Erməni mediası israilli deputatı Azərbaycana "düşmən" kəsib

Ermənistan tərəfi yenə növbəti dezinformasiya ilə beynəlxalq qalmaqal yaradıb.
Turaninfo.az Avropa.info-ya istinadən  xəbər verir ki, bu dəfə dezinformasiyanın hədəfi İsrail Knessetinin deputatı olub. İsrail parlamentində Ermənistan-İsrail dostluq qrupunun sədri olan “Kulanu” partiyasından deputat Tali Ploskov, “Likud”dan David Biton 3 apreldə Ermənistanda səfərdə olublar.
Lakin erməni təbliğatı bu səfəri Azərbaycanın əleyhinə təxribata da çevirməyə çalışıb. Ermənistanın “Arminfo” nəşri iddia edib ki, guya israilli deputat “erməni xalqı ilə həmrəy olduğunu, Azərbaycanın son əməllərini sərt qınadığını və bunun bütün regiona qarşı yönəlmiş terrorizm olduğunu, Azərbaycanı heç yerə aparmayan bu siyasəti dayandırmağa çağırdığını” - deyib.
Ən qəeibəsi odur ki, erməni mətbuatı israilli deputatın cinsi ilə də maraqlanmayıb, onu kişi kimi təqdim edib. Tali Ploskov isə qadındır.
İsrailin rusdilli xəbər portalı “İzRus” Tali Ploskovdan məsələ ilə bağlı münasibət öyrənib. Qadın deputat deyib ki, səfər zamanı jurnalistlər qarşısında nə “terrorizm”, nə də “təcavüzkar” sözləri işlətməyib. O deyib ki, İsrail Azərbaycan və Ermənistan arasındakı münaqişənin Minsk qrupunun səyi ilə sülh yolu ilə həll olunmasına tərəfdardır.
Qeyd edək ki, bundan əvvəl İsrailin sabiq xarici işlər naziri, Knessetin deputatı Aviqdor Liberman dünən Azərbaycanın tərəfində olduğunu bildirmişdi. Görünür, Ermənistan son addımı ilə ona "cavab" hazırlayıb.