​Erməni lobbisi Rusiyanın maraqlarına necə zərbə vurur?

 
Erməni lobbisi bütün böyük dövlətlərdə müxtəlif formalarda Azərbaycana qarşı fəaliyyət göstərir. Rusiyada isə fərqli formada fəaliyyətə üstünlük verirlər. Erməni lobbisinin Rusiyadakı fəaliyyətinin əsas istiqamətlərindən biri də Azərbaycanda etnik qruplar arasında münaqişə və qarşıdurma yaratma cəhdləridir. Bunun üçün bəzi etniklərin ağıldankəm və öz maddi maraqları naminə ölkəsinə, xalqına xəyanət edən nümayəndələrini tapır, öz tərəfinə çəkir və onların vasitəsilə Azərbaycanda guya etniklərin hüquqlarının pozulduğunu bəyan edirlər. Beləliklə, həm beynəlxalq aləmdə Azərbaycan haqda mənfi fikirlər formalaşdırmağa cəhd göstərir, həm də Azərbaycan xalqı arasında nifaq salmağa çalışırlar.
 
Əlbəttə, uzun illərdir belə fəaliyyətə baxmayaraq heç nəyə nail ola bilmirlər. Çünki Azərbaycan xalqı bir bütövdür, bütün etnik, dini, mədəni, siyasi, sosial qrupları ilə birgə vahid orqanizmdir və erməni tələsinə düşəcək bir xalq deyil.
 
Buna baxmayaraq, ermənilər getdikcə bu istiqamətdə fəaliyyətlərini gücləndirirlər. Həm də bunu Rusiyada iki ölkə arasında dostluq münasibətlərini zədələməyə çalışırlar.
 
Rusiyanın bəzi dövlət və ictimai strukturlarına sızmış erməni lobbisi artıq həmin strukturları, Rusiya mediasını və vətəndaş cəmiyyəti təsisatlarını Ermənistan dövlətinin anti-Azərbaycan siyasətini yürütmək üçün alətə, Moskvanı isə öz məkrli planlarının həyata keçirilməsi üçün platsdarma çevirməkdədir.
 
Beləliklə, ermənilər Azərbaycanda yaşayan xalqların bəzi satqın nümayəndələrini ələ keçirir, öz çirkin əməlləri üçün onlardan istifadə edir.
 
Bir müddət əvvəl, Ermənistanda Azərbaycan əleyhinə “ikinci cəbhə” açmaq məqsədilə Azərbaycan dövlətinə, o cümlədən mənsub olduqları Talış bölgəsinə və talışəsilli vətəndaşlarımıza xəyanət etmiş Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimilərdən istifadə edilərək telekanal və mərkəzlər açılıb.
 
Azərbaycan ictimaiyyətinin, ilk növbədə talışəsilli vətəndaşlarımızın qınağı səbəbindən erməni xüsusi xidmət orqanları taktikalarını dəyişərək həmin təşkilatların fəaliyyətini Moskvaya köçürüblər. 
 
Azərbaycanda hər dona girərək sürətli karyera əldə etmə istəyən bu şəxsin cəhdi uğursuzluqla nəticələndiyindən, o ölkəni tərk edib Moskvaya üz tutub və  erməni xüsusi xidmətlərinin və ermənilərin Rusiya hakimiyyət elitasındakı adamlarının tapşırığı ilə fəaliyyət göstərir.
 
Azərbaycan dövlətinə və xalqına təhqirlər yağdıran Zabil Məhərrəmov da hazırda fəaliyyətini Yerevandan Moskvaya köçürüb və bu təxribat planlarını da elə oradan həyata keçirir. Bir müddət əvvəl mətbuatda “bizim qardaşlarımız türklər yox, ermənilərdir. Ermənistan bizim pənahımızdır” bəyanatı ilə çıxış edən bu şəxsin də satqın, Vətən xaini olduğu aydın görünür. Həmin bu Z.Məhərrəmov aprel döyüşləri zamanı hərbi əməliyyatlarda ermənilərin itkilərini gizlətməyə çalışır, onların az qala "Bakıya çatacaqlarını" vurğulayırdı. Ermənistan ordusunun ağır itkilər verdiyini, mövqelərini itirərək geri çəkildiyini İrəvanın özü etiraf edəndən sonra isə Z.Məhərrəmov çıxışlarının ritorikasını dərhal dəyişib, "məzlum ermənilər" barədə sürəkli "reportaj"lar hazırlayaraq yaymağa başlamışdı.
 
Z.Məhərrəmovun açdığı telekanalın aparıcılarının erməni əsilli olması haqda mediada araşdırmalar dərc olunub. “Telekanal”ın məhərrəmlik mərasimlərindən danışan xanım aparıcısını erməni olması, başqa aparıcı "Cahangir Şıxızadə" adlı şəxsin də əslində erməni Sargis Asatryan olması qeyd edilir.
 
Azərbaycan  əleyhinə bu tipli aqressiv fəaliyyətin Moskvadan həyata keçirilməsi Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir. Bununla yalnız Azərbaycana deyil, Rusiyanın da mənafelərinə xəyanət edilir.
 
Rusiya hakimiyyət dairələri erməni lobbisinin Moskvanı get-gedə öz maraqlarının alətinə çevirməsinin, onun qonşu və dost ölkələrlə münasibətlərinin korlanmasının qarşısını almalıdır.
 
Rusiyada Ermənistanın maraqları Rusiyanın maraqlarından üstün ola bilməz. Rusiyanın maraqları isə qonşu ölkələrlə isti münasibətlər tələb edir, xüsusilə də Azərbaycanla Rusiyanın müttəfiqliyi regiondakı siyasi, iqtisadi proseslər fonunda çox mühümdür.
 
Ümid etmək olar ki, bunu Moskvada da dərk edirlər və erməni xüsusi xidmət orqanlarının sırf Ermənistanın maraq və mənafelərini rəhbər tutan, Rusiyanın maraqlarına zidd olan belə təxribatçı planlarının Moskvadan həyata keçirməsinin qarşısını alacaqlar.

Загрузка...
Загрузка...