Erməniləri susduran jurnalist Fuad Abbasovu işdən çıxardılar

Səbəb - Moskvanın sifarişi, ya videomaterial bəhanəsi?
Türkiyənin “İhlas” xəbər agentliyinin Moskva müxbiri, son günlər Rusiya telekanallarında Azərbaycanın maraqlarını müdafiə edən Fuad Abbasov işdən çıxarılıb. Bunu jurnalistin özü facebook-da yazıb.
Fuad Abbasovun yazdığına görə, agentlik ona məktub yollayıb və işdən azad edildiyini elan edib: “Mənə göndərilən məktubda işlərin qaydada getməməsi əsas gətirilib. Amma hansı işlərdən söhbət getdiyini başa düşmədim. Son 6 ay ərzində Rusiyanın müxtəlif qəzet, internet mətbuatı, radio və televiziyalarında 50-dən çox çıxışım olub və heç bir qarşılıq gözləmədən "Su-24" böhranından sonra Türkiyənin mövqeyini Rusiyada müdafiə etmək başlıca ”işim" olub. Burdakı məsləkdaşlarımdan ən çox eşitdiyim tənbeh isə “Boş ver Rusiya-Türkiyə ilişkilərinə, işindən atılarsan, kimsə sana sahib çıxmaz" sözləri idi".
Fuad Abbasov iddia edir ki, onun işdən çıxarılması Rusiyanın sifarişi olub: “Xəbər agentliyimizin içində çox güvəndiyim insanlardan Rusiyadakı işimə son verilməsi qərarının Moskvadan gələn tələb əsasında olduğunu öyrəndim. Təbii ki, buna çox sevinənlər var. Çünki son 6 ay boyunca Türkiyəni Rusiya mediasında müdafiə edən, Rusiyada açılan PYD təmsilçiliyinə qarşı çıxan, PKK-nın Moskvadakı fəaliyyətini tənqid edən, rus siyasətçilərin Türkiyəyə qarşı düşüncələrinin yanlış olduğunu Rusiya ictimaiyyətinə çatdıran başqa heç kim yox idi. Sevinənlər arasında mən də varam, çünki son günlərdə gözünə yuxu getməyən anam gecələr rahat yata biləcək. Allah şəhidlərimizə rəhmət eləsin, Vətən uğrunda tökdükləri qan yerdə qalmaz, inşallah”.
Məsələ ilə bağlı İHA-nın baş ofisindən modern.az saytına eksklüziv açıqlama verilib.
Sözügedən agentliyin mətbuat xidmətindən bildirilib ki, Fuad Abbasovla onların heç bir şəxsi problemi olmayıb. Buna baxmayaraq, son zamanlarda Fuad Abbasovla əməkdaşlığa ehtiyac qalmadığı söylənilib.
“Biz onunla yaxşı işləyirdik. Amma son vaxtlar onunla işləmək ehtiyacını hiss etmədik. Bu səbəbdən də biz Fuad Abbasovu işdən çıxardıq”.
Qeyd olunub ki, Fuad Abbasov İHA-nı tələb olunan videokadrlarla təmin etməyib. “İHA-nın dünyanın hər tərəfində müxbirləri var və onlar videogörüntü ilə agentliyi təmin edirlər. Biz görüntüyə çox böyük önəm verən xəbər agentliyiyik. Amma videokadrların hazırlanması məsələsində bir çox nöqsanlar var idi. Buna görə də Fuad bəylə işləməməyə qərar verdik. Özündən həmişə məmnun olmuşuq. Heç bir problemimiz olmayıb”.

“Bəs digər səbəb Fuad Abbasovun Rusiya televiziyalarında Türkiyəni açıq şəkildə müdafiə etməsi deyil ki” sualına isə İHA-dan belə cavab verilib: “Belə bir səbəb yoxdur. Fuad Abbasov onsuz da həmişə Rusiya telekanallarında çıxışlar edib. Çox gözəl şəkildə də Türkiyəni və Azərbaycanı müdafiə edirdi. Bu məsələdə bizim onunla hər hansı problemimiz olmayıb”.
Agentliyin xarici xəbərlər departamentinin müdiri Muammer Serhen “Qafqazinfo”ya açıqlamasında F.Abbasovun dediklərinin həqiqəti əks etdirmədiyini bildirib: “Bu, doğru deyil. Onunla agentlik arasında anlaşma ləğv edildi. Bizim üçün görüntü önəmlidir. Lakin Fuad Abbasov bizi görüntü ilə təmin edə bilmirdi. Onun Rusiya televiziyalarında çıxışlarından məmnun idik. Həm Türkiyəni, həm də Azərbaycanı, xüsusən də Dağlıq Qarabağ mövzusunda müdafiə edən gözəl çıxışları olub. Lakin işdən çıxarılmasına səbəb videogörüntü əksikliyi olub”.
Qeyd edək ki, Fuad Abbasov həmin agentlikdə 1997-ci ildən bəri çalışıb. Son 6 ildə isə agentliyin Moskva təmsilçisi kimi fəaliyyət göstərib.
Ehtimal edilir ki, F.Abbasovun televiziya verilişlərində, Azərbaycan-Ermənistan münasibətləri kontekstində gedən müzakirələrdə Rusiyaya qarşı sərt çıxışları onun işdən azad edilməsi ilə nəticələnib. Böyük ehtimalla bu, Rusiyanın sifarişidir və Türkiyə də onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirməmək üçün bununla razılaşıb. Çünki bu məqamda F.Abbasovu qurban verməmək münasibətləri indikindən də qat-qat artıq pisləşdirəcəkdi. Bugünlərdə F.Abbasovun teleqraf.com-a verdiyi müsahibəsində dediyi bəzi fikirlər də işdən çıxarılma üçün ciddi siqnal sayıla bilər.
F.Abbasov demişdi ki, Rusiya ictimaiyyəti həm azərbaycanlılara, həm də ermənilərə münasibətdə eyni mövqedədir: “Hər iki xalq rusların gözündə ”qara" və ya “qafqazlı” kimi görünür. Rusların bir çoxu heç azərbaycanlını dağıstanlıdan, gürcünü ermənidən, talışı ləzgidən ayıra bilmir. Ruslarda bizə qarşı nə sevgi var, nə də nifrət. Deyirlər yetər ki, savaşmayın, bir-birinizi öldürməyin və məsələni sülh yolu ilə həll edin. Rusiya isə de-yure “bitərəflik” mövqeyini, sadəcə olaraq, hər iki dövləti öz xarici siyasətində manipulyasiya eləmək üçün istifadə edir. De-fakto isə Rusiya dövlətinin Ermənistanın tərəfində olduğunu hər kəs bilir. Rusiya dövlətinin bu mövqeyi başlıca olaraq KİV yolu ilə əhaliyə yoluxdurulur və nəticə olaraq “azərbaycanlılar işğalçıdırlar” şəklində yanlış bir ictimai rəy meydana gəlir".