​Elmar Məmmədov dostu Samir Şərifov üçün necə başağrısına çevriləcək? - Dollar qalmaqalı böyüyür

 
Azərbaycan Beynəlxalq Bankının rəhbərliyindəki dəyişiklik maliyyə naziri Samir Şərifova ciddi zərbə kimi qiymətləndirilir
 
Ekspertlər 24saat.org-a bildirir ki, Samir Şərifovun çox yaxın dostu olan Elmar Məmmədovun az qala sabotajda ittiham edilməsi maliyyə böhranı başlayandan sonra hakimiyyətdə aparıcı fiqura çevrilən Samir Şərifovun nüfuzunu ciddi şəkildə aşağı sala bilər.
 
Bu yerdə qeyd edək ki, Samir Şərifovla Elmar Məmmədovun dostluğu uzun illərə dayanır. “Azsığorta” şirkətinin rəhbəri Məmməd Məmmədovun oğlu Elmar Məmmədovun maliyyə sahəsində parlamasında Samir Şərifovun böyük rolu olub. Üzərində maliyyə nazirin ciddi dəstəyini hiss edən Elmar Məmmədov “KapitalBank”ın rəhbəri vəzifəsinə qədər yüksəlib. Lakin bir neçə ildən sonra naməlum səbəblərdən vəzifəsindən kənarlaşdırılıb. Elmar Məmmədovun “KapitalBank”ın rəhbəri vəzifəsinə əlvida deməsi sovet dövründən qalan əmanətlərin geri qaytarılması prosesindən sonraya təsadüf edir. Bu da həmin prosesdə hansısa neqativ halların üzə çıxma və nəticədə Elmar Məmmədovun vəzifəsindən kənaralaşdırılması ehtimalını gücləndirir.
 
Lakin Elmar Məmmədovun işsizliyi qısa sürüb. Samir Şərifov onu “AzərTürkBank”ın rəhbəri vəzifəsinə gətirib. Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”na qədər Elmar Məmmədov “AzərTürkBank”da növbəsini gözləyib. Cahangir Hacıyevin Beynəlxanq Bankın rəhbərliyindən istefa verməsindən sonra güman ki, Samir Şərifovun təqdimatı ilə sözügedən bankın başına gətirilib. Amma bu vəzifəsi qısa müddətli oldu. Mediada yayılan məlumatlarda iddia edilir ki, Elmar Məmmədov “qara bazar”a dollar ötürülməsinə görə cəzalandırılıb. Bəzi məlumatlarda isə Elmar Məmmədovun işdən çıxarılmasının səbəbi kimi Cahangir Hacıyevin son bəyanatında Beynəlxalq Bankın özündən sonrakı rəhbərliyini kəskin tənqid etməsi və maliyyə əməliyyayları barədə bəzi faktları açıqlaması göstərilir.
 
Bu səbəblərin hər ikisi Samir Şərifov üçün başağrıdır. Maliyyə nazirinin rəqiblərinin bu faktdan yararlanacaqları şübhə doğurmur. Onsuz da Samir Şərifov büdcənin doldurulması ilə bağlı müəyyən təklifləri ilə hədəfə gəlmişdi. Biz hələ onu demirik ki, baş nazir postu uğrunda mübarizəyə Samir Şərifovun da qoşulduğu bildirilirdi. İddialara görə, maliyyə böhranından sonra prezidentin etimadını qazanaraq önə çıxan Samir Şərifovun baş nazir postuna gedən yolu açmaq üçün rəqiblərini sıradan çıxarmaq cəhdləri aydın sezilirdi. İndisə qarşı tərəf üçün əlverişli məqam yetişib.
 
Bundan başqa, ölkədə dollar qıtlığı olduğu bir ərəfədə “AzərTürkBank”ın rahat şəkildə dollar satmağı da maraqlı görünürdü. Görünür, dollarlar təkcə “qara bazar”a ötürülməyib. Daha çox mənfəət əldə etmək üçün “AzərTürkBank”a münasibət digərlərindən fərqli olub. Bu bankın Samir Şərifova yaxın olması onun maliyyə bazarında əsas söz sahiblərindən birinə çevrəlməsinə səbəb olub. İstisna deyil ki, bu bankla bağlı da araşdırmalara aparılacaq.
 
Yeri gəlmişkən, Samir Şərifovla bağlı üçtərəfli agent qalmaqalı da hələ yaddaşlardan silinməyib…

Загрузка...
Загрузка...