Elxan Süleymanov İdarəçilik Akademiyasında Qarabağa dair petisiyanı müzakirə etdi

Petisiyanı imzayanların sayı 103 minə çatır
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanov Barak Obama administrasiyasına ünvanladığı Dağlıq Qarabağla bağlı "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" petisiya layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüşüb.
Akademiyanın rektoru Urxan Ələkbərov "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" petisiya layihəsinin əhəmiyyətindən, AVCİYA rəhbərliyinin beynəlxalq fəaliyyətindən danışıb.
 Deputat Elxan Süleymanov bildirib ki, Ağ Evin saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı petisiyada imzaların sayı 100 mini keçib: "Bu, bizim üçün böyük uğurdur. Bizim çağırışımıza qoşulan, dəstək olan bütün həmvətənlərimə təşəkkürümü bildirirəm. Dövlət İdarəçilik Akademiyası Azərbaycanın ictimai-siyasi idarəçiliyində öz yeri olan əhəmiyyətli təhsil olacaqlarından biridir. Bu akademiyada təhsil alan hər kəsi fəal olmağa, səsimizə səs verməyə çağırıram".

 Assosiasiya sədri bildirib ki, səsvermədə 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Müraciətə qoşulanlar Obama administrasiyasını AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş  Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırlar.
 Qeyd edək ki, Ağ Evin saytında açılmış petisiyaya
https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-... linkinə daxil olmaqla səs vermək mümkündür.
Ağ Evin rəsmi internet səhifəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaradılan “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması Naminə” adlı petisiyanı imzalayanların sayı 103 minə çatır. Qeyd edək ki, petisiyaya aprelin 6-da start verilib və cəmi 1 həftə ərzində 103 min imza verilib.
Petisiyanın müəllifi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA ) prezidenti, millət vəkili Elxan Süleymanovdur.
Qeyd edək ki, petisiyaya Barak Obamanın münasibət bildirməsi üçün 100 min imza tələb olunur. Amma AVCİYA bildirib ki, 100 min imza ilə kifayətlənməyərək, qarşıdakı müddətdə daha 100 min imza toplanılacaq.