Emin Millinin qaynı məhkəmə zalından azadlığa buraxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.
"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Adil İsmayılov müdafiə çıxış edib.
O, məhkəmədən N.Ağabəyova bəraət hökmü çıxarılmasını istəyib.
Daha sonra N.Ağabəyov heç vaxt narkotikdən istifadə etmədiyini deyib:
"Ekpertizanın rəyində də göstərildi ki, qanımda narkotik maddəsi yoxdur. Tutulmağımın səbəbi qohumum Emin Millidirsə, mən həmişə dövlətimizi dəstəkləmişəm. Vəkilimin çıxışı ilə razıyam".
Məhkəmə heyəti müşavirə otağına yollanıb. Müşavirədən qayıdan məhkəmə kollegiyası hökm oxuyub.
Məhkəmənin hökmü ilə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib. O, məhkəmə zalından azadlığıa buraxılıb.
Xatırladaq ki, ötən iclasda dövlət ittihamçısı çıxışında N.Ağabəyovun 7 il azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, narkotik maddələrin satışında ittiham edilən N.Ağabəyov rəssam Mais Ağabəyovun oğlu, "Meydan" TV-nin direktoru Emin Millinin qaynıdır. O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərinə və avtomobilinə baxış zamanı heroin aşkarlanıb.