​Erməninin zəif yerini biliriksə...

 
İlham İsmayıl
 
 
Dünən -18 sentyabrda İrəvanda  “Ermənistan-Diaspora” Altıncı ümumerməni forumu işə başlayıb. Ermənistanın siyasi-dini və diaspora rəhbərləri çıxış edib, müxtəlif bəyanatlar, fikirlər səsləndiriblər. Aydın məsələdir ki, Azərbaycan tərəfini  Qarabağla əlaqədar deyilən fikirlər, bəyanatlar maraqlandırır. Ermənistanın xarici işlər naziri  Nalbandyanın dünənki bəyanatı həm bizim , həm də Rusiya KİV-nin marağına səbəb olub.  Nalbandyan bildirib ki, Azərbaycan hərbi əməliyyatlara  yenidən başlasa, Ermənistan Dağlıq Qarabağı tanıyacaq. Erməni nazir  əlavə edib ki, Ermənistan DQ ətrafındakı bəzi rayonların qaytarılmasına etiraz  etmir, bir şərtlə ki, təhlükəsizlik məsələləri və DQ-nin statusu əvvəlcədən həll olunsun.Yəni, Dağlıq Qarabağa müstəqillik verilsin. İlk baxışdan  erməni tərəfin dediyində yenilik yoxdur. Amma, bəzi məqamlara nəzər salaq.
 
Erməni tərəf müharibənin başladığı təqdirdə həm Dağlıq Qarabağın tanınmasını, həm də cavab olaraq sərt hərbi addımlar atacağını xüsusi vurğulayır. Yəni, bizi qorxudur. Nalbandyan “müharibə başlamasın, biz bəzi rayonları güzəştə gedərik” deməklə özlərinin də qorxduğunu dolayısı ilə etiraf edib ki, müharibə onlar üçün çox təhlükəlidir. Ermənistan Dağlıq Qarabağı tanıdığı halda danışıqlar tamam dayandırılır və nəticələrin kimin xeyrinə və ya zərərinə olacağı hadisələrin gedişindən, tərəflərin növbəti addımlarından asılıdır.
 
Baxmayaraq ki, Nalbandyan və müdafiə naziri Vigen Sarkisyan qətiyyətlə deyirlər ki, müharibə başlasa, Ermənistanın qələbə çalması üçün hər cür imkanları var, aydındır ki, bu tip  bəyanatlar təbliğat naminə səsləndirilir.
 
Bu bəyanatın ardınca qondarma DQ-nin xarici işlər naziri Karen Mirzoyanın dedikləri isə daha aqressiv və düşündürücüdür. Karen Mirzoyan bildirib ki, “nəzarət etdiyimiz bütün torpaqlar DQR-na məxsusdur və heç bir torpaq güzəştindən söhbət gedə bilməz”. Jurnalistlərin güzəşt məsələsində Ermənistan və DQ arasında fikir ayrılığının  olması barədə suala Mirzoyan: "Hər  bir ölkə addım atanda özünün əsas qanunvericiliyinə - Konstitusiyaya əsaslanır. DQR-in Konstitusiyasında yazılıb ki, nəzarət etdiyimiz torpaqlar DQR-in ayrılmaz tərkib hissəsidir".
 
Bütün bunlar göstərir ki, 24 illik danışıqlar prossesində Azərbaycan tərəfi  Ermənistanı və separatçıları zəruri sayıla biləcək qədər geri çəkilməyə məcbur edən rıçaqlara malik olmayıb və ya onu yarada bilməyib. 5+2-lər, 2+5-lər bizim başımızın altına qoyulan yastıq, daha doğrusu tələdir və bu tələnin təkərinə düşüb fırlanırıq, fırladırlar. 71 ölkədən 1800 erməni ictimai-siyasi xadim foruma gəlib Ermənistanın problemlərini müzakirə edirlər, çıxış yolları axtarırlar, müzakirələrdə dövlətin ən yüksək rəsmiləri də iştirak edir. Bizim ictimaiyyətin, xaricdə yaşayan diasporanın hələ bir yerə cəm olub ölkənin bir nömrəli problemini nə vaxt müzakirə etdikləri yada gəlmir. Bədbəxtlik ondadır ki, bizim xarici diaspora adlandırdığımız adamların çoxu da siyasi mühacir status alıb və vətənə gələ bilmirlər. Torpağı işğal altında olan sanki biz deyil, ermənilərdir. Nə iqtidar, nə müxalifət, nə də qeyri-siyasilər, başda da torpaqları düşmən tapdağında olan qaçqınlar müzakirəyə təşəbbüs belə göstərməyiblər. Son günlər sosial şəbəkələrdə səslənən Qarabağ xalq qurultayı da hələ ki, söz olaraq qalır.
 
Qarabağ konfliktinə aid olmayan bəzi məsələlərdə də Azərbaycanın ətrafında baş verən  prosseslər bizim tam əleyhimizə olduğundan, mövcud imicimizlə Biləcəridən o tərəfə getməyimiz böyük sual altındadır. Ona görə də beynəlxalq danışıqlarda samballı tərəfdaş tapmağımız  indi  mümkünsüz görünür. Belə vəziyyətdə yenə də erməninin qorxduğu Azərbaycan əsgərinə, xalqa, orduya güvənmək lazımdır. Millətin ruhu yalnız Qarabağ məsələsində hələ ölməyib… Hərbi gücü olanla hesablaşırlar.
 
Dünya qalıb Kim Çın Inın əlində, ona görə ki, heç nəyi olmasa da güclü ordusu var. Sabah biz Xankəndini alsaq, uzaqbaşı BMT bir arayış da verəcək ki, gərək bu işi sülh yolu ilə həll edəydiniz.
Nyu-Yorkda E.Məmmədyarovun Nalbandyanla görüşməsi (bəlkə də görüşmədilər) növbətçi görüş ola bilər və başqa bir effekt yaradası deyil. Qarabağ  problemi 24 ildi belə görüşlərə adət edib. İşlə məşğul olmaq lazımdır.  Erməni nazir nədən qorxduqlarını açıq söyləyir. Düşmənin zəif yerini biliriksə, niyə onu qorxduğu ilə qorxutmuruq?
 
İlham İsmayıl - yazarın arxivi

Загрузка...
Загрузка...