​Elmar Məmmədyarovun akademik atası: “AMEA-nın ləğvini istəyənlər...” - MÜSAHİBƏ

 
Müsahibimiz kimya elmləri doktoru, akademik Məhərrəm Məmmədyarovdur. AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri olan Məhərrəm müəllimlə çalışdığı müəssisədə görüşdük. 92 yaşlı qocaman alimlə işlədiyi laboratoriyanın əldə etdiyi nəticələr, kimya elminin vəziyyəti barədə söhbətləşdik. Qeyd edək ki, akademikin böyük oğlu Ayaz Məmmədyarov tibb sahəsinin nüfuzlu mütəxəssislərindən biri, kiçik oğlu Elmar Məmmədyarov isə Azərbaycanın hazırki xarici işlər naziridir.
Söhbətə Məhərrəm müəllimin də təklifi ilə Sovet dövrü ilə indiki zamanda elm müstəvisində müşahidə edilən fərqlərlə başladıq:
 
- Sovet dövründə rus dili dövlət dili idi və humanitar elmləri çıxmaq şərtilə bütün işlər rus dilində gedirdi. Respublikamız müstəqillik əldə etdikdən sonra bütün elmi planlar və perspektiv elmi proqramlar respublikamızın özündə tərtib olunur, bu sahədə işləyən kifayət qədər təcrübəli elmi işçilərimiz var. Bu işlərin yerinə yetirilməsinə isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən nəzarət olunur.
 
- Belə yanaşma da var ki, indiki dövrdə elm sahəsində qazanc olmadığına görə kişilər məcburən elmdən yan keçməli olur...
- Həqiqət belə deyil. Sizin qoyduğunuz bu fikrə münasibətdə mən tamam başqa mövqedən yanaşıram. İstedadlı, qabiliyyətli insanlar bütün çətinliklərə dözüb öz məqsədlərinin və ideyalarının arxasınca getməlidir. Elm yolunu özünün gələcək həyat yolu kimi qəbul edən kişilərə gəlincə, bu qəbildən olanların sayı kifayət qədərdir. Diplom, müxtəlif elmi dərəcələrə sahibi olmaq heç də hələ həqiqi alim olmaq deyil. Həqiqi alim olmaq sözün həqiqi mənasında elm fədaisi olmaq, bu çətin yolda bütün çətinliklərə dözmək deməkdir. Elmə oğlanların az gəlməyinin əsas səbəblərindən biri magistraturaya və doktoranturaya qəbul olunanlara hərbi çağırışdan möhlət hüququ verilməməsi idi və bu da artıq aradan qalxdı.
 
- Dolanışıq üçün əmək haqqı vacibdir, elmə üz tutan gənc evlənməli, ailə saxlamalıdır...
- Marksın  belə bir kəlamı var: “Elmdə hamar yol yoxdur. O şəxs elmin zirvəsinə çata bilər ki, dar və çətin yolları dəf edə bilsin”. Elm arxasınca gedən gənclər ilk öncə dərk etməlidirlər ki, bu yol asan yol deyildir və asan qazanc yeri də deyil. Bunun üçün isə o, hər çətinliyə dözməlidir. Əgər bu yolda gələcək həyatında, ailə məsələlərində müvəqqəti çətinliklər baş verərsə, o, bütün bunları cəsarətlə dəf etməli, gələcəyə ümidlə baxmalıdır. Digər tərəfdən əgər zəngin elmi potensiala malikdirsə, müxtəlif elmi proyektlərdə, qrant müsabiqələrində iştirak etməli, ailənin dolanışığı üçün yaradıcı işlərlə məşğul olmalıdır.
 
