Erməni general: ”Aprel müharibəsində itkilər verdik, bu, bizə ciddi sınaq oldu”

Dağlıq Qarabağdakı separatçı rejimin “müdafiə nazirinin müavini”, general-mayor Samvel Karapetyan 2-5 aprel tarixlərində təmas xəttində baş verən müharibə barədə danışıb.
Modern.az saytı xəbər verir ki, erməni jurnalistinə müsahibəsi zamanı bəzi faktları təhrif etsə də, Karapetyan toqquşmalar zamanı çoxsaylı itkilər verdiklərini təsdiqləyib.
Samvel Karapetyanın yerli jurnalist Erik Baqdasaryana verdiyi müsahibəni ixtisarla təqdim edirik.
- Cənab general, aprelin 2-i nə baş verdi? Siz bu zaman harada idiniz?
- Saat 3:30-da operativ qərargahın növbətçisi zəng edən zaman (bu artıq ikinci zəng idi) mən yola çıxmağa hazırlaşırdım. Maşın məni gözləyirdi. Hiss edirdim ki, bu növbəti diversiya təxribatı deyil. Maşında yeni təfərrüatlar barədə məlumatlar aldıqdan sonra anladım ki, bu müharibədir. Ordu komandanının (separatçıların “müdafiə naziri” Levon Mnatsakanyan) yanına getdim və yaranmış vəziyyət barədə hesabat verdim. Təklif etdim ki, ilk olaraq ciddi təhlükənin yarandığı Mardakert (Ağdərəni-red.) istiqamətinə gedək. Düşünürəm ki, mən Mardakertə çatanda və komanda mərkəzində yerləşəndə uşaqlar hələ ciddi döyüşlərin olacağını gözləmirdilər. Eyni zamanda, düşmən artilleriyası artıq Mardakert istiqamətində işləyirdi. 30 dəqiqə sonra mənə xəbər verdilər ki, azərbaycanlılar 116 və 118-ci mövqeləri ələ keçirib. Hərbi hissə komandiri əlinin altındakı bütün qüvvələri toplayaraq, hadisə yerinə getdi, artilleriya rəisinə isə həmin mövqelərə zərbə endirmək tapşırıldı. Artıq məlum idi ki, bizim orada ciddi itkilərimiz var,  uşaqlar geri çəkilməyərək sona qədər vuruşmuşdular. Sağ qalan yeganə əsgər isə bölük komandirinin əmri ilə 300 metr arxadan silah-sursat gətirməli idi. Amma o qayıdarkən mövqelər artıq qarşı tərəfin əlinə keçmişdi.
O, komanda mərkəzinə gələrək yaranmış vəziyyət barədə hesabat vermişdi. Biz yerindəcə tank bölüyü və artilleriyanın köməyi ilə əks-hücum barədə qərar qəbul etdik. Yarım saat ərzində itirilmiş mövqelər geri qaytarıldı.
- Sonradan azərbaycanlılar yenidən həmin mövqeyə hücum təşkil etdilər?
- Bizə aydın idi ki, onlar yenə bu mövqeyə hücum çəkəcəklər. Bir müddət sonra bizə məruzə olundu ki, Azərbaycan Ordusunun tank batalyonu 4 və 5-ci müdafiə rayonlarının kəsişməsində yerləşən Seysulan kəndi istiqamətində hərəkət edirlər. Onların hücumunu saxlamaq üçün artilleriyamız hərəkətə keçdi.
Talış kəndi istiqamətində mövqelərimizi geri qaytarmağa başlamağımıza baxmayaraq Azərbaycan tərəfi Talış, Madagiz və Seysulan kəndlərini geri qaytardıqlarını bildirdi.
Talış və Seysulan kəndi istiqamətlərində döyüşlərin getdiyi bizə məlum idi. Lakin Madagiz barədə xəbərləri eşidəndə anladıq ki, azərbaycanlılar məhz buraya hücum etməyi planlaşdırır.
Bu barədə komandana məruz etdik və 5-ci müdafiə xəttinin sol cinahında tank əleyhinə vasitələr yerləşdirməklə mövqelərimizi gücləndirdik. Bunun sayəsində onların Madagiz istiqamətində bütün irəliləmə potensialının qarşısı alındı.
-  Aprel müharibəsindən hansı dərsləri çıxartdınız?
-  Müharibə bizim çatışmazlıqlarımızı da üzə çıxardı. Anladıq ki, diqqətdən qaçırdığımız bəzi boşluqlar var. Demək olar ki, 4 günlük müharibə bizim üçün ciddi sınaq oldu. Düzdür, biz çoxlu itki versək də, çoxlu insanın həyatını xilas da edə bildik. Bu gün biz ortaya çıxan nöqsan və qüsurların həlli üçün səy göstərməliyik.
Samvel Karapetyan 1962-ci ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. 1988-ci ildə Qarabağda separtatçı hərəkatın baş qaldırdığı zaman prosesin aktiv iştirakçılarından olub. 1992-1994-cü illərdə başçılıq etdiyi alayla birlikdə Azərbaycanın 30-a yaxın yaşayış məntəqəsinin işğalında aktiv rol oynayıb. Ermənistan və qondarma “DQR”in bir sıra medal və ordenləri ilə mükafatlandırılıb.