Elm “ölüləri diriltməyə” hazırlaşır

“The Daily Telegraph” qəzeti yazır ki, ABŞ-ın hakimiyyət orqanları alimlərin beynin regenerasiyası
tərübələrini keçirməsinə icazə verib.
Qeyri-elmi dildə bu, ölmüş beynin dirildilməsi deməkdir.
Məqalədə deyilir ki, ABŞ-ın biotex şirkətlərindən birinə beyinləri kliniki baxımdan ölmüş 20 pasientin üzərində təcrübə aparmaq üçün “etik icazə” verilib.
Alimlər mərkəzi sinir sisteminin “həyata qaytarılmasının” mümkün olub-olmadığını araşdıracaqlar.
“The Telegraph” yazır ki, sözü gedən əməliyyatlar zamanı gövdə hüceyrələri və peptidlərin “kokteylindən”, habelə lazer və sinir stimulyasiyası texnikasından istifadə ediləcək.
İndiyədək bu üsullardan insanların koma vəziyyətindən çıxarılması üçün istifadə edilib.
Beyin “tarixçəsi”
Bu təcrübədə iştirak edənlər artıq ölmüş şəxs şəhadətnaməsi olanlar və yalnız süni həyat aparatının köməyi ilə sağ saxlananlardır.
Onların üzərində əməliyyat aylarla davam etdiriləcək və bu zaman onların beyinləri təsvirləmə qurğusunun müşahidəsi altında olacaq. Alimlər eyni vaxtda beyində, ələxüsus da onurğa beyninin beynə ən yaxın yuxarı hissəsində canlanma əlamətlərinin baş verib-vermədiyini öyrənəcəklər.
Onurğa beyninin bu hissəsi tənəffüs və ürək döyüntüsünə müstəqil olaraq nəzarət edir.
Alimlər qrupu inanır ki, beyin gövdə hüceyrələri, təcrübə altında olanların “beyin tarixçəsini” silərək onları “yeni həyata” qaytara bilər.
Belə bir proses canlı aləmdə müşahidə olunur. Məsələn suda-quruda yaşayan quyruqlular və bir sıra başqa heyvanlar itirilmiş ətraflarını tamamilə bərpa edə bilirlər.
Əbədiyyətə körpü
Bioquark Inc. şirkətinin rəhbəri doktor Ira Pastor deyir ki, bu, misli görünməmiş təcrübədir və ölümü geri döndərmək yolunda müstəsna cəhddir.
O bildirib ki, onlara artıq 20 mümkün pasient təqdim olunub və alimlər qrupu bunların arasından təcrübə üçün uyğun gələnləri seçəcək.
Pasientlərin donor orqanları ilə təchizatına dini və ya tibbi maneənin olub-olmadığı da öyrəniləcək.
Doktor Pastor bildirib ki, alimlər qrupu mövcud bioloji regenerasiya təbabəti alətləri ilə mərkəzi sinir sisteminin stimulyasiyası üçün işlədilən vasitələrin kombinasiyasından istifadə edəcək.
Alim deyib ki, ilkin nəticələr artıq 2-3 ay müddətində məlum olacaq.
“The Telegraph” yazır ki, ReAnima layihəsinə ABŞ və Hindistanın səhiyyə təsisatları icazə veriblər.
Bu layihənin “İlk İnsan Neyro-Regenerasiyası və Neyro-Reanimasiyası” adlanan birinci mərhələsi Hindistanın Uttarkand ştatındakı Anupam xəstəxanasında aparılacaq.
Peptidlər onurğa sütununa gündəlik qaydada sorğaclarla vurulacaq, gövdə hüceyrələri isə həftədə bir dəfə olmaqla 6 həftə ərzində yeridiləcək.
Doktor Pastor əlavə edib ki, bu, təcrübənin birinci mərhələsində məqsəd kimi qoyulmasa da, alimlər qrupu pasientlərin tam sağalacağına inanırlar.
İra Pastor bu hadisəni “əbədiyyətə körpü” adlandırıb.
Ölüm hələ ölmək deyil
Beyin gövdəsinin ölümü o deməkdir ki, pasientin heç bir beyin hüceyrəsi fəaliyyət göstərmir və o huşunu və tənəffüs qabiliyyətini birdəfəlik itirib.
“The Telegraph” yazır ki, beyin hüceyrələri ölmüş şəxs artıq rəsmən ölmüş şəxs kimi tanınır.
Buna baxmayaraq artıq kliniki ölmüş insanın bədəni texniki baxımdan qan dövranını, həzm prosesini, ifrazatı, hormonlar balansını, hüceyrə böyüməsini, seksual yetkinləşməni, yaraların sağalmasını, qızdırmanın artıb-azalmasını və uşaq doğmanı həyata keçirə bilir.
Bəzi son tədqiqatlar bunu da göstərib ki, hətta beyin hüceyrələrinin ölümündən sonra da beyində müəyyən elektrik fəallığı və qan dövranı davam edir, lakin bu, bütün bədənin tam funksiyasının icrasına imkan vermir.
“The Telegraph” yazır ki, insanlar əhəmiyyətli regenerativ qabiliyyətə malik olmasalar da, bir sıra heyvanlar, məsələn amfibiyalar və bəzi balıqlar öz beyinlərinin nəzərəçarpacaq hissəsini bərpa edə bilirlər.
Bu, uzun yolun başlanğıcıdır
Alimlər inanırlar ki, bu tədqiqat zamanı beynin ölümü gələcək araşdırmalar üçün daha dərindən öyrəniləcək.
Bioquark Inc. laboratoriyasının təsisçisi, prezidenti və baş elmi işçisi Sergey Payliyan deyir ki, bu biliklər insanların komadan çıxarılması, habelə Altsaymer və Parkinson xəstəliklərinin müalicəsi üçün faydalı ola bilər.
Bununla belə, bir sıra alimlər deyirlər ki, sözü gedən təcrübədən hər hansı nəticənin alınması o qədər də asan olmayacaq.
Cardiff Universitetininin neyroalimi professor Dean Burnett deyir ki, bəzi son təcrübələr insan beyninin əvvəllər düşünüldüyü qədər də “daşlaşmış” olmadığını göstərsə də, ölmüş beynin həyata qaytarılması elə də asan olmaya bilər.
Alimin firkincə, beynin müəyyən hissələrində fəallığın bərpası mümkün olsa da, ölmüş beynin tam dirilməsinə gedən yol hələ çox uzundur (BBC).