Erməni saytları Camaladan yazdı: “O, qalib deyildi…”

“Gələn il siz də tatarlar tərəfindən törədilən slavyanların “soyqırımı” haqqında mahnı oxuyun”.
Bu barədə erməni saytları Rusiyaya müraciətində bildiriblər.
Musavat.com xəbər verir ki, erməni mətbuatı ötən gün “Eurovision 2016”-nın qalibi olmuş Camalanın qələbəsini qəbul etmir, onun qalibiyyətini siyasi amillərə bağlayırlar. Bütün erməni saytları demək olar ki, eyni iddianı səsləndirirlər: “Camala 1-ci yerə çıxsa da, ictimaiyyətin səsverməsində qalib deyildi”.
Ermənilər qalib kimi daha çox Rusiya təmsilçisi Sergey Lazerev haqqında məlumatlar paylaşır, onun erməni saytlarına verdiyi açıqlamaları yayımlayırlar. Bildirilir ki, S.Lazerev münsiflərin səsverməsi ilə 3-cü yerdə qərarlaşsa da ictimaiyyətin səsverməsi ilə 1-ci yerin qalibi olub.
Ermənistanın blognews.am adlı saytı isə Camalanın “1944” adlı Krım tatarlarının deportasiyasına həsr edilmiş mahnısını və “Eurovision” mahnı müsabiqəsini ciddi tənqid edərək Rusiyanı gələn il beynəlxalq səhnədə slavyanların “soyqırımı” haqqında mahnı oxumağa çağırıb: “Ötən gün “Eurovision”nun azarkeşləri “oyandılar”. Tatar təmsilçisini müzakirə etmək fikrində deyiləm, mən nə musiqi tənqidçisiyəm, nə erməni balabanı ilə edilən miksi, nə də türkcə “aman, aman” sözlərini, nə də ki, Camalanın repertuarını anlamıram. “Eurovision” musiqi müsabiqəsi deyil, bu, siyasətin təbliği və təşviqi, “azad dünya”nın ideoloji peşəkarlığını tərənnüm edir, bu, aydındır. Hər kəs bilir ki, qalib gələn Camala deyildi, bu sadəcə olaraq Rusiyaya təzyiq edilməsi məqsədi ilə guya tatarların üzərinə bu gün edilən “hücümlar”la bağlı tezislərin aktuallaşması məsələsi idi. Rusiyaya təklif edirik ki, gələn il səhnədə 1943-cü ildə Krımda baş verən slavyanların “soyqırım”ı ilə bağlı mahnı oxusunlar. Hansı ki, həmin ildə bir neçə gün ərzində tatar “untermeşami”ləri tərəfindən 80 min rus və ukraynalı məhv edilib”.
Xatırladaq ki, anası erməni, atası isə tatar olan Camala (əsl adı Suzana Camaləddinova) ikinci yarımfinalda çıxış edərkən Ermənistanın "Hayastan-1 TV" kanalı onun ifasını yarımçıq kəsib. Səbəb isə müğənninin mahnısında nəqarətin tam Azərbaycan dilinə yaxın olan Krım türkcəsində ifa edilməsi olub. Nəqarət səslənən zaman ekran qaralıb və yalnız Norveç təmsilçisi səhnəyə çıxandan sonra yayım bərpa olunub. Qeyd edək ki, bu epizod  Avropa Yayım Birliyinin (EBU) qaydalarına ziddir.
Lakin Krım tatarlarının deportasiyasına həsr edilmiş “1944” mahnısı ilə “Eurovision-2016” müsabiqəsində qalib olan ukraynalı müğənni Camalanın qələbəsi ölkəmizdə böyük coşğu ilə qarşılanıb. Xüsusən də onun mahnısının nəqarətini Azərbaycan dilində ifa etməsi və mədəniyyətimiz haqqında verdiyi açıqlamalar ona xalqımızın xüsusi sevgisini qazandırdı.
Müğənninin bir neçə ay bundan əvvəl verdiyi müsahibədən sitat: “Mən Rəşid Behbudovun, Polad Bülbüloğlunun və əlbəttə ki, Vaqif Mustafazadənin mahnıları ilə böyümüşəm. Azərbaycanın böyük vokal və fortepiano məktəbi, istedadlı musiqiçiləri var... Mənim Azərbaycanla bağlı çox xoş xatirələrim var – gülərüz insanlar, dadlı yeməklər, isti münasibət, bir sözlə, mənim sevdiyim hər şey...”
Ukraynalı müğənninin bu cür jestlərindən sonra mətbuatda onun adından bir sıra iddialar yayıldı. İddialara görə, müğənni 2009-cu ildə mətbuata verdiyi açıqlamasında anasının erməni olduğunu və erməniləri böyük məhəbbətlə sevdiyini deyib. Lakin bununla bağlı fəaliyyəti Krım yarımadasında qadağan edilmiş Krım Tatar Məclisinin sədri Refat Çubarov “Yeni Müsavat”a özəl açıqlama verərək, bəzi məlumatsız insanların Camaləyə qarşı internetdə çox pis təbliğat apardığını, onların Moskvanın, Putinin tərəfdarları olduğunu bildirib: “Bu gün də bizim millətimizin haqq səsini bütün dünyaya yayan bir qızımız var”.
Türkiyə mətbuatında yayılan məlumata görə, prezident Rəcəb Tayyip Ərdoğan Ukraynanı "Eurovision 2016"-da qalib edən Krım tatarı Camaləyə (Jamala) telefonla zəng edib.
"1944" adlı mahnı ilə Krım tatarlarının deportasiyasından bəhs edən sənətçini qalib olması münasibəti ilə təbrik edən prezident ona uğurlar arzulayıb.
Camalə Ərdoğanın zəngindən kövrəldiyini bildirərək təşəkkür edib.
Xatırladaq ki, ötən gün “Eurovision-2016” mahnı müsabiqəsində Ukrayna 534, Avstraliya 511, Rusiya 491 xalla ilk üçlükdə yer alıb.