələb edib. O, bildirib ki, Serj Sarkisyanın istefası fəaliyyətimizin ən mühüm məqsədlərindən biri olmalıdır.
 
Bəzi ekspertlər İrəvanda baş verənləri sosial problemlərdən yaranan partlayış kimi qiymətləndirirlər. Bir çoxları isə, bildirir ki, bu, ermənilərin öz oyunudur. Onlar son zamanlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aktivləşən danışıqları yarımçıq saxlamaq, bütün dünyaya ermənilərin buna razı olmayacaqarını çatdırmaq istəyirlər.
 
Ermənistanda baş verən proseslərlə bağlı millət vəkili Araz Əlizadə Ölkə.Az-a danışıb:
 
"Onu nəzərə almaq lazımdır ki, erməni xalqının sosial vəziyyəti çox ağırdır. Təkcə onu demək kifayətdir ki, yanvar-may ayları ərzində 175 min Ermənistan vətəndaşı ölkədən çıxıb gedib. Əgər belə demək mükündürsə, Ermənistan "müstəqilliyini" qazanandan bu günə qədər Ermənistan əhalisi 1 milyondan çox azalıb. Belə olan halda xalqın səbr kasası dolur. Xalq dəyişiklik istəyir.
 
Ermənistanda baş verən hadisələrdə erməni diasporunun da rolu var. Erməni diasporu Rusiyaya təzyiq etmək istəyir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə proseslərdə rəsmi Moskva sülhməramlı rolu oynamasın. Ermənilər Rusiyaya demək istəyir ki, "o torpaqları bizə alıb vermisən, çox sağ ol, bununla da işiniz bitib. Bundan sonra əsas işiniz status-kvonu qoruyub saxlamaqdır".
 
Hazırda beynəlxalq aləmdə elə bir situasiyadır ki, Rusiya Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyir. Buna görə də Rusiya Azərbaycana qarşı insaflı hərəkət etməyə çalışır. Erməni diasporunun lideri Moskvada belə bir ifadə işlətdi: "Əgər biz Rusiyaya lazım deyiliksə, Rusiyaya Azərbaycan lazımdırsa bizi buraxsınlar gedək, başımıza çarə qılaq". Bu açıqlama ilə ermənilər Rusiyadan asılı olduqlarını etiraf etmiş oldular.
 
Ermənistan heç vaxt müstəqil olmayacaq. Əgər Rusiyanın təsirindən çıxa bilsə, Ermənistan müstəqil ola bilər, bu da mümkün deyil. Ermənistan iqtisadiyyatının 90%-dən çoxu Rusiyanındır və ya ondan asılıdır. Ermənistan ağasız dolana, var ola bilməz, çünki heç bir resursu yoxdur.
 
Sarkisyanın devrilməsi çətin bir şey deyil. Sarkisyanın devrilməsi də, erməni xalqına heç nə verməyəcək. Nə qədər ki, Sarkisyan var, Dağlıq Qarabağ məsələsinin ədalətli həlli qeyri-mümkündür. Sarkisyan və Köçəryan Dağlıq Qarabağ məsələsindən sonra ortaya çıxıblar. Nə qədər ki, Qarabağ mafiyası Ermənistanda hakimiyyəti ələ keçirib, Dağlıq Qarabağ probleminin ədalətli həlli mümkün deyil.
 
Petrosiyan hakimiyyəti dövründə Dağlıq Qarabağ problemini həll etməyə çalışdı. Bunu etmək istədi, çünki Köçəryandan, Sarkisyandan fərqli olaraq savadlı insan idi. Elə buna görə də Qarabağ mafiyası onu hakimiyyətdən kənarlaşdırdı".