Ermənilər Bakıya gələcək? - Rəsmi açıqlama

Ermənistan Şahmat Federasiyası Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirakla bağlı hələ ki yekun qərar verməyib.
 
Qurumun mətbuat xidmətinin rəhbəri Mikael Andreasyan açıqlamasında bildirib ki, bununla bağlı müzakirələr gedir. Həmçinin o qeyd edib ki, sifariş ərizəsini göndərməyə tələsmirlər: "Hər şey yekun qərardan asılı olacaq. Biz iyulun 30-dək iştirakımızı təsdiqləyə bilərik. Ola bilsin, bu gün də qərar verilsin".
 
Ermənistan Şahmat Federasiyasının vitse-prezidenti Smbat Lputyan isə bir müddət öncə Bakıya gəlib-gəlməyəcəklərinin şahmatçıların son durumundan asılı olacağını vurğulayıb.
 
Maraqlıdır, görəsən, erməni şahmatçılarının Ümumdünya Şahmat Olimpiadasında iştirak etməsi üçün ölkəmizə gəlməsində hansısa problem varmı?
 
Bununla bağlı Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov aznews.az-a açıqlama verib. Bildirib ki, sifariş ərizələrinin qəbulu davam edir: "Kimin qatılıb-qatılmayacağını sənədlərin qəbulu bitdikdən sonra deyə bilərik. O ki qaldı ermənilərin iştirak edib-etməməsinə, bu barədə biz tərəfdən nə problem ola bilər ki? Bu FİDE (Beynəlxalq Şahmat Federasiyası) tərəfindən təşkil olunmuş yarışdır. Ərizələrlə sonda iştirak edəcək ölkələr bilinir".
 
Qeyd edək ki, Azərbaycan sentyabrın 1-14-də paytaxtımızda keçiriləcək Olimpiadada ermənilərin təhlükəsizliyi ilə bağlı təminat verib.