Erməni canisi Ağdərəyə gəldiyi saatlarda Tərtərə mərmilər atıldı

Qarabağ separatçılarının lideri Bako Saakyan mayın 13-də Ağdərə rayonunun Mataqis qəsəbəsində olub.
Musavat.com bu barədə Ermənistan KİV-inə istinadən xəbər verir. Məlumatda deyilir ki, separatçıların başçısı yerli sakinlərlə görüşüb, onların vəziyyəti ilə tanış olub, mövcud problemlərin həlli yollarını müzakirə edib. 
Qeyd edək ki, 2-5 aprel döyüşlərindən sonra təmas xəttinə yaxın ərazilərdə yaşayan ermənilər yaşayış yerini tərk edib və geri qayıtmağa cürət etmirlər. Buna görə də separatçılar onları geri qaytarmağa çalışırlar. Ancaq B.Saakyanla bağlı xəbərin həiqiqliyi şübhə doğurur. Belə ki, mayın 11-də qondarma “DQR hökuməti”nin “baş naziri” Ara Arutyunyan Ağdərədə bir qrup erməni sakinlə görüşündə hərbi əməliyyatlar zamanı köçənləri evərinə geri qayıtmağa çağırmışdı. Lakin o, “mən Talış və Mataqis istisna olmaqla  bütün kənd icmalarının üzvlərini öz evlərinə geri qayıtmağa çağırıram”,-demişdi.
Bu mənada onun mülki əhalini Azərbaycan əsgərinin mövqelərinə yaxın ərazidə yerləşən kəndə qayıtmağa çağırdığı inandırıcı görünmür.
Çox güman ki, oyuncaq “prezident” cəbhədə yaşanan gərginliklər səbəbindən təmas xəttinə gəlib. Elə onun səfəri ilə eyni vaxtda ermənilərin məhz eyni istiqamətdən Tərtərin mülki əhalisini top atəşinə tutması da təsadüfə bənzəmir.