Elman Rüstəmovu kim və niyə susdurdu?

 
Qubad İbadoğlu: “Belə bir həssas zamanda mətbuata açıq olmaq lazımdır”; Mehman Əliyev: “Yəqin əsəblərini kontrol edə bilmir, amma məmur həmişə soyuqqanlı olmalıdır”
 
Elçin Şıxlı: “Onun devalvasiya ilə bağlı proqnozu yalan çıxıb deyə, görünür, danışmaq istəməyib”
 
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun “Baku-2016″ 42-ci Şahmat Olimpiadasının açılışından öncə keçirilən mətbuat konfransında iştirak edərkən, jurnalistlərin manatın taleyi ilə bağlı sualını cavabsız qoyaraq zalı tərk etməsi media mənsublarının haqlı narazılığına səbəb olub. Milli valyutanın getdikcə dəyərdən düşməsi, dollarla bağlı yaranmış ajiotaj fonunda baş bankirin susması və medianın suallarından yayınması anlaşılan deyil.
Digər tərəfdən, Elman Rüstəmovun bu addımı dolların kəskin bahalaşmasına bir mesaj kimi qiymətləndirilib. Bu fikirdə olanlar hesab edir ki, əgər devalvasiya gözlənilməsəydi, E.Rüstəmov hər zaman olduğu kimi, bunu media qarşısında səsləndirərdi. Hesab edirlər ki, E.Rüstəmovun susması dolların kəskin bahalaşmasının əlaməti ola bilər.
İqtisadçı ekspert Qubad İbadoğlu “Yeni Müsavat”a açıqlamasında bildirib ki, baş bankirin hazırkı situasiyada manatın taleyi ilə bağlı suallara cavab verməməsi yanlış addımdır: “Bu mövzuda danışmaq səlahiyyəti ən çox Elman Rüstəmova məxsusdur. Onun informasiyası bizimkindən daha çoxdur, eyni zamanda onun Azərbaycanda pul-kredit siyasətinin tənzimlənməsi ilə bağlı məsuliyyəti var. Bu baxımdan, təbii ki, onun manatın taleyi ilə bağlı suallara cavab verməməsini yanlış hesab edirəm. İstənilən  məmur mətbuatla təmasa üstünlük verməlidir. Üstəgəl, belə bir həssas zamanda mətbuata açıq olmaq gərəkdir. Mən gözləyirdim ki, Mərkəzi Bankın bəyanatı olacaq. Çünki valyuta bazarında gərginlikdir. Azad şəkildə sərbəst dönərli valyuta almaq olmur, nə dollar, nə də avro almaq mümkündür. Hesablaşma demək olar ki, dayanıb. Belə olan halda, baş bankirin sözünə daha çox ehtiyac yaranır və onun danışması hər bir istehlakçı üçün, o cümlədən biznes mühiti üçün çox əhəmiyyətlidir, faydalıdır”.

Buna baxmayaraq, iqtisadçı ekspert Elman Rüstəmovun bu addımını devalvasiyaya xəbərdarlıq kimi qiymətləndirməyib: “İnanmıram ki, Elman Rüstəmovun bu susqunluğu birbaşa kəskin devalvasiya ilə əlaqəli olsun. Onsuz da hər gün devalvasiya gedir. Bizim gözlədiyimiz kəskin devalvasiya üçün tələb var, lakin bu, birbaşa Mərkəzi Bankın qərarından asılıdır. İndiki halda AMB məzənnə siyasətini kəskin devalvasiya üzərində də qura bilər, yumşaq devalvasiya üzərində də. Bu, inzibatı yolla tənzimlənən bir siyasətdir, burada bazar qüvvələri rol oynamır. Bazarda tələb-təklif müstəvisində baş verənlər belə bir devalvasiyanın baş verməsi üçün əsas yaradır. Lakin qərar vermək bank sistemini idarə edənlərin əlindədir”.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev vurğuladı ki, dövlət məmuru olaraq E.Rüstəmov bu suala cavab verməyə borclu idi: “Elman Rüstəmovun bu addımı doğru deyil. Düzdür, başa düşürük ki, o, əsəbidir. Manatın hazırkı vəziyyətinə görə məsuliyyət daşıyır və görünür, əsəblərini kontrol edə bilmir. Amma mən hesab edirəm ki, belə vəziyyətlərdə məmur həmişə soyuqqanlı olmalıdır. Gördüyü əməllərə görə cavab verməlidir. Bu, onun vəzifəsidir. Ona görə də nəinki jurnalist, sadə vətəndaş da sual verirsə, məmur özünü belə apara bilməz”.


 
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə xarici media təcrübəsində məmurların cavab verməməsi praktikasının mövcud olduğunu qeyd etdi: “Bu, adi bir praktikadır. Buna ”no komment” deyirlər. Yəni “şərh vermək, danışmaq istəmirəm, deməyə sözüm yoxdur”. Gərək Elman Rüstəmov “no komment” deyib gedəydi, ancaq o kəlməni işlətməyib, bəlkə də, sadəcə olaraq, unudub. Təbii ki, manat üçün bu qədər həssas məqamda informasiya verilməlidir. Lakin görünür, bu məsələ təkcə Elman Rüstəmovdan asılı olmadığı üçün o, birmənalı şəkildə cavab verə bilmir. Əgər ondan asılı olsaydı, yəqin ki, cavab verərdi. Bir sıra strukturlarımız var ki, onların uzlaşdırılmış işi və cavabı olmalıdır. Mən belə başa düşürəm ki, uzlaşdırılmış bir siyasət yoxdur. Problem də bundan yaradır. Elman Rüstəmov bir söz deyir, sabah başqa bir iqtisadi strukturun rəhbəri onun dediyinin əksinə hərəkət edir. Nəticədə Elman Rüstəmov yalançı çıxır, ona görə də danışmaq istəmir. Yadınızdadırsa, iki-üç dəfə Elman Rüstəmov devalvasiya ilə bağlı proqnoz verib, hər dəfə də əksi çıxıb. Görünür, ona görə danışmaq istəmir”.