Ermənilər cəzalarını alacaqlar - Kürd icması

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Prezident yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Prezident yanında Elmin İnkişafına Dəstək Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə bu günlərdə “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində keçirilən “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda birinci beynəlxalq “dəyirmi masa” ölkəmizdə yaşayan etnik və dini icma nümayəndələri tərəfindən rəğbətlə qarşılanıb, geniş rezonans doğurub.
 Axar.az xəbər verir ki, “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Paşayev “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda beynəlxalq “dəyirmi masa”nın nəticələri və əhəmiyyəti, Azərbaycan kürdlərinin erməni terroruna məruz qalması ilə bağlı fikir və düşüncələrini Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı ilə bölüşüb.
 Fəxrəddin Paşayev dünyada terrorun vüsət tapdığı bir dönəmdə “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində keçirilən beynəlxalq “dəyirmi masa”nın aktuallığını, böyük önəm daşıdığını vurğulayıb: “Beynəlxalq “dəyirmi masa” çərçivəsində təşkil olunan “Erməni terroru və Azərbaycan kürdləri” adlı panel Azərbaycan kürdlərinin də böyük rəğbətinə səbəb olub. Çünki Azərbaycanda yaşayan digər xalqlar kimi, kürdlər də zaman–zaman erməni terroruna məruz qalıblar. Keçən əsrin əvvəllərində azərbaycanlılara qarşı soyqırımı aparan erməni terrorçuları yüzlərlə kürdü də qətlə yetiriblər. Burada təkcə Azərbaycan kürdlərindən danışmaq bu amansız terrorun miqyasını kiçiltmək olardı. Çünki ermənilər təkcə Azərbaycanda deyil, əsrin əvvəllərində Anadoluda – Türkiyə ərazisində, kürd coğrafiyasında yaşayan insanlara - türklərlə yanaşı, kürdlərə də divan tutublar. Erməni terrorçularının bu gün Azərbaycanla yanaşı, Gürcüstana da ərazi iddialarını, türklərə, yəhudilərə, kürdlərə, ləzgilərə bəslədikləri kin-küdurəti gördükdə təkcə İslam coğrafiyasında deyil, dünyada yaşayan xristianlara qarşı da törətdikləri qanlı terror aktlarının şahidi olduqda bir daha onların qanına yeriyən “erməni xəstəliyi” anlayışının doğruluğuna inanırsan. Erməni qəsbkarları Azərbaycanın ərazi bütövlüyünü pozub, torpaqlarını işğal edib, yüz minlərlə insanı doğma yurd-yuvasından qovub, qadın, uşaq, qoca demədən minlərlə insanı qətlə yetiriblər. Bunların sırasında saysız-hesabsız Azərbaycan kürdü də var.
 Dağlıq Qarabağda yaşayan ermənilərin heç bir sosial, iqtisadi, mədəni, mənəvi, təhsil problemi olmayıb. Dağlıq Qarabağ ermənilərinin yaşayışı da, statusu da həmişə ərazinin aborigen xalqı olan azərbaycanlılardan qat-qat üstün olub. Ancaq bütün bunlara baxmayaraq “erməni xəstəliyi” onlara sakit yaşamağa imkan vermədi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayan zaman da ermənilər qırğınlar törədərkən kimsəyə etnik, dini fərq qoymadan insanları qətlə yetiriblər. Sözügedən münaqişədə onlar birinci hücumlarını kürd kəndlərinə ediblər. Onlarla kürd birgə Vətənimiz olan Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olub”.
 Mərkəzin rəhbəri monoetnik Ermənistanla multikultural Azərbaycandakı tolerant durumu müqayisə edərək deyib: “Ermənilər kürdlərin kompakt yaşadığı Laçın rayonunu işğal etdikdən sonra dünyada təbliğat aparmağa başladılar ki, guya ermənilər kürdlərin dostudur. O vaxt kürdlər düşmən təxribatına uymadılar. Mən həmişə hər yerdə demişəm və deyəcəyəm ki, kürdlərə həmişə ermənilərdən zərbə dəyib, ermənilər tarix boyu kürdlərlə türklərə düşmən kəsiliblər. Ermənilər vaxtilə hər yerdə informasiya yayırdılar ki, guya kürdlər üçün çox şey yaradıblar: Yerevanda kürd dilində gündə bir saat veriliş gedirdi, kürd dilində “Yeni yol” qəzeti çap olunurdu, Ermənistan Yazıçılar Birliyində kürd dili şöbəsi var idi və sairə. Əgər bu dedikləri doğrudursa, onda niyə Ermənistan müstəqilliyinin ilk günlərindən, hələ müstəqillik qazanmadan da bütün müsəlman kürdlərini axırıncı nəfərinə qədər türklərlə, azərbaycanlılarla bir yerdə oradan qovdu? Radioda gedən veriliş həftədə 3 dəfə -təxminən 15-20 dəqiqə oldu, kürdlər üçün yaradılmış o Yazıçılar Birliyindəki şöbə də, qəzet də - hamısı bağlandı. Qəzet indi formal olaraq sadəcə ildə bir dəfə çap olunur.
 Azərbaycanda isə hələ müstəqilliyin ilk günlərində o zamana qədər heç bir imtiyazı olmayan kürdlər üçün “Ronahi” Kürd Mədəniyyət Mərkəzi yaradıldı. Onu da qeyd edim ki, tək kürdlərin yox, Azərbaycanda yaşayan bütün azsaylı xalqların mədəniyyət mərkəzləri fəaliyyət göstərməkdədir. “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin orqanı olan “Dəngə kürd” (“Kürdün səsi”) qəzetinin nəşrinə başlandı, kürd dilində onlarla kitab, əlifba, lüğətlər və bədii kitablar çap olunub və bu gün də olunur. Azərbaycanda yaşayan hər bir xalqın dilində, o cümlədən kürd dilində həftədə iki dəfə televiziya verilişi yayımlanır. Bunlar Azərbaycan xalqının və dövlətinin apardığı multikultural siyasətin xarakterini sübut edən faktlardır. Biz bu “dəyirmi masa” vasitəsilə bir daha erməni terroru və Azərbaycan multikulturalizmi haqqında həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa müvəffəq olduq”.
 Fəxrəddin Paşayev Ermənistanın işğalçı dövlət olduğunu və terroru dövlət səviyyəsində dəstəklədiyini beynəlxalq instansiyalara çatdırmaqla məşğul olduqlarını, bu istiqamətdə əzmlə çalışdıqlarını xatırladıb: “2005-ci ildə mənim də iştirakımla Azərbaycan vətəndaşları Elxan və Adışirin Çıraqov qardaşları, Qaraca Cəbrayılov, Akif Həsənov və Ramiz Cəbrayılov Ermənistan hökumətindən itirdikləri əmlaka görə kompensasiya və doğma yerlərinə qayıtmaq üçün şərait yaradılması tələbi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdilər. “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Məhkəmənin Böyük Palatasının qərarında Ermənistanın ərizəçilərin mülkiyyət hüququnu, şəxsi və ailə həyatına hörmət hüququnu və səmərəli müdafiə hüququnu pozması faktı öz əksini tapıb. Həmçinin qərarda işğal altında olan ərazilərin Ermənistanın effektiv nəzarəti altında olmaqla həmin ərazilərdə Konvensiyanın pozulması hallarına görə cavabdeh olması da təsdiq edilib. Haqqımızın bərpası ilə bağlı birlikdə apardığımız 10 illik mübarizədən sonra Avropa İnsan Hüquqları Məhkəməsi ədalətli qərarını verərək Dağlıq Qarabağda insan hüquqları pozuntularına görə beynəlxalq hüquqi məsuliyyətin Ermənistan dövlətinin üzərinə düşdüyünü təsdiqləyib. Bu qərarla Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini işğal etdiyini də rəsmən təsdiqləmiş oldu. Bu isə hər bir məsələdə siyasi iradə nümayiş etdirən Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasi xətt ətrafında birləşərək haqq səsini ucaltmağa nail olan Azərbaycan xalqının qələbəsi hesab oluna bilər”.
 Mərkəzin sədri bu gün azsaylı xalqların, etnik qrupların, dini konfessiyaların yanaşı, qardaşcasına yaşadığı Azərbaycanda multikulturalizmin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayaraq millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin yaradılmasını, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunmasını ölkəmizdə əsrlərdir mövcud olan multikultural dəyərlərin, tolerant ənənələrin Prezident İlham Əliyev tərəfindən mənəvi qatdan siyasi müstəviyə qaldırılmasının parlaq sübutu kimi dəyərləndirib: “Bu uğurlu siyasi kursun həyata keçirilməsi nəticəsində Azərbaycanda etnik və dini zəmində ən kiçik bir narazılıq belə mövcud deyil. Azərbaycanda vətəndaşa etnik mənsubiyyətinə, dini etiqadına görə deyil, vətənə xidmətinə görə qiymət verilir.
 Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılandan sonra Azərbaycanda yaşayan etnik qrupların beynəlxalq tribunalarda daha da intensiv çıxışlarına imkan yaradıldı və mən buna görə kürd icması adından Prezident İlham Əliyevə, eləcə də Dövlət müşaviri Kamal Abdullayevə dərin minnətdarlığımı bildirirəm”.
 Kürd icmasının rəhbəri sonda erməni terrorçularına və onların havadarlarına işğalçılığı, terroru pisləyən bəyanat ünvanlayıb: “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda təşkil olunmuş beynəlxalq “dəyirmi masa”da da vurğuladım, indi də bir daha erməni qəsbkarlarına və terrorçularına, onların dünyadakı havadarlarına bəyan etmək istəyirəm ki, sülhün, barışın yolu multikulturalizmdən, tolerantlıqdan, dinc birgəyaşayışdan keçir. Separatçılıqla, terrorla, silah gücü ilə heç nə əldə etmək mümkün deyil. Ermənilər gec-tez dünyada və Azərbaycanda yaşayan müxtəlif xalqlara, ümumiyyətlə, bəşəriyyətə qarşı törətdikləri terrora, qanlı bəşəri cinayətlərə görə beynəlxalq hüquq qarşısında cəzalarını alacaqlar.