​“Elmar müəllim deyibsə, ATƏT-in yeni kreativ nağıllarına inanmaq olar…” - Aqil Abbas

 
 
“Göydən 5 rayon düşdü” deyən yazıçı-publisist indi də, deyəsən, Minsk Qrupunun kreativ nağıllarından yazacaq…
 
Xəbər verdiyimiz kimi,  bu günlərdə Krakovda ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 6 saata yaxın davam edən  görüşü keçirilib. Xarici İşlər naziri Elmar Məmmədyarov  Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavabında belə deyib:“Həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb”... 
 
Bir neçə gün öncə Moderator.az-ın “Azərbaycan nağılları:Göydən beş rayon düşdü” köşə yazısını təqdim etdiyi millət vəkili, yazıçı-publisist Aqil Abbasın ATƏT-in Minsk qrupu həmsədrlərinin yeni kreativ fikirlər irəli sürməsi məsələsinə münasibətinə öyrəndik:
 
-Aqil müəllim, sizin “Göydən beş rayon düşdü” yazısında  Azərbaycanın işğal altındakı bölgələrinin guya qaytarılması haqda müxtəlif xarici siyasi dairələrin vədlərini nağılla müqayisə etməyiniz, rəhmətlik Nüsrət Kəsəmənlinin təbirincə “Daha nağıllara inanmıram” söyləməniz, deyəsən, həmsədrləri  hərəkətə gətirdi. Xarici İşlər naziri  Elmar Məmmədyarov da bundan həvəslənərək deyib ki, həmsədrlər bir sıra kreativ fikirlər irəli sürüb...    
 
-Vallah, nə deyim... Minsk Qrupu xarici işlər nazirlərini yenə görüşdürüb... Allah axırın xeyir eləsin.   Görüşlərlə bağlı mən fikrimi dəfələrlə demişəm. Bunun bir kəsə yolu var... İndi yenə hörmətli Elman Məmmədyarov deyir ki... Nədi, o söz? Dilim tutmur deməyə... Onun mənasını deyin, sonra cavab verim...
 
-Aqil müəllim, kreativ... Yəni, yaradıcı...
 
- Hə... Kreeeaativvv... Biz xarici sözlərdən ötrü ölürük. Yəqin bunun əvəzinə “yaradıcı” sözünü işlətmək olar da... Deyir, həmsədrlərin görüşü çox uzun və gərgin keçib. Çox ciddi görüş olub. Yəqin daha tez-tez görüşüb, daha ağıllı, yaradıcı təkliflər irəli sürəcəklər. Yəni, öz dilləri ilə desək, daha kreativ nağıllar düşünəcəklər...  İnşallah, yaxşı olar. O təkliflərin nədən ibarət olduğunu bilmirik... Amma əgər Elmar müəllim deyirsə, yaxşı olar...
 
- Onda belə çıxır ki, rəhmətlik Nüsrət Kəsəmənlinin dediyinin əksinə olaraq Qarabağ haqqında təzə nağıllara inanmalı olacağıq...
 
-Daha Xarici İşlər nazirimizin bu sözlərindən sonra artıq nağıllara inanmaq olar... Elmar müəllim deyirsə, inanmaq olar... İndiyədək adi nağıllara qulaq asırdıq. Bundan sonra yeni, kreativ nağıllara qulaq asacağıq...
Sultan Laçın

Загрузка...
Загрузка...