Elnur Aslanovun gizli Türkiyə planı - Hədəf nədir?

 
Azərbaycanda FETÖ şəbəkəsinin üzdə olan və bəlli ismi, Prezident Administrasiyasının keçmiş şöbə müdiri Elnur Aslanovun Türkiyədə növbəti planın icrasına başladığı haqda daxil olan məlumatlar getdikcə ciddiləşir.
 
Axar.az xəbər verir ki, dövlət maraqlarına zidd mövqeyinə görə strateji vəzifədən uzaqlaşdırılan E.Aslanov Azərbaycan hakimiyyətindən bu və ya digər formada incik düşən şəxslərlə birləşərək, Türkiyədə AKP-nin etimadını qazanmağa və ölkə hakimiyyətinə təsir imkanları əldə etməyə çalışır.
 
Gələn məlumatlarda isə bu planın icrası istiqamətində E.Aslanovun ən etibarlı adamdan - anası, keçmiş deputat Rəbiyyət Aslanovanın fəaliyyətindən istifadə etdiyi bildirilir. Belə ki, R.Aslanovanın hazırda Türkiyədə bu istiqamətdə görüşlərə hazırlaşdığı iddia edilir.
 
Qeyd olunur ki, 15 iyul qiyam cəhdindən sonra Türkiyədə FETÖ-ya qarşı aparılan sərt mübarizə Pensilvaniya mollasının yeni taktika seçməsinə səbəb olub. Özlərini qorumaq və gülənçi olmadıqlarını sübut etmək üçün bütün imkanlardan istifadə tövsiyə edilən fətullahçılara indi də AKP-nin etimadını qazanmaqla, FETÖ mübarizəsində yer almaq və hədəflərin istiqamətini dəyişmək tapşırığı verilib.
 
İddiaya görə, avqust ayında E.Aslanovun hazırda çalışdığı Rabitə və Yüksək Texnologiyalar nazirliyindəki işindən “qısamüddətli ezamiyyət” götürərək ölkəni tərk etməsi də planın tərkib hissəsi olub.
 
Maraqlıdır ki, avqustun 23-də Elnur Aslanovun məzuniyyətə çıxaraq, ölkədən getməsi barədə Axar.az-ın tirajladığı xəbərə qarşı tərəfdən təzadlı reaksiyalar gəlmişdi. E.Aslanovun yaxınları mediaya açıqlamasında şöbə müdirinin “övladının səhhəti ilə əlaqədar” Türkiyəyə getdiyini və “bu axşam” geri qayıdacağını açıqladılar. E.Aslanovun özü isə mediaya az sonra verdiyi açıqlamasında məzuniyyətini ölkə daxilində keçirdiyini və heç yerə getmədiyini bildirdi.
 
E.Aslanovun doğmaları olduğu deyilən və tələsik mediaya açıqlama vermək öhdəliyi qoyulan şəxslərin övladının səhhəti ilə bağlı şöbə müdirinin Türkiyədə olduğunu və nədənsə məhz xəbərlərin yayıldığı günün axşamı geri dönəcəyini bildirməsininmi, yoxsa E.Aslanovun öz açıqlamasınınmı həqiqət olduğu bəlli deyil. Bəlli odur ki, E.Aslanov Türkiyədə fəaliyyətinin ictimailəşəcəyi təqdirdə qardaş ölkədə və Azərbaycanda problemlərlə üzləşəcəyini artıq tam yəqin etdi.
 
Bundan sonra isə planın Rəbiyyət Aslanova tərəfindən davam etdirildiyi barədə məlumat yayılıb. İddia olunur ki, bəlli səbəblərdən Milli Məclisdən kənarda qalan Rəbiyyət Aslanovanın hazırda siyasətdən tamamilə çəkilməsi və göz önündə olmaması faktı planın icrası öhdəliyini götürən komandanın işinə yarayır. Ona gərə də həm tanınmış, həm də etibarlı kadrdan istifadə edilir.
 
Məkrli planın məqsədi
 
Azərbaycanda FETÖ-yə qarşı mübarizənin Türkiyə və MİT məlumatları ilə koordinasiyalı şəkildə icrasından narahat olan Fətullah Gülən şəbəkəsi Türkiyə hakimiyyətində ifşa olunan və ya şübhəli kimi etimadını itirən kadrlarını Azərbaycanda etibarını itirən kadrları ilə əvəzləmək niyyətindədir. Hədəf isə daha çox FETÖ-çunun ifşa olunmasının qarşısını almaq naminə Türkiyə və Azərbaycan hüquq-mühafizə orqanları arasındakı mövcud sıx əlaqəni sarsıtmaqdır.
 
Məlumata görə, keçmiş ANS-çi, hazırda Türkiyədə yaşayan Sevil Nuriyeva da bu plana cəlb edilib. Vaxtilə Azərbaycanda gülənçilərlə çox sıx əlaqədə olan və bu əlaqələrindən geniş şəkildə bəhrələnən, Türkiyə arzusunu bu şəbəkə vasitəsilə gerçəkləşdirən S.Nuriyevaya ölkəmiz əlehyinə materiallar yayımlamaq tapşırığı verilib. Beləliklə, S.Nuriyevanın az öncə AKP-yə yaxın “Star” qəzetində Azərbaycanı FETÖ-ya qarşı mübarizə aparmamaqda suçlaması və Azərbaycanın bu məsələdə Türkiyəni aldatmasını bildirməsi FETÖ planının tərkib hissəsidir.
 
Türkiyədə gülənçilərə qarşı həssaslıqdan və hökumət içində bu şəbəkənin mövcudluğu səbəbindən böyük şübhələrdən bu məqamda FETÖ-çular bəhrələnməyə çalışır və AKP iqtidarına yeni “siyahı” vermək istəyirlər. Proses Balyoz və Ərgənəkon əməliyyatına uyğun aparılır, ancaq indi “FETÖ-ya qarşı mübarizə” çərçivəsində. Türkiyə iqtidarının silahından özünə qarşı istifadə etməyə girişən FETÖ-çuların “Azərbaycan üzrə nümayəndələri” cəzadan yayınmaq üçün Türkiyə-Azərbaycan əlaqələrinə kölgə salmağı hədəfləyiblər.
 
Milyarderlər İttifaqı dirildilir?
 
Gülənçilərin Su-24 oyunundan və Türkiyə-Rusiya münasibətlərinin sərinləşməsindən istifadə edərək, AKP iqtidarının etimadını qazanmaq yolunda Rusiyaya nifrinlər yağdırmaqdan çəkinməyən S.Nuriyevanın da daxil olduğu şəbəkə hazırda Moskva-Ankara yaxınlaşmasından bəhrələnmək istəyirlər. Rusiyadakı Milyarderlər İttifaqı ilə AKP-nin münasibətlərini qurmaq və Azərbaycan iqtidarını incik salmaq, paralel olaraq “Bakıda FETÖ-ya qarşı mübarizə aparılmır” qara piarı ilə qardaş ölkənin ən həssas məqamından sui-istifadə etməklə şübhə toxumu səpmək FETÖ şəbəkəsinin Azərbaycanla bağlı “komandasının” görəvidir.