- Son zamanlar bu cür fikirlər səslənir ki, sovet dönəmində yaradılan AMEA ləğv olunmalıdır. Belə arqumentlər səsləndirilir ki, illərdir doktorantlar, dissertantlar yetişdirən bu qurum ortaya real iş qoya bilmir. Sizin yanaşmanız necədir?
- Bu məsələni qaldıranlar akademiyanın fəaliyyətindən xəbərsiz olan adamlardır. Respublikamızda fundamental və tətbiqi elmlərin inkişafı sahəsində AMEA-nın rolu əvəzolunmazdır. O, millətin intellektual səviyyəsinin təzahürüdür. Elmin bütün istiqamətlərində, xüsusən də kimya və neft-kimyası sahəsində çox böyük uğurlar əldə olunub. AMEA-nın ləğv olunması fikrinə gəlincə, mənim bu məsələyə münasibətim birmənalıdır: Elmlər Akademiyası bütün fundamental elmləri özündə birləşdirən və gələcəyə ötürən elm məbədidir. Orada elmin bütün sahələri üzrə geniş elmi-tədqiqat işləri aparılır, bütün elmi nəticələr araşdırılır və çıxarılan mühüm nəticələr sənayenin, tibbin, kənd təsərrüfatının, hərbi və mülki texnikanın istifadəsi üçün tövsiyələr şəklində hazırlanır. Bütün bu deyilənlərin istifadəsi və tətbiqi üçün isə dövlətin bilavasitə nəzarəti və bu sahəyə marağı olan sahibkarların cəlb olunması vacib şərtlərdəndir. Konkret olaraq götürək mənim rəhbərlik etdiyim “Sintetik sürtkü yağları” laboratoriyasını, burada müasir tələblərə cavab verən, yüksək temperatura davamlı sürtkü yağları sintez olunur. İndiki dövrdə neft yağları kəskin iş rejimində tələbatı ödəmədiyindən yüksək keyfiyyətli sürtkü yağlarının sintezi günümüzün real tələbidir. Vaxtilə SSRİ dönəmində laboratoriyada sintez olunmuş sürtkü yağları SSRİ-nin aparıcı müəssisələr kimi tanınan (Moskva, Sank-Peterburq, Kiyev, Ufa, Severodonetsk şəhərlərində) müəssisələrdə sınaqlardan uğurla keçib, aviasiya yağlarının əsası i, yüksək temperatura davamlı yağlayıcılar, yüksək təzyiq altında işləyən kompressor yağları (xarici “Ondina” yağını əvəz edən), xüsusi təyinatlı cihaz yağları (sualtı hərbi və mülki gəmilərdə), xüsusi təyinatlı soyuducu-yağlayıcı mayelər kimi və s. istifadəsi tövsiyə olunub. Əfsuslar olsun ki, bizim tərəfimizdən sintez olunan sürtkü yağlarımıza respublikamızda maraq göstərən müəssisə kifayət qədər deyil. Bu gün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda fəaliyyət göstərən katalitik krekinq qurğusunda istifadə olunan proses bizim institutda yaradılıb və ölkəni yüksək oktanlı benzin ilə təmin etməyə imkan verir. İnstitutun bir çox işləri SSRİ və Respublika miqyasında sənaye miqyasında tətbiq olunub. Hazırda bir sıra yeni proseslər yaradılır. İctimai elmlər bölməsinin institutlarının bir sıra əsərləri ingilis, fransız və digər dillərdə çap olunub və düşmənlərlə məlumat müharibəsində əvəzsiz sənədlərdir.
 
- Azərbaycanda sizin laboratoriyanın sintez etdiyi sürtkü yağlarına diqqət yetirilməməsinin səbəbi nədir?
- Məni də bu məsələ çox düşündürür. Elmdə ən çətin mərhələ əldə olunan nəticələri həyata keçirməkdir. Bu, bütün dünyada belədir.
 
- Yağların tətbiqi üçün iş adamlarına müraciət etmisinizmi? Bu baxımdan yerli istehsal daha çox gəlir gətirə bilər...
- Sürtkü yağlarının istifadəsi haqda iş adamlarına müraciət olunmayıb. İş adamlarına müraciət etmək üçün müəyyən əlaqələndirici təşkilatın olması vacibdir. Təəssüflər olsun ki, respublikamızda hələ belə bir orqan yoxdur.
 
- Məhərrəm müəllim, kiçik oğlunuz Elmar Məmmədyarov Azərbaycanın xarici işlər naziridir. Onun diplomatiya sahəsində seçimini Sizin məsləhətinizlə etmişdi?
- Xeyr, öz seçimidir.
 
