“Ermənilərə deyirəm ki, Rusiya əmr etsə...” – Zərdüşt Əlizadədən sərt AÇIQLAMALAR

 
“Erməni əsatiri real həyata toqquşanda xalqı incidir. Xalq şirin nağıllara inanır. Məsələn, böyük, qədim, nəhəng, dənizdən-dənizə Ermənistan var və bunun bərpası erməni xalqının bir nömrəli vəzifəsidir. Yəni, qarşınıza elə bir vəzifə qoyublar ki, onu həyata keçirmək mümkün deyil. Ona görə başları dəyir, qolları-qıçları sınır, iqtisadiyyatları dağılır, əhali ölkədən qaçır. Bu nağıllardan biri də odur ki, bunlar Azərbaycanla müharibədə qədim erməni torpağını azad edib, böyük bir zəfər çalıb, qalib gəliblər. Hərçənd ki, bu, qələbə deyil. Mən onlara yazıram ki, a kişi, bu qələbə deyil ee... Bu, rus imperiyasının oyunu idi. Siz də bu oyunda adi piyadalar idiniz. Sizdən istifadə edirlər. Sizin qələbəniz yox idi və ola da bilməzdi. Sizin qələbəniz və bizim məğlubiyyətimiz Rusiyanın planları idi. Məqsəd bölgəni nəzarətdə saxlamaqdır”.
 
Bunu Teleqraf.com-a açıqlamasında siyasi ekspert Zərdüşt Əlizadə deyib.
 
Ermənistanda yaşanan son hadisələri şərh edən ekspert qeyd edib ki, münaqişənin saxlanılmasında məqsəd bizi qarmağa keçirib Kremlin divarından asmaqdır: “Bunu deyirəm, onlara çatmır. Onlar deyirlər, yox, biz qan tökdük, qəhrəmancasına vuruşduq və sair. İndi siyasi danışıqlarda hansısa kompromis, güzəştli sülh məsələsi ortaya gəlir. Təbii ki, məqsəd münaqişəni həll etmək üçün yox, onun formatını dəyişib yenə münaqişəni və bölgəni Rusiyanın nəzarətində saxlamaqdır. Amma format dəyişdirilir. Orda söhbət gedir ki, işğal edilmiş torpaqların bir hissəsi qaytarılmalıdır.
 
O dövrdə döyüşmüş adamlar isterikaya düşərək “biz qan tökmüşük, qədim, müqəddəs erməni torpaqlarını azad etmişik və biz onu heç vaxt Azərbaycana verməməliyik” deyirlər. Buna görə də həmin adamlar gəlib İrəvanda polis idarəsinin binasını tutublar və qışqırırlar ki, bir addım da geri olmaz. Arxada müqəddəs Ermənistandır və Azərbaycana heç bir torpaq qaytarmaq lazım deyil. Daha onlar başa düşmürlər ki, rus ağaları əmr etsə, qaytararsız, hələ o tərəfə də keçərsiz. Buna etiraz etmək üçün gəlib polis idarəsini tutublar. Bir nəfəri öldürüb, neçəsini yaralayıblar.
 
İndi də özləri çıxılmaz vəziyyətdədirlər. Ermənistan hakimiyyəti də geri çəkilə, ağasının sözündən çıxa bilməz. Rusiya desə ki, qaytar qaytarmalı, qaytarma desə qaytarmamalıdır. Yəni, vəziyyət belədir. Ermənistandakı hadisələr əsatirlə həyat arasındakı ziddiyyətin təzahürüdür. Bu hərəkatın arxasında heç bir xarici qüvvə, heç bir böyük ictimai qüvvə, xalq dayağı yoxdur. Bir dəstə siyasi romantikin əl atdığı bir metoddur. Jirayr Səfilyanın döyüş dostları əllərinə silah götürüblər və onu müdafiə edirlər”.
 
Z.Əlizadə qeyd edib ki, Rusiya əmr etsə, Ermənistan kompromisə gedəcək, əmr etməsə getməyəcək: “Ermənistan kimdir?! Özünün siyasi iradəsi, siyasi xətti var?! Oyuncaq dövlətdir. Rusiya çalır, onlar da oynayır, hoppanıb düşürlər. Onların özlərinin siyasi iradəsi yoxdur. Onlar özləri üçün elə bir paradiqma, elə bir mövcudluq çərçivəsi seçiblər ki, o çərçivədə olanda onların dövlətçiliyi sıfıra bərabərdir, liderləri də oğrular, quldurlar və xarici agenturadır. Özləri bunu könüllü seçiblər. Bu paradiqmada da yaşayırlar. Həm də bunu görürlər və qışqırırlar ki, “yox, biz dəyişməliyik, biz burdan çıxmalıyıq”. Çıxmaq üçün gərək Qarabağ xülyasını başınızdan çıxarasız. Ondan sonra çıxa bilərsiz.
 
Amma Qarabağ qarmağı sizi həmin o paradiqmada saxlayır. Sizin prezidentləriniz də mütləq oğru Robert, oğru Serjik olmalıdır. Başqası gəlsə, o da oğru olacaq. Sizin siyasətşünaslarınız və deputatlarınız oğru olacaq. Bunu başa düşmürlər. Bu, təkcə onlara aid deyil, bu başqa ölkələrə də aiddir. Rusiyaya da aiddir. Bunlar özləri üçün elə bir paradiqma seçiblər ki, orada səmərəli dövlət quruluşu, vətəndaş cəmiyyəti, konstitusiyanın aliliyi mümkün deyil. Yalnız fırıldaq, oğurluq, zorakılıq, hiylə olmalıdır”.