Elxan Süleymanov II dünya müharibəsi veteranları ilə görüşdü

Şamaxının millət vəkili Elxan Süleymanov Şamaxı şəhərindəki qərargahında bu rayondan olan II dünya müharibəsinin iştirakçıları ilə görüşüb.
Millət vəkilinin Şamaxıdakı səlahiyyətli nümayəndəsi Dəyanət Musayevin verdiyi məlumata görə, görüşdə müharibə veteranları – Mirağa Əhlimanov, Qədir Qədirov, Ağaməsim Mütəllimov, Eyni Qəribov, Qiyasəddin Babayev və Şamaxı rayon Əmək və Müharibə Veteranları Şurasının sədri Ağarza Bayramov iştirak edib.
Veteranları Qələbə Günü münasibəti ilə təbrik edən millət vəkili faşizm üzərində qələbənin əhəmiyyətini vurğulayıb və onun qazanılmasında azərbaycanlıların, o cümlədən də şamaxılıların  da böyük xidmətləri olduğunu qeyd edib.
Elxan Süleymanov bu gün də Azərbaycan Milli Ordusunda xidmət edən gənclərin İkinci Dünya müharibəsi qəhrəmanlarının şücaətini döyüş meydanında davam etdirdiklərini bildirib.
Görüşün sonunda veteranlara hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.