​Ermənilərlə əməkdaşlıq edən Azərbaycan şirkətlərindən açıqlama - “…bilməmişik”

 
Uzun müddətdir Azərbaycanın quşçuluq şirkətlərilə əməkdaşlıq edən Türkiyənin “Emre Piliç” şirkətinin erməni ortaqları olduğu üzə çıxıb
 
Belə ki, məlumata görə, bu şirkətin ortaqları arasında milliyətcə erməni Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyan da var. Türkiyənin iri broyler şirkəti “Emre Piliç” Azərbaycana quşçuluq məhsulları idxal edir…
 
Azərbaycandan isə bu şirkətlə təması olanlar arasında “Bakı Quşçuluq”, “İmişli Quşçuluq”, “Səba” ASC, “Abşeron” MMC, “Şəfalı Broyler”, “İsmayıllı Quşçuluq”, “Buzovna Broyler”, “Dəvəçi Quşçuluq”, “Aqrolizinq” QSC, “Şəmkir Quşçuluq”, “İspanyolla” ticarət mərkəzi, “Hacıqabul Quşçuluq”, “Siyəzən Broyler”, “Qaradaşlı Broyler” və digərlərinin adı hallanır.
 
Bu şirkətlər “Emre Piliç”dən əsasən damazlıq yumurta alırlar.
 
Turaninfo.Az bildirir ki, modern.az saytı ermənilərlə əməkdaşlıq etdiyi iddia olunan şirkətlərdən bəzilərindən işbirliyinə dair açıqlama istəyib.
 
“Emre Piliç”lə uzun müddətə və bir çox sahələrdə əməkdaşlıq edən “Qaradaşlı Broyler”in müraciət etdiyimiz əməkdaşları – Məhəmməd və Müşfiq mətbuat nümayəndəsi olduğumuzu biləndə sərt təpki verərək, telefonu qapatdılar. Sualdan yayınma isə onların hələ də ermənilərlə əlbir olduğunu sübut edir. Əgər əksi olsaydı, cavab verməyə sözləri olardı deyə, düşünürük…
 
“Siyəzən Broyler”in təmsilçisi Ələsgər Abbasov həmin şirkətlə əməkdaşlıq etmədiklərini bildirdi:
 
“Artıq 1 ildir ki, biz “Emre Piliç”lə əməkdaşlıq etmirik. Bizdən əvvəl burda çalışan əməkdaşlar həmin şirkətlə əlaqə qurmuşdular. Amma 1 ildən çoxdur ki, biz “Emre Piliç”dən heç bir məhsul, o cümlədən də damazlıq yumurta almırıq.
 
Bizi ilkin olaraq onların müəyyən etdiyi qiymətlər qane etmədi. Qiymətdə razılığa gəlmədiyimiz üçün əməkdaşlığa son qoyduq. Bundan narazı qalan “Emre Piliç”in təmsilçiləri bizi məhkəmə ilə hədələdilər. Yəni açıq bazar iqtisadiyyatıdır, işləyəcəyimiz şirkəti də özümüz seçirik. Ona görə də onların məhkəməsi də bir işə yaramadı. Biz yerli şirkətlərlə əməkdaşlıq edəcəyimizi bildirdik və qəti şəkildə onlardan hər hansı məhsul almadıq”.
 
Ə.Abbasov deyib ki, “Emre Piliç”in erməni ortaqları olduğundan xəbərsizdir:
 
“Amma qeyd edim ki, həmin ərəfədə biz onların erməni ortaqlarının olduğunu bilmirdik. Tam dəqiqini desəm, sonuncu dəfə “Emre Piliç”dən 2015-ci ilin oktyabrında damazlıq yumurta almışıq. Onu da qeyd edim ki, biz satış üçün yumurta almırıq. O vaxtdan sonra isə yerli şirkətlərlə əməkdaşlığa başlamışıq, “Azərquşçuluq”, “Nəzərkənd”dən damazlıq yumurta alırıq”.
 
Qiymətlərə gəlincə, şirkət rəsmisi deyib ki, bazarda qiymətlər hər gün dəyişir:
 
“Həmin vaxt yerli şirkətlərlə müqayisədə “Emre Piliç”dən 2 qəpik baha alırdıq. Təbii olaraq da qiymətlər bizi qane etmirdi. Amma “Emre Piliç”in erməni ortağı olduğunu ilk dəfə sizdən eşidirəm. Bu mənim üçün də gözlənilməz yenilik oldu”.
 
“İmişli Broyler”in sahibkarı Əlif Səfalı da həmin şirkətlə əməkdaşlıq etmədiyini açıqlayıb:
 
“Biz 2011-ci ildən etibarən damazlıq yumurta istehsal edirik. Həmin şirkətlə heç bir əlaqəmiz yoxdur. Mən özüm damazlıq yumurta istehsal edirəmsə, kənardan, həm də erməni ortağı olan şirkətdən niyə damazlıq yumurta alım ki?..”.
 
“Səba broyler”in təchizat müdiri Ziya Abdullayev bu cür məlumatların hələ ötən il də yayıldığını xatırladaraq belə deyib:
 
“Biz 1 il yarımdır ki, “Emre Piliç”lə işləmirik. Biz onlarla əməkdaşlığa son qoyanda belə, onların erməni ortağı olduğunu bilmirdik. Bu cür məlumatlar biz onlarla əməkdaşlığı bitirəndən təxminən yarım il sonra yayıldı. Yəni həmin vaxt biz faktiki olaraq “Emre Piliç”lə işləmirdik. Bu məsələ artıq ikinci ildir ki, təkrarlanır. Biz ümumiyyətlə, qardaş ölkə olduğu üçün Türkiyənin bir çox şirkətləri ilə əməkdaşlıq edirik. Həm avadanlıq alırıq, həm də bir çox mal-məhsul. Amma onların arasında adı çəkilən şirkət yoxdur”.
 
1996-cı ildə Türkiyənin Kocaeli vilayətində yaradılan “Emre Piliç” hazırda İzmit, Mudurnu, Nallıhan ve Ayaş olmaqla 4 bölgədə 9 tarla, 70 toyuq hininə sahibdir. 279 nəfər işçisilə istehsal etdiyi məhsulun 70 faizini idxal edən şirkət həm damazlıq cücə, həm də damazlıq yumurta satışını həyata keçirir.

Загрузка...
Загрузка...