Elman Rüstəmovdan manat açıqlaması

 
“Azərbaycanda makroiqtisadi sabitliyin təmin olunmasını və yeni iqtisadi artıma keçidi nəzərdə tutan tədbirlər planı üzərində işlənilir”.
 
Turaninfo.az” “APA-Economics”ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
 
E. Rüstəmov sənədin hələ razılaşdırılmamasını əsas gətirərək, detallar barədə məlumat verməyib. “Bilirsiniz ki, ölkədə Maliyyə Sabitliyi Şurası yaradılıb. Bu Şurada olduqca ciddi iş, müzakirələr gedir. Şurada gedən müzakirələr makroiqtisadi sabitliyin təmin olunması, struktur və sosial islahat məsələlərini də əhatə edir”, - deyə E.Rüstəmov vurğulayıb.
 
“Report”un məlumatına görə isə Elman Rüstəmov deyib ki, Azərbaycan manatı neftin qiymətinin 45-50 dollar/barel səviyyəsində üzməsinə adaptasiya olunub: “Son məqsəd insanların, dövlətin gəlirlərinin artırılmasıdır. Maliyyə Sabitliyi Şurası yaradılıb. Bu şurada ciddi iş gedir, müzakirələr aparılır. Ölkədə makroiqsadi sabitliyin təmini, struktur, sosial islahatları əhatə edən yeni iqtisadi artım modelinə keçid üçün iş aparılır. Bu sənəd razılaşdırılmamışdan öncə həssas mövzulara izahat vermək imkanımız məhduddur”.