Enrike futbolçularına: ''Deyəsən, çempion olmaq istəmirsiniz''

"Barselona"nın baş məşqçisi Luis Enrike La Liqanın 36-cı turunda "Betis"lə görüşün fasiləsində futbolçularını tənqid edib.
Turaninfo.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, buna Enrikenin komandasının ilk hissədəki oyunundan narazı qalması səbəb olub.
İspaniyalı mütəxəssis fasilədə futbolçularına bunları deyib: "La Liqada çempion olmaq istəyirsiniz? Hə, ya yox? Deyəsən, yox. Çünki sizin oyununuzda sürət və hərəkətlərinizdə intensivlik yoxdur. Elə təsəvvür yaranır ki, sanki biz mübarizə aparmırıq. Ya irəli gedəcəksiniz, ya da çempionluq titulu ilə vidalaşacağıq. Bu problemi həll etməlisiniz".
Qeyd edək ki, fasilədən sonra iki qol vuran "Barselona" oyundan 2:0 hesabı ilə qalib ayrılıb. Hazırda 85 xalı olan Kataloniya təmsilçisi "Atletiko" ilə birgə turnir cədvəlinə başçılıq edir.