Erməni qədim türk tayfasıdır – Alimlər

Hazırda ümumilikdə erməni adlandırılan millət uzun illərdir ki, bütün dünyaya Qafqazın əsl sahibləri olduqları barədə yalanlar yayırlar. Ancaq onların bu yalanını başda erməni və rus tarixçiləri olmaqla, ciddi alimlərin hamısı təkzib edir.
 Axar.az xatırladır ki, tarixə olduğu kimi yanaşan və siyasi məqsədlər güdməyən bir çox rus və erməni tarixçiləri də ermənilərin (hayların) əslində haradan və nə zaman Qafqaza gətirilmələrini araşdıraraq, faktlarla təqdim ediblər.
 Erməni tarixinin yalançı atası
 Uzun illər Qafqaz tarixini araşdıran rus tədqiqatçı Aleksandr Anninski  hay tarixinin atası adlandırılan Movses Xorenatsinin (410-490) öz xalqının tarixi haqqında yazdıqlarına şübhə ilə yanaşır. O, Xorenatsinin istinad etdiyi erməni müəlliflər olan Mar Abas Katina, Aqafangel, Zenob, Favstos Buzandın avropalı ermənişünaslar tərəfindən tarixi mənbə kimi inkar edildiyini bildirib.
 Erməni tarixçi Arakel Babaxanyan isə erməni tarixinin atası Movses Xorenatsinin sözlərinin əleyhinə çıxış edir. O, Xorenatsinin öz əsərində 59 erməni hökmdarının adını çəkdiyini və onlardan 32-sinin ümumiyyətlə, nə zaman hökmranlıq etdiyi haqqında məlumat vermədiyini bildirib. Babaxanyanın fikrincə, məhz Xorenatsi hay tarixini doğru yazmayıb və hadisələrin böyük əksəriyyətini özündən uydurub.
 Şopendən ərmən həqiqəti
 Məşhur rus qafqazşünas alimi İvan Şopen apardığı tədqiqatlardan sonra haylar və ermənilərin ayrı-ayrı etnoslar olduğu qənaətinə gəlib. Belə ki, bizim eradan əvvəl XII əsrdə haylar özlərinə yaxın olan frank-frigiya tayfaları ilə birgə Balkan yarımadasından Kiçik Asiyaya – Dəclə və Fərat çayları arasındakı əraziyə köçüblər. Mifə görə, haylar burada Assuriya çarı Belin üzərində qələbə çalaraq Van gölü hövzəsində məskunlaşıblar. Bu ərazi o zaman Hayasa (Hayastan) adlanırdı. Anadoluda Ərməniyyənin dağlıq bölgəsində, Urmiya gölü hövzəsində və Qafqazda yaşayan haylar hurrilərlə (Azərbaycan ərazisində mövcud olmuş ilkin etno-siyasi birliklərdən biri – red.) qaynayıb-qarışaraq o zamana qədər mövcud olan ərmən tayfalarının tarixini və irsini mənimsəyiblər. Şopenin fikrincə, ərmən tayfaları əslən türk-subarlardan törəmə olublar. Nəticədə hazırkı zamanda eyni xalq iki ad daşıyır. Xalq özü-özünü hay, digərləri isə onu erməni adlandırır. Onu da bilmək lazımdır ki, ərmən etnoniminə təkcə Anadolu və
Qafqazda yox, həm də türkün tarixən keçdiyi bütün ərazilərdə, o cümlədən Mərkəzi Asiya və Baykal gölü yaxınlığında rast gəlinir.
Əslində, haylar Qafqazda digər xalqlardan sonra məskunlaşıblar. Erməni tarixçi Karen Yüzbaşyan da etiraf edir ki, məhz bu ərazilərdə indi erməni adlandırılan haylardan xeyli öncə qədim türklər mövcud olub. Onun sözlərinə görə, türklər Qafqaza səlcuqlardan çox öncə gəliblər.
 Təsadüfü deyil ki, Ukraynada yaşayan erməni Artur Ağacanov erməni təbliğatı və tarixin saxtalaşdırılmasına qarşı uzun illərdir mübarizə aparır. Ağacanov Qarabağdakı əksər xristianların zorla haylaşdırıldığını bildirir və etnik baxımdan Qarabağ ermənilərinin qaykan (hay) xalqına heç bir aidiyyəti olmadığını isbat edir.
 Onun sözlərinə görə, insanlar tam qədimdən etnik deyil, dini mənsubiyyətinə görə bölünüblər. 19-cu əsrədək insanları məhz dini və konfessional mənsubiyyətinə görə yəhudi, xristian, müsəlman, buddist, atəşpərəst, erməni və s. adlandırırdılar. Müxtəlif xalqların bu və ya digər dinə inanan nümayəndələri bu adlar altında birləşirdilər. Sonradan müxtəlif xalqlar özlərinə verdikləri ad altında birləşməyə başladılar. Beləliklə, "ermənilər" anlayışı dini termindən "erməni" etnik termininə çevrildi və qıpçaqlar, tatlar, kürdlər, udinlər və monofizit xristianlığa etiqad edən digər Qafqaz xalqları da "erməni" kimi (hay) təqdim olunmağa başladı.
 Faciə ondadır ki, "erməni" adlandırılan hər kəs Eçmiədzin kilsəsinə aid edilməyə başlayıb. Halbuki, əvvəllər ora qaykan (hay) xalqının dini mərkəzi olub. Nəticədə bütün erməniləri zorla haya çevirib, onları öz etnik mənsubiyyətlərindən, mədəniyyət və tarixlərindən məhrum ediblər.
 Artıq iki əsrdir ki, Türkiyədən, İrandan, Yaxın Şərq ölkələrindən olan köçkünlər (hay və ya qaykan xalqının nümayəndələri) Qarabağın qədim torpaqlarını mənimsəyir. Bu iki əsrdə həmin köçkünlər Eçmiədzin kilsəsinin dəstəyi ilə qədim Avtokefal Alban Kilsəsini ləğv etməyə də nail olublar. Qandzasar və Amaras kilsələrinin, Alban kilsəsinin Qarabağda və bütünlükdə Cənubi Qafqazdakı digər patriarx taxt-taclarının ləğvi nəticəsində çoxsaylı xalqlar, onların mədəniyyəti, məbədləri, kitabları və irsi Eçmiədzin erməni kilsəsinin əlinə keçib. Bu xalqların bir hissəsi erməni qriqoryanlığına etiqad etsələr də, onların hay xalqına və Eçmiədzinə heç bir aidiyyəti olmayıb. Lakin bu xalqların etnik mənşəyi zorla dəyişdirilib və onlar haylaşdırılıblar.
 Ağacanov bildirir ki, Qarabağ xristianları bioloji baxımdan Qafqaz Albaniyasının Azərbaycan və digər xalqlarına yaxındırlar. Lakin müxtəlif siyasi mərkəzlərin və ölkələrin susqun razılığı və himayəsi fonunda iki əsr ərzində müxtəlif xalqların, ölkələrin və mədəniyyətlərin irsi təhrif olunaraq hay xalqının və Eçmiədzin hay kilsəsinin adına yazılıb.
 Artur Ağacanov Qarabağ ermənilərinin Ermənistanda qaykanlarla etnik fərqlərinə görə hər zaman "ikinci dərəcəli" insan sayıldıqlarının da səbəbini bununla əsaslandırıb: “Orada bizi hər zaman nifrətlə "şurtvas" ("dönmə") adlandırıblar. Bu, bir daha göstərir ki, qaykanların özləri də bizi ayrı, etnik, dini və tarixi baxımdan fərqli xalq sayırlar”.
 Tanınmış ermənişünas alim, Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlı da ermənilərin Qafqaza gəlmə olduğunu tarixi dəlillərlə sübuta yetirib. Onun sözlərinə görə, indiki haylar qədim babaları saydıqları ermənilərin dilini başa düşmürlər: “Mən həm qravar, həm də asqaravar dilindən dərs deyirəm. Qravar qədim erməni dilidir. Bu dildən 8-ci əsrə qədər istifadə edilib. Və indi həmin əsərlər müasir erməni dilinə tərcümə edilir. Ermənilərin müasir dilləri - asqaravardır. Biz 10-11-ci əsrlərdə qələmə alınan əsərlərimizin, hətta 6-7-ci əsrlərdə daşlara yazılan abidələrimizin dilini (Orxon-Yenisey abidələri) asanlıqla başa düşürük, oxuya bilirik, çünki ana dilimizdir. Amma ermənilər 10 əsr qabaq yazdıqlarını anlaya bilmirlər. Çünki qravar hay deyil, əski türk tayfalarından biridir. Haylar isə indi erməni adlandırılan millətdir. Qafqaza köçən və burada separatizmi yayan haylardır, ermənilər deyil. Hay və erməni xalqlarını bir-birindən ayırmaq vacibdir”.