Erməni lobbisindən ultimatum: “Sərkisyan bu əclaflığa da getsə...”

Baxış sayı: 
238
0  
0  

 
“Qarabağ klanı”nın başı dərddə - Avropadan hədə; Hakim rejimi dövlət terrorizmində ittiham edən diaspor yetkilisi ölkədə situasiyanın partlayış həddinə çatdığını dedi və hakimiyyətə vaxt qoydu; Aşot Qriqoryan: “Sərksiyanlar ailəsi təhlükədə olmaq istəmirsə...”
 
Aprel ayı yaxınlaşdıqca Ermənistanda daxili siyasi hərarət də artır. Söhbət təkcə Sərkisyan rejiminin atəşkəs dövründə aldığı ilk ən ciddi zərbənin - “4 günlük müharibə”nin növbəti ildönümündən getmir. Bu, öz yerində, söhbət həm də ölkədə parlamentli üsul-idarəyə keçidlə bağlı yeni baş nazir postu uğrunda qızışan klanlararası savaşın pik həddə yaxınlaşmasından gedir.
 
Bu savaş Ermənistanda getdikcə ağırlaşmaqda olan sosial-iqtisadi durum hesabına daha sərt xarakter almaqdadır. Belə ki, yeni ili əhali əsl sürprizlə qarşılayıb. Bir sıra gündəlik tələbat malları, habelə benzin, sıxılmış qaz bahalaşıb. “Yeni Müsavat” xatırladır ki, bahalaşma ilə bağlı artıq yanvarın 19-a İrəvanda kütləvi etiraz aksiyası təyin olunub. Müxalifət hakimiyyəti yeni hərəkatla hədələyib. Ölkədə hətta silahlı qiyam çağırışları eşidilməyə başlayıb. Prezident Sərkisyan isə vəziyyətin ciddiliyini nəzərə alaraq, yanvarın 10-da hökumətin təcili iclasını keçirib.
 
*****
 
Son rəy sorğularına görə, reytinqi 9%-ə düşən Sərkisyan rejiminə xüsusən aprel dəyişikliyi ərəfəsi belə vəziyyət şübhəsiz ki, sərf eləmir. Çünki ölkənin əsas səlahiyyətlisi olacaq yeni baş nazir postuna o, məhz özü sahiblənmək niyyətindədir. Bu, həm də 20 ildir iqtidarda olan kriminal “Qarabağ klanı” üçün olum-ölüm məsələsi, növbəti müddətə hakimiyyətdə qalmaq şansıdır. O üzdən situasiyanı nəzarətdə saxlamaq, onu partlayış həddinə çatmağa qoymamaq Sərksiyanın əsas nömrəli hədəfidir. Bacaracaqmı?
 
Hələlik suala birmənalı cavab vermək çətindir. Ancaq bu yerdə onu da yada salaq ki, Serj Sərkisyan 2008-ci il martın 1-də hakimiyyətə məhz qan tökməklə gəlib: onun prezidentliyinə etiraz edən nümayişçilər gülləbaran edilib (8 ölü). Yəni artıq “təcrübə” var...
 
Bu arada Sərkisyanın heç də isti münasibətlərdə olmadığı erməni lobbisinin ən güclü olduğu Avropadan onun ünvanına ultimativ hədələr gəlib. Diqqətçəkən məqam odur ki, hədələr Sərkisyanı baş nazirliyə keçib öz hakimiyyətini daha da uzatmağa mane olmaq məqsədi güdür.
 
 
*****
 
“Əgər Serj Sərkisyan qərara gəlsə ki, apreldə baş nazir olsun, o zaman o, xalqın səbir kasasını dolduracaq. Ermənistanda vəziyyət partlayış həddindədir və istənilən an nəzarətdən çıxa bilər. Əgər Sərkisyan bu sonuncu əclaflığa da getsə, ağlagəlməz nəticələr qaçılmaz olacaq. Ermənistanda üsyan tamamilə mümkündür. Biz buradan situasiyanı diqqətlə izləyirik və qan tökülməsini istəmirik. Və biz buna imkan verməyəcəyik”.
 
“Yeni Müsavat” erməni qaynağına istinadən xəbər verir ki, bunu Avropadakı Erməni Assosiasiyaları Forumunun sədri Aşot Qriqoryan deyib. Onun sözlərinə görə, qarşıdan qanlı 1 mart olaylarının növbəti İldönümü gəlir və onun təkrarlanmasına yol vermək olmaz. “Bu günə kimi hakimiyyət bütün üsyanları qanunsuz və cinayətkar üsullarla yatırıb. Buxarın səviyyəsi, təzyiq artıb, partlayış olacaq. Əgər Serj Sərkisyan özünün terrora əl atmaq hüququnun olmadığını anlamırsa, o zaman vəziyyət proqnoza yatmayacaq. Dövlət terrorizmi daha pisdir. Yox, əgər bu siyasət davam edərsə, insanlar qorxudan qurtulacaq. Qorxu bitəndə isə hər şeyi gözləmək olar. Odur ki, ilk növbədə Sərkisyanlar ailəsi təhlükə altındadır. Belə klanların hansı aqibətə tuş gəlməsi haqda dünyada acı nümunələr çoxdur”, - deyə o hakimiyyətdəki “Qarabağ klanı”na sərt xəbərdarlıq edib.
 
Hakimiyyətin ünvanına hədələyici ritorikasını davam etdirən erməni diaspor yetkilisi ardınca deyib: “Biz həm də həddi aşmaq istəyənlər üçün vasitəçi olmağa cəhd edəcəyik. Kənardan öz sanballı sözümüzü deyəcək və qayda-qanuna çağıracağıq. Ancaq mən hakimiyyətin öz vəhşi siyasətini davam etdirməsinin - insanları qorxutmasının, qiyamı yatırtmaqdan ötrü əsgərlərin vəhşiyə çevrilməsi üçün onlara narkotik təsirli şeylərin verilməsinin əleyhinəyəm. Biz kənardan baxacağıq. Biz bütün ssenarilərə hazırıq”.
 
Qriqoryan şübhə eləmir ki, gec ya tez Sərkisyanlar ailəsi xalqa cavab verməli olacaq. “Ancaq yaxşı olar ki, bu cavab məhkəmə vasitəsilə alınsın, ümumxalq qisası hesabına yox. Mən qan tökülməsinin əleyhinəyəm. Mən Sərkisyanı öz addımlarını yaxşı-yaxşı ölçüb-biçməyə çağırıram. Ona görə ki, partlayış martda da, apreldə və ya iyunda da ola bilər. Əgər o, xalqı aldatmağa çalışsa, nəticələr dəhşətli olacaq. O - baş nazir, Edik Nalbəndyan isə prezident - variantların ən pisidir. İstənilən an vəziyyət alovlana bilər. Hərçənd, düşünmürəm ki, əgər Sərksiyan öz yerinə başqa bir müqəvvanı qoysa, situasiya düzələ bilər. Mart-apreldə gərginlik pik həddə çatacaq. Partlayış mütləq baş verəcək. Sərkisyan yaxşı olar ki, bunu öncədən dərk eləsin”, - sonda o əlavə edib.
 
*****
 
Yuxarıdakı hədələyici sitatlardan da görünür ki, kriminal və korrupsioner Sərkisyan rejimindən artıq varlı-karlı erməni lobbisi də bezib və onun əvəzlənməsində maraqlıdır. Lakin bu, hələ yüz faiz o anlama gəlmir ki, Ermənistandakı indiki hakim rejimi, “Qarabağ klanı”nı daha mötədil bir siyasi qüvvə əvəzləyə bilər. Ortadakı Rusiya faktorunu da unutmaq olmaz. Hər necə olmasa, çox şey həm də Moskvada verilən qərarlardan asılı olacaq.
 
Bütün hallarda Azərbaycan işğalçı ölkədə hakimiyyət uğrunda gedən və apreldə pik həddə çatacağı gözlənilən mübarizəni diqqətlə izləməli və öncəliklə də Dağlıq Qarabağ məsələsi kontekstində özü üçün müvafiq və çevik nəticələr çıxarmalıdır...   
 
“Yeni Müsavat”ın analitik xidməti

Загрузка...
Загрузка...