Ermənilər əks-hücuma keçərsə... - Rus ekspertdən şok analiz

Bakı Qarabağ savaşının ilk raundunu udub.
 Turaninfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözlər rusiyalı hərbi ekspert Pavel Felqenqauerin “Novaya qazeta”da dərc olunan məqaləsində yer alıb.
 Onun sözlərinə görə, Azərbaycan indiyə qədər öz ordusunu gücləndirməyi bacarıb:
 “1994-cü ildə ermənilər Qarabağ müharibəsini qələbə ilə başa çatdırdılar. Bir müddət öncə Ermənistanda və Rusiyada çoxları qələbədən, azərbaycanlıların qaçacağından əmin idilər. Hər şey başqa cür oldu. Təmas xəttində toqquşmalar bir il ərzində artıb. Aprelin 2-də Azərbaycan ordusu qəti hücuma keçməyi qərara aldı və döyüşlərlə möhkəmləndirilmiş ön mövqeləri ələ keçirdi, ermənilərin qarnizonunu məhv etdi. Ermənilər öz güclərini toplayaraq, əks-hücuma keçməyə çalışsalar da, bu alınmadı. Aydın oldu ki, sülh və neft gəlirlərinin bol olduğu dövrdə Azərbaycan öz ordusunu silahlandırmağı və ciddi üstünlüyə nail olmağı bacarıb. Kağız üzərində ermənilərlə (Dağlıq Qarabağ+Ermənistan – müəllif) azərbaycanlılar eyni görünür. Hər bir tərəfin 60 minlik ordusu, bir neçə yüz tankı və zirehli maşını, artilleriyası, raket sistemi var. Ən maraqlısı da orasıdır ki, ermənilər müasir ordu qurmağı bacarmayıblar, amma onlar hər dəfə ermənilərin döyüşkən ruhunun bu balansı bərpa etməyə yardımçı olacağını bildirirdilər. Məsələ təkcə Bakının yeni T-90C tankları alması, Qarabağda isə köhnə T-72 və T-55 tanklarının olması deyil. Azərbaycan ordusunda T-72 tankları da çoxdur, amma onların çoxu israillilər tərəfindən modernləşdirilib. Məhz Gürcüstan-Rusiya müharibəsindən sonra həmin israillilər Moskvanın istəyi ilə Tiflislə əməkdaşlığı dayandırdılar. Daha sonra isə öz fəaliyyətlərini Bakıya doğru yönəltdilər”.
 O, Azərbaycanın İsraildən aldığı bir çox silahların Qarabağda ona üstünlük gətirdiyini bildirib:
 “İsrail Azərbaycana idarəolunan zenit və tank əleyhinə komplekslər, yüksək texnologiyalı 300 millimetrlik raketlərlə (150 kilometr məsafəni vurur – red.) təchiz edilmiş “Lynx” sistemlərini göndərib. Bu isə istənilən sovet və Rusiya istehsalı olan reaktiv yaylım atəşi sistemlərini dəqiqliklə məhv etməyə qadirdir.
Tel-Əviv həmçinin Azərbaycana kəşfiyyat və zərbə endirmək xarakterli “Heron” və “Searcher” pilotsuz aparatları da verib. Üstəlik, İsraildən olan mütəxəssislər azərbaycanlılara erməni mövqelərinin dərinliklərinə yüksək dəqiqliyə malik zərbələrin endirilməsinin yeni imkanlarını öyrədiblər. Azərbaycan ordusunun pilotsuz aparatları bu gün təkcə bir neçə kustar aparatı olan ermənilərdən yox, hətta Rusiyadan da üstündür”.
 Hərbi ekspert ermənilərin istənilən cəhdlərinə rəğmən, Qarabağda qazanılmış üstünlüyü ələ keçirə bilməyəcəyini deyib:
 “Konfliktin gedişatı zamanı tərəflər ənənəvi olaraq düşmənin itkilərini artırmaqla, özünkünü azaldırlar. Amma bir şey aydındır ki, Azərbaycan ordusunun ilk zərbəsi erməniləri sarsıtdı. Möhkəmləndirilmiş ön mövqelər ələ keçirildi, onlarla erməni itkin düşdü. Komandanlıq isə onları ölü hesab edir, amma onların düşmənin ələ keçirdiyi mövqelərdə qaldığını bilmirlər. Azərbaycanın hücumu bir neçə saata bitdi. İntensiv atışmalar və ermənilərin əks-hücum cəhdi başladı, amma aydın oldu ki, qüvvələr bərabər deyil. Ermənilərin əks-hücumu məhv oldu. Ermənilər üçün stasionar müharibə aparmaq bu gün özünəqəsd kimi bir şeydir.
 Əlbəttə, ermənilərin istifadə olunmayan rezervləri var. Məsələn, 300 kilometr məsafəni vura bilən R-17 (Scud-B) operativ ballistik raketlər. Əgər raketi Ağdərədə yerləşdirsən və əgər qarşı tərəfin pilotsuz aparatları bunu müəyyən edib vurmasa, o zaman həmin raketlər Bakıya çata bilər. Lakin Azərbaycanın cavab vermək üçün çox şeyi var və bu döyüş meydanında qüvvələr balansını dəyişməyəcək.
 İrəvan sülhə razılaşmaq məcburiyyətində qalıb. Ermənilərin yeganə ümidi Moskvadan təcili olaraq müasir texnika xahiş etməsidir. Bakı ilk raundu udub və ermənilərdən öz ordularını torpaqların bir hissəsindən çıxartmaq tələbini irəli sürməklə bağlı güclü mövqe əldə edib. Rusiya isə kifayət qədər çətin situasiyaya düşüb. Regionda total dominantlığı qorumaq üçün Bakı və İrəvan arasında yürüdülən ənənəvi balanslı siyasət ciddi çatlar verib”.