Ermənilər AŞPA sessiyasında təxribata hazırlaşır

Fazil Mustafa: “Ermənilərin bu təxribatçı addımlarının AŞPA müstəvisində hansısa qərarla yekunlaşmasına qətiyyən imkan verilməyəcək”
Aprelin 18-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası başlayıb. Ermənistanın AŞPA-dakı nümayəndə heyəti aprelin 22-dək davam edəcək yaz sessiyasında Azərbaycana qarşı sənəd qəbul etdirmək istəyirlər. Bu barədə Ermənistan mediası yazıb. Ermənilər "əsas" kimi guya Azərbaycanın 2 apreldə ermənilərə, dinc  sakinlərə qarşı hərbi əməliyyatlar keçirməsini göstərirlər.
Azərbaycan nümayəndə heyəti belə bir sənədin qəbulunun qarşısını almaq üçün addımlar atacaqmı? Ermənistanı işğal olunmuş Azərbaycan ərazilərindən çıxmağa çağıran AŞPA sədrinin mövqeyini nəzərə alsaq, ermənilərin bu istəyi boşuna gedəcəkmi?
AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Fazil Mustafa musavat.com-a bildirib ki, bu cür məsələlərin gündəmə gətirilməsi ilə ermənilər Azərbaycan torpaqlarının işğalı faktından diqqəti yayındırmağa çalışırlar: “Halbuki ilk növbədə soruşulur ki, bu ermənilər Azərbaycan torpaqlarında hansı fəaliyyətlə məşğul olurlar və niyə Azərbaycan qanunlarına tabe olmurlar. Azərbaycan öz ərazisində qanunların tətbiqinə çalışır və hər dəfə qarşısında Dağlıq Qarabağla birlikdə Azərbaycanın 7 rayonuna soxulmuş erməni terrorçularının müqaviməti ilə qarşılaşır. Bu dəfə də AŞPA rəhbərliyinin bilavasitə işğalçıların Azərbaycan ərazilərindən çıxması haqqında bəyanatları olduğu halda bunu icra etmək əvəzinə ermənilər qabaqdangəlmişlik edirlər. Azərbaycan tərəfinin arqumentləri bu məsələdə güclü və məntiqlidir, ermənilərin bu təxribatçı addımlarının AŞPA müstəvisində hansısa qərarla yekunlaşmasına  qətiyyən imkan verilməyəcək”.