- Söhbətimiz boyu nitqinizə diqqət elədim, rus dilində təhsil alsanız da, Azərbaycan dilində çox səlis danışırsınız. Nazir postunda əyləşən oğlunuz Elmar Məmmədyarovun Azərbaycan dilində danışığı isə vaxtaşırı tənqid olunur. Belə iradları yəqin özünüz də eşitmisiniz...
- Rus dilində təhsil almaq o dövr üçün təbii idi. Elmar da təhsilini rus dilində alıb və uzun müddət respublikadan kənarda yaşayıb. Bu, onunla əlaqədardır. Elmar Ukraynada, Rusiyada və ABŞ-da ali təhsil alarkən və elmi tədqiqatla məşğul olarkən ona orada qalıb işləmək təklif olunsa da, həmişə bundan imtina edib. Vətənini sevən insan kimi o, Azərbaycanda işləməyi və dövlətimizə qulluq etməyi hər şeydən üstün tutub. 
 
- Yeri gəlmişkən, indi rus, ingilis bölməsinə axın artıb, uşaqları bağçaya rus bölməsinə daha çox qoyurlar...
- Müstəqillik əldə edildikdən sonra cavanlarımızın respublikamızdan kənarda təhsil almaq seçimi genişlənib. Yəqin bu tendensiya onunla əlaqədardır. Həm də  cavanlarımız nə qədər çox dil bilsələr, o qədər yaxşıdır.
 
- Hər il Nobel mükafatı laureatlarının adı açıqlananda ədəbiyyatçılar iddia edirlər ki, Azərbaycanda bu mükafata layiq yazıçılar çoxdur. Nədənsə texniki sahənin mütəxəssislərinin iddiaları ilə heç vaxt rastlaşmırıq...
- Yazmaq icad etməkdən çox-çox asandır. Azərbaycan müstəqillik dövrünə təzəcə qədəm qoyduğundan bu sahədə elmin inkişafı hələlik Nobel mükafatına təqdim olunacaq səviyyəyə çatmayıb. Ümidvaram ki, elmə yeni istedadlı gənclər gələcək, elmimizin yüksək səviyyədə inkişafını təmin edəcək, elmdə yüksək nəticələr əldə olunduqdan sonra Nobel mükafatı məsələsi daha da reallaşacaq.
 
- Dünya səviyyəsinə çıxa biləcək kimyaçılarımız varmı?
- Hazırda respublikamızda kifayət qədər səviyyəli və dünya miqyasında tanınan kimyaçılarımız var. Gələcəkdə respublikamız müstəqillik yolunda irəlilədikcə belə mütəxəssislərin sayının artması və dünya səviyyəli yeni gənc mütəxəssislərin yetişməsi daha çox olacaq. Bu il oktyabrın 29-da akademik Abel Məhərrəmovun Rusiya Elmlər Akademiyasının xarici üzvü seçilməsi elmimizin, xüsusən də kimya elminin uğuru sayıla bilər. 
 
- Sizcə, necə edək ki, elmimiz inkişaf etsin, gənclər gəlir gətirən sahələrə deyil, elmə daha çox meyl eləsin?
- Elmimiz inkişaf üçün dünya elminə inteqrasiya olunmalıdır. Bu məqsədlə gənc, istedadlı kadrların yetişməsi üçün onlara şərait yaradılmalı, inkişaf etmiş xarici ölkələrlə əlaqələr genişləndirilməli, bu ölkələrlə birgə, fundamental işlərin aparılması daim diqqət mərkəzində olmalıdır. Dövlətimiz Azərbaycanda elmin inkişafına xüsusi diqqət ayırır. Bu gün AMEA-da güclü islahatlar gedir. Elm ilə təhsilin inteqrasiyası güclənir. AMEA-da magistratura pilləsinin açılması elmin gələcəyi üçün kadr hazırlığında çox mühüm addımdır.
 
- Sonda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sual ünvanlamaq istərdim, bir ziyalı kimi Qarabağ münaqişəsinin həllini necə görürsünüz?
- Qarabağ torpağı tarixən Azərbaycan ərazisi olub və gələcəkdə də bizim olacaqdır.  Hazırda bu məsələnin güclü dövlətlərin əlində bir vasitə kimi istifadə olunmasına baxmayaraq,  “Parçala, hökmranlıq elə” prinsipi bu gün də qüvvədədir. Mən gələcəyə ümidlə baxıram və bu problemin ədalətli həllinin yaxın zamanlarda reallaşacağına inanıram. İndi Azərbaycanın güclü ordusu var. Ölkəmizin beynəlxalq nüfuzu çox yüksəkdir. Artıq dünya bilir ki, kim haqlı, kim haqsızdır.