Ermənilər Dilqəm və Şahbazı ayırdı - FOTO

 
 
Kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev ayrı kameralarda saxlanılırlar.
 
Bu barədə Missiya.Az-a açıqlama verən Şahbaz Quliyevin bacısı İradə Quliyeva  bildirib ki, qardaşı iki gün əvvəl göndərdiyi məktubda kamerada tək saxlanıldığını qeyd edib.
 
"Şahbaz vəziyyətinin  yaxşı olduğunu və heç bir şeydən narahat olmadığını yazmışdı. Amma otaqda tək qaldığını qeyd edib. Məktubda ailəsinə, anasına və qohumlarına salam göndərib".
 
Şahbazın bacısı bildirib ki, Dilqəm Əsgərov xəstələnməsi barədə məlumatlar var.
 
"Məndə camaatdan eşitmişəm. Dilqəm Əsgərov şəkəri qalxıb. İki gün əvvəl aldığımız məktubda xəstəlik barədə heçnə yazılmır. Məktubu Azərbaycan dilində yazır".
 
İradə Quliyeva qardaşına hər dəfə məktub göndərdiyini deyir. "Məktublarda qardaşıma ürək-dirək verirəm. Deyirəm ki, dözümlü ol, hər şey yaxşı olacaq. Geniş yaza bilmirəm. Onun ailəsi və anası üçün darıxdığını bilirəm".
 
Dilqəm və Şahbaz məhkəmədə
 
Bir neçə gün əvvəl Dilqəm Əsgərovun xəstələndiyi, Şahbaz Quliyevin isə çox arıqladığı barədə məlumatlar yayılmışdı.
 
2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.