Ermənilərin məxfi döyüş xəritələri əlimizdədir - MN

Biz, atəşkəs elan edilməsinə baxmayaraq, Ermənistanla müharibə şəraitində yaşayırıq. Bu səbəbdən də hərbi birliklərdə, qoşun növlərində istifadə olunan bütün döyüş sənədləri real vəziyyəti və qarşıya qoyulan tapşırıqları əks etdirir. Hərbi texnika, digər hərbi vasitələr, eləcə də döyüş təminatını yerinə yetirən qüvvələrimizin cəbhəboyu zonada qarşı tərəfdən daha əlverişli, üstün mövqelərdə yerləşdirilməsi, yerdəyişməsi və tətbiqi hərbi maraqlarımıza xidmət edir və qoşunlarımızın düşmən üzərində qələbəsini təmin etmək məqsədini daşıyır".
Bu barədə "Report"un sorğusuna Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ermənistan müdafiə nazirinin müavini David Tonoyanın xarici ölkələrin hərbi attaşeləri üçün keçirdiyi konfransda hərbi xəritələri təqdim edərək, guya Azərbaycanın ilk hücuma keçməsi barədə açıqlamalarına cavab olaraq bildiriblər.
"David Tonoyan hərbi forma geyinməsinə baxmayaraq, qeyri-peşəkar və mülki şəxsə məxsus mülahizələrlə çıxışı ilə erməni hərbi rəhbərliyinin bu əməliyyatlarda bacarıqsızlığını ört-basdır etməyə, eyni zamanda xarici dövlətlərin nümayəndələrinin fikirlərini yanlış istiqamətə yönəltməyə çalışıb. Həmin xəritələr adi işçi xəritələridir, təlimlərdə belə istifadə edilir və orada müəyyən hədəflər, aviasiya vasitələrinin uçuş marşrutları əks olunub. Odur ki, bu, erməni tərəfinin iddia etdiyi kimi Azərbaycanın döyüş əməliyyatlarına birinci başlamasının heç də sübutu deyil", - deyə nazirlikdən qeyd edilib.
Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan tərəfində də düşmənə məxsus kifayət qədər məxfi xəritələr, döyüş və digər sənədlər var: "Onların əhəmiyyətini, vacibliyini nəzərə almaqla araşdırılması, işlənilməsi və təhlilinin aparılması müvafiq xidmətlər tərəfindən icra edilir".