Erməni həkimin "müalicə" etdiyi bakılı bacıların DƏHŞƏTLİ HƏYATI: "Günlərlə evdə ac qalırıq..." - FOTOLAR

 
Əyilib qapıdan içəri girən kimi insanda qəribə hisslər oyanır. İnsan az qalır ki, dizləri üstünə çöksün. Hər şey, bütün ev ləvazimatları diz bərabərində qurulub. Ev sahibinə uyğunlaşıb yəni.
Bu evdə Aslanova Nərgiz Salman qızı bacısı Firəngiz İmranova ilə birlikdə yaşayır. Hər ikisi fiziki qüsurludu. Nərgizi bu şəraitsiz mühitə uzun illər əvvəl məktəbdə yaşadığı bədbəxt hadisə məhkum edib.
Nərgiz deyir ki, hər şey atasının ikinci dəfə ailə qurmasından sonra başlayıb:
"1969-cu ildə Məştağa qəsəbəsində anadan olmuşam. Ailədə iki uşaq olmuşuq: mən və 1961 -ci il təvəllüdlü bacım Firəngiz. Məştağada 255 saylı orta məktəbdə oxumuşuq. 8-ci sinifə qədər əlaçı olmuşam. Bacım da, mən də bu hadisəyə qədər hər kəs kimi sağlam olmuşuq, dərnəklərə, musiqi məktəblərinə getmişik. Bizim məktəbdə Quluzadə Şəfiqə adında ibtidai sinif müəlliməsi vardı. Atam onunla ikinci dəfə ailə qurdu. O xanım nə bacımı nə də məni istəmirdi. Həmişə problem yaşamışıq. Bir gün məktəbdə 2-ci mərtəbədə pilləkənlərdən yıxıldım. Atam məni müalicə üçün Sabunçu rayon xəstəxanasına apardı. Orda dedilər ki, sol tərəfdən bud-çanaq oynağı çıxıb. O vaxt, 1984-cü ildə Sabunçu xəstəxanasında Cumyenka adında erməni həkim, bir də Bikə adlı tibb bacısı işləyirdi. Məni müalicə edəcəyini dedi. Bacım Firəngiz də yanımda qalırdı. Onun qan azlığı vardı deyə, dedilər sən də zəifləmisən, gəl sənə də müalicə yazaq. Bacım istəməsə də, atam israr etdi ki, müalicədi də, nə ziyanı var, qoy eləsinlər. Bacıma nə iynə vurdularsa, sağ ayağından başlayaraq bədəni keyiməyə başladı. Nə qədər çalışıb ki, otaqdan çıxsın, imkan verməyiblər. Müalicə etmədi, ikimizi də əlil vəziyyətinə saldı. Öz qulağımla eşitmişdim ki, həkim tibb bacısına "bunlar sağalan deyil, birtəhər yola salaq getsinlər" - dedi. Sonra da bizim başımıza bu oyunları açdılar. Həmin o Bikə adlı tibb bacısı Firəngizin ayaqlarına düşdü ki, məni şikayət eləmə, uşaqlarım var, ailəm var, yoldaşım məni boşayar. Bəs biz yazıq deyildik? Neçə illərdi yaşamırıq, sürünürük…"
 
 
Həkimin müalicəsindən narazı qalan Firəngiz elə hey bacısını ordan çıxartmaq istəsə də, buna nail ola bilməyib. Həkim səhlənkarlığı və yanlış müalicə ucbatından hər iki bacı əlil arabasına məhkum olublar. Bacısı Firəngizin bu hala düşməsində özünü günahkar bilən Nərgiz ailə həyatını da bacısına qurban verib. Həyat yoldaşı şərt qoyub: ”ya bacın, ya mən”. Nərgiz bacısını seçib.
 
 
"Bu hadisə baş verəndə mənim 15, Firəngizin isə 23 yaşı vardı. Bizimlə heç kim maraqlanmırdı, bir atam idi, onu da ögey anamız qoymurdu yanımıza gəlib-getsin. Heç bilmədik bizə nə iynələr vurdular. Əvvəl axsaya-axsaya da olsa, gəzə bilirdim. Ailə də qurmuşdum. Sonradan anamdan qalan evi yoldaşım satdı. Dedi, rahat ev alacaq, şəraitimizi yaxşılaşdıracaq. Yoldaşım idi, inandım, sənədləri verdim. Razılıq üçün imza aldı. Ondan sonra bacımı istəmədiyi üçün ayrıldıq. Məhkəmə qərarı ilə bu gördüyünüz evi verdilər bizə. Bu evdə əvvəllər qaynanamgil qalıb. Onlar öləndən sonra boş qalıb, biz gəlmişik. Baldızım hər dəfə gəlib deyir ki, ya xoşluqla çıxın gedin, ya da sizi burdan güclə çıxardacam. İmkan vermirlər bu evi özəlləşdirim, öz adıma salım. O gün gəlib deyirlər ki, 8000 manat işıq, 350 manat da qaza borcunuz var. 1998-ci ildən biz bu evdəyik, 2014-cü ilə qədər burda qaz xətti olmayıb. Amma bizdən borcumuzu ödəməyi tələb edirlər. Çox xahiş edirəm ki, bu məsələni aydınlaşdırsınlar".
 
 
Nərgiz özünü nə qədər güclü göstərməyə çalışsa da, göz yaşları imkan vermir. Məştağa xəstəxanasında “artıq gecdir, siz heç vaxt ayağa dura bilməyəcəksiz” sözləri bacıların son ümidlərini də əllərindən alıb. Nərgiz özünün və bacısının sağlam, ayaq üstdə olduğu, gəzdiyi fotoları bizə göstərdikcə sanki yenidən ayağa duracağına inanırdı.
İllər keçsə də, baxış bucağı dəyişməyən Nərgizin dünyagörüşü olduqca genişdir. Nərgiz sosial həyatdan təcrid olunmaq istəmədiklərini də dedi. O deyir ki, kömək göstərən olsa, rəsm sərgisini açmaq istəyir:
 
 
“Ramanıda rəsm dərnəyinə getmişəm. Özümün əl işlərim var. İstəyirəm bu bacarığımı inkişaf etdirim. Amma heç kim bizə dayaq olmur. Ətrafda bir-iki nəfər xeyirxah insan olmasa, tamam tək qalarıq. Hamı bizi unudub. Aldığımız pensiya heç nəyə çatmır. Baxın, evdə hər şeyi aşağıdan düzəltdirmişik. Güc-bəla ilə yemək bişiririk, qab yuyuruq. Əlimiz-ayağımız tutmur. Baxın, bu üstündə əyləşdiyim oturacağı hərəkət edə bilmək üçün xüsusi düzəltdirmişəm. Bu stul mənim həm əlimdi, həm ayağım. Qonşular da bir gün gələndə o biri gün gəlmir. Bazarlığımızı edən yoxdu. Elə gün olub ki, heç kim olmayıb, günlərlə ac-susuz qalmışıq. Quru çörəklə sabahı gözləmişik ki, qonşunun oğluna deyək, bizə bazarlıq eləsin. Evi silib-süpürə bilmirik. Qışda yağış-qar yağanda evə su dolur. Nəmişlikdən xəstə düşürük, bir tikə çörək verənimiz olmur. Heç olmasa yeni əlil arabaları versinlər. Bunlarla özümüzü idarə edə bilmirik. İkimizdən birini müalicə etdirsinlər ki, bir-birimizə dayaq ola bilək. İldə bir dəfə göndərirlər bizi Mərdəkanda Müharibə Əlilləri üçün Müalicə Pansionatına (Şaqan). Orda da normal bir otaq vermirlər, çox şəraitsiz vəziyyətdə 14 gün qalırıq, USM, fizioterapiya müalicəsi alıb gəlirik. Heç bir yaxşılaşma yoxdur. Sənədlərimi Rusiyaya göndərdim, həkimlər dedi ki, Türkiyədə əməliyyat olunsanız, yenidən ayağa dura bilərsiniz".
 
 
Nərgiz və Firəngiz bacılarının tək istəyi odur ki, onlara kömək eləsinlər. Ən azından avtomatlaşdırılmış əlil arabası olsa, qohum-qonşuya möhtac olmazlar. Çətinliklə də olsa, öz ehtiyaclarını qarşılaya bilərlər.
Hadisə ilə bağlı Məştağa xəstəxanası ilə əlaqə saxladıq. Hadisənin uzun illər əvvəl baş verdiyini və bu barədə heç bir məlumatın olmadığını dedilər.
Hadisənin baş verdiyi Sabunçu rayon Xəstəxanası ilə əlaqə saxlamağa çalışdıq. Dəfələrlə buna cəhd etsək də, cəhdlərimiz boşa çıxdı. Əvvəl baş həkim yoxa çıxdı, sonra da qeydiyyat şöbəsinin işçiləri.
 
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirdi ki, bacıların dəqiq müalicəsi varsa, onlara mütləq dövlət tərəfindən yardım göstəriləcək:
“Müayinə və müalicə üsulunu dəqiqləşdirər, fiziki məhdudiyyətlərin bərpası istiqamətində araşdırma apararıq. Lazım gələrsə, bərpa mərkəzi ilə əlaqə saxlayıb, lazımı dəstəyi verərik”.
Könül Cəfərli

Загрузка...
Загрузка...