Erkin Qədirli: “Millətçiliyi dindarlıq üzərində qurmağa çalışırlar”

“Coğrafiyanın təsiri bir tək fiziki deyil. Dünyagörüşümüzə, dünyada gedən proseslərə olan, ya da olmayan diqqətimizə və başqa dəyərləndirmələrimizə də təsiri olur. Örnəyi, Myanmarda (Hindistan yarımadası tərəfdə yerləşən ölkədir) 1,000,000 Müsəlman yaşayır və onlara qarşı mütəşəkkil zorakılıq işlədilir. Buddistlər müsəlmanlara aid mülkiyyəti, dini yerləri dağıdır, onları öldürürlər. On minlərlə adam ölkədən qaçmalı olub, təxminən 250000 adam ölkə içində daxili didərgin halına salınıb. Kimsəyə maraqlıdırmı? Görünür, o qədər də deyil. Hamının diqqəti Orta Doğuda, çünki coğrafi olaraq, ora tarixin bütün önəmli proseslərin keçdiyi bir yerdir. Anlaşılandır. Amma sözüm onda deyil”.
 Teleqraf.com xəbər verir ki, bunu REAL İdarə Heyətinin üzvü Erkin Qədirli bildirib.
E.Qədirli əlavə edib ki, buddizm kimi sülhpərvər, tərkidünya bir dinin davamçıları zorakılığa əl atıblar: “Niyə? Çünki, Myanmarda, Hindistanda olduğu kimi, millətçiliyi də dindarlıq üzərində qurmağa çalışırlar, ona görə də belə problemlər yaranır. Millətçilik bir dünyagörüşü kimi ancaq dünyəvi ola bilir. Millətçiliyə dini qatmaq (millətçiliklə dini qarışdırmaq) doğru deyil, alınmır. Dünyəvi dövlətlərin tarixdə yaranması millətçiliklə sıx bağlı olub. Millətçiliyin demokratikləşməyə də təsiri çox olub.
Myanmara gəlincə, orada durum belədir. Hindistan yarımadasında riyaziyyata maraq çox böyükdür. Bunun tarixi izahı var, amma burada uzatmaq istəmirəm. Deməli, oradakı (Myanmarda) Müsəlmanlar 786 rəqəmini özlərinə rəmz seçiblər, dükanlarının və başqa mülkiyyət obyektlərinin üzərində bu rəqəmi yazırlar. Onların inancına görə (İslama numeroloji yozum gətiriblər). 786 rəqəmi "Bismilah ir-Rahman ir-Rahim" ifadəsinin anlamını verir. Buddistlərin də öz müqəddəs rəqəmi var - 969. Onlar da bu rəqəmi özlərinə siyasi rəmz seçiblər.
 Hətta "969 Hərəkatı" yaradıblar və müsəlmanlara qarşı çıxırlar. Buddistlər, Müsəlmanların 786 rəqəmində sayları üstəgəlib 21 rəqəmini alıblar (7+8+6=21) və bunu müsəlmanların 21-ci əsrdə Myanmarı tamamilə ələ keçirməyin gizli planı kimi yozurlar. Ona görə də, harada 786 rəqəminin yazıldığını görürlərsə, oranı dağıdırlar. Dinin siyasətə qarışdığı yerlərdə, dinin özündən asılı olmayaraq, belə işlər olur”.