Ermənilər Cəbrayılda xaçpərəst kilsəsi açdı - FOTOLAR

Xristian ibadətgahının tədqis olunma mərasimini Ermənistan Silahlı Qüvvələrinin ruhani lideri icra etdi...
 
 
Ermənilər işğal etdikləri Cəbrayıl rayon mərkəzinin xarabalıqları yaxınlığında yeni  xaçpərəst kilsəsinin  təntənəli açılışını etdilər.
 
Moderator.az yazır ki, bu haqda Xankəndindəki separatçı rejimin media vasitələri xəbər yayıb. Xristian ibadətgahı xeyriyyəçi Qriqor Movsisyanın vəsaiti hesabına tikilib. 
 
Ermənilərin “Mexakavan”(bəzən “Djrakan”) adlandırdıqları Azərbaycan yaşayış məntəqəsində tikilmiş kilsənin təqdisetmə ayinini Ermənistan Silahlı Qüvvələrinin ruhani lideri yepiskop Vrtanes Abramyan icra edib. Öncə “erməni ordusunun qoruyucusu” olan çar Aşot II Yerkatın Müqəddəs Xaçının surəti, sonra isə kilsənin özü təqdis olunub.  Daha sonrakı liturgiya zamanı erməni ordusunun ruhani lideri təbrik nitqi ilə çıxış edib. O, “azad edilmiş vətən torpaqlarında Allah evinin tikilməsinin  böyük savab” olduğunu  vurğulayıb. Ermənistan din xadimi  “erməni hərbçilərini  hərbi xidmətlərində daha da mətin olmağa ruhlandıracaq yeni bir müqəddəs məkan əldə etdiklərini, xristianlığın sərhədlərinin həm də buradan başlandığını” bildirib. Ayinin sonunda ruhani lider erməni Katolikosunun xeyriyyəçi Q.Movsisyanın Erməni kilsəsinin ali mükafatı olan “Müqəddəs Nerses Şnorali” ordeni ilə təltif olunması haqda kondakını( xristian dini mahnısı) oxuyub.
 
Mərasimdə  digər erməni ruhanilərlə yanaşı, qondarma “DQR” “ordusu”nun “komandan müavini”  general-mayor Vardan Balayan və başqa yüksək çinli hərbçilər iştirak edib.
 
P.S. Göründüyü kimi, o qədər möhtəşəm görüntüsü olmasa da, doğma yurdlarımızda, müsəlman- türk torpaqlarında daha bir erməni məbədi tikilib. Sözsüz ki, ermənilər bunu həm də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindəki son quruculuq işlərinə, orada məscid tikilməsinə bir  cavab olaraq icra edirlər. Eyni zamanda bu, ölməz müsəlman oğlu, Peyğəmbər(s) nəvəsi İmam Hüseyn(s) başda olmaqla Kərbəla şəhidlərini yad etdiyimiz bu günlərdə, ümumiyyətlə, Qafqaz müsəlmanlarına, İslam dünyasına bir  alçaldıcı mesaj olaraq qəbul olunmalıdır...
 
Biz isə hələ də özümüz öz dinimizə basqılarla, basqılarla məşğuluq. Bəziləri, az qala, Aşura, məhərrəmlik mərasimlərinin, ümumiyyətlə, qadağan olunmasına çalışırlar...

Загрузка...
Загрузка...