Erməni postlarıyla əhatələnmiş kənddə yaşayanlar rüşvətdən gileylənirlər

72 yaşında meşədən odun daşımağa məcburdu
“Yayın cırhacırında, qışın şaxtasında meşəyə gedirəm, uşaqlar da, mən də kürəyimizə çır-çırpı, odun şəlləyib qayıdırıq"
“İcra hakimiyyəti nə mənə, nə də mənim vəziyyətimdə olan başqa kənd sakinlərinə kömək eləmir”.
76 yaşlı Ceyran Səlimova Qazaxın sərhəd kəndlərindən olan Quşçu Ayrımda yaşayır. İki oğlu müharibədə həlak olub. İmkansızlıqdan 20 ildir ki, güllə yağışındqan qoruya bilmədiyi evini təmir etdirə bilmir. Deyir, yayda tozu-torpağı, qışda qarı-yağışı evə dolduran deşiklərə yamaq vurmaqdan bezib:
“Kim bir az “hörmət” eləyir, ona kömək olunur. Mənim “hörmət” eləmək imkanım yoxdu. Hörmət elədim, iki oğlumu torpağa verdim. Gəlin, şəhid ailəsinin yaşadığı şəraiti görün… Qaldığım yer quş damından fərqlənmir”.
“GÜLLƏBARANIN ALTINDA YAŞAYIRIQ”
Bu kənd Ermənistanla sərhəddə yerləşir. Üç tərəfdən ermənilərin döyüş mövqeləri ilə əhatə olunub. Kəndi rayon mərkəzi ilə birləşdirən yeganə yol erməni postlarının qarşısından keçir. Ceyran nənə deyir, adı atəşkəs olsa da, kənd tez-tez atəşə tutulur:
“Kəndin bir tərəfi o vaxt ermənilərin nəzarətinə keçmişdi, sonra bizimkilər döyüşüb geri aldılar. Deməyim odur ki, bala, biz gülləbaranın altında yaşayırıq. İki il əvvəl kəndi yenə güllə yağışına tutmuşdular. Ancaq heç yerə tərpənmədik. Tərpənmək fikrimiz də yoxdur. Ancaq, bala, heç olmasa, bizi də vətəndaş yerinə qoysunlar. Bu boyda hökumət üçün kiçik bir kəndin sosial problemlərini həll etmək su içimi kimi bir şeydir”.
Nənə deyir, hər atışma zamanı evlər silkələnir, qəzalı vəziyyətə düşür, divarlar aralanır. Elə evlər var ki, şiferləri deşik-deşikdir. Ev sahibi icra hakimiyyətinə xeyli ayaq döyəndən sonra 5 ədəd şifer, 5 ədəd taxta verirlər, ancaq usta ilə təmin etmirlər. Ustanınsa xərci materialın xərcindən baha oturur:
“Dəlmə-deşik şiferlərdən evlərə axan yağıntı suları tavanı, döşəmələri çürüdüb. Sınıq pəncərələrdən evlərə vuran yağış çox evin divarlarındakı suvağı yuyub aparıb”.