Elxan Şahinoğlu: "5 rayon azad edilməsə ordumuz bir az da irəriləyəcək"

Ermənistan danışıqlarda öz xoşuna 5 rayonu azad etməsə, atəşkəs yaxın günlərdə yenidən pozulacaq və ordumuz bir az da irəriləyəcək.
Turaninfo.az Axar.az-a istinadən  xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu cəbhədə əldə olunan atəşkəsə münasibət bildirərkən deyib.
Ekspertin sözlərinə görə, 5 rayonun azad edilməsi artıq gündəmdədir:
“Cəbhədəki vəziyyəti Prezident və Müdafiə nazirindən yaxşı bilən yoxdur. Ona görə də əgər Prezident atəşkəsə razılaşıbsa, həm cəbhədəki vəziyyətə, həm də gedən diplomatik danışıqlara görə bu qərarı verib.
Ancaq hesab edirəm ki, Ermənistan danışıqlarda öz xoşuna 5 rayonu azad etməsə və bundan sonra danışıqlarda pozitiv mövqe göstərməsə, atəşkəs yenidən pozulacaq və ordumuz bir az da irəriləyəcək. Bütün iplər Moskvanın əlindədir. Əgər Kreml müharibənin davamını istəmirsə, Ermənistan prezidenti Serj Sərkisyanı ilkin şərt irəli sürmədən 5 rayonu azad etməyə məcbur etməlidir. Əks halda, yəni danışıqlar yenə uzanacaqsa, bunun davamının nə olacağını artıq ermənilər yaxşıca anladılar”.
Sarkisyanın ölkədə mövqeyinin zəiflədiyini deyən politoloq Ermənistanda siyasi gərginliyin artacağını proqnozlaşdırır:
“Məsələnin başqa tərəfi də var. Sərkisyanın ölkə daxilində mövqeləri zəiflədi. O, həm 22 ildir işğal altında saxladığı torpaqların bir hissəsini itirdi, həm də canlı qüvvə və texnikası azaldı. Ermənistan kasıb və əhalisi azalan dövlətdir. Bu itkilərin yerini doldurmaq, hərbə kasıb büdcədən pul xərcləmək, eyni zamanda, vətəndaşlara övladlarının itkisini başa salmaq çətindir. Ən azı İrvandakı əsgər anaları “Sən qarabağlısan deyə, bizim övladları Ermənistandan kənarda ölümə göndərməlisən?!” şüarı ilə Sərkisyanı dinc buraxmırlar. Digər tərəfdən, Ermənistandakı müxtəlif siyasi qruplar bir müddət sonra məğlubiyyətin və itkilərin hesabını Sərkisyandan soruşacaqlar. Onlara elə bu cür fürsət lazım idi.
Sarkisyanın iki yolu var: Ya müvəqqəti atəşkəsdən sonra Qarabağda itirdiyi mövqeləri yenidən geri almağa çalışacaq, ancaq bu uzunmüddətli müharibə ilə yanaşı, Ermənistanın itkilərinin artması demək olacaq, ya da itirdikləri ilə barışaraq, üstəgəl münaqişənin həlli ilə bağlı mərhələli həll planına yaşıl işıq yandıracaq. Ancaq bu yollardan hər hansı birinin seçimi Sərkisyanın siyasi karyerasının sonunu gətirəcək. Bir də: Sərkisyan mərhələli həll planına razılaşacaqsa, ondan soruşmazlarmı, əgər belə idisə, 1990-cı illərin ortalarında eyni plana razılaşan Ermənistanın qanuni prezidenti Levon Ter-Petrosyanı niyə devirirdiniz